Məhkəmə qərarları › İş №2(103)-764/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-764/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-764/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə onun xeyrinə 30.000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla eyni binada, mənzilinin üstündəki mənzildə yaşayır. Cavabdehin məsuliyətsizliyi nəticəsində onun mənzilinə çirkli sular axıdılmış və nəticədə xəstələnmiş, həkimlərdə qalmışdır. Ancaq Cavabdeh buna məhəl qoymadan məzilinin stayaklarını su borularını təmir etdirməmişdir ki, nəticədə onun mənzli yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmış və məhkəmə araşdırması olmuş, yekun qətnamə çıxarılmışdır. Hazırda xəstələnmiş və xəstələnməsinə səbəb qonşu mənzildən çirkab suların axıdılması və üfunət olmuşdur. Binaya su axşam saat 8-də verilir, cavabdeh isə gün ərzində suyu açıq qoyur və nəticədə mənzilinə çirkli sular axıdılmışdır. Yaşadığı mənzilə cavabdeh tərəfindən axıdılmış çirkli sular nəticəsində xəstələnməsi və uzun müddət xəstə yatması həkimlərə, dava-dərmana verdiyi xərclər kimi, cavabdehdən mənəvi ziyan kimi pul tələb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində kompensasiyanın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənəvi ziyanla bağlı çəkdiyi xərcləri cavabdehdən tələb etməsinə baxmayaraq məhkəmə iddianı cüzi olaraq təmin etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi qanunsuz və ədalətsizdir. O, son üç ildir ki, Cavabdeh ona yetirdiyi zərərlə bağlı xəstəxanalarda müalicə almış, hazırkı vaxtdada müalicəsi davam olunur. Birinci instansiya məhkəməsi isə cavabdehin vurduğu mənəvi zərəri 500 manat qiymətləndimişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərdiklərinə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin təmin edilməyən hissəsindən narazı qaldığını bildirərək, qətnaməni həmin hissədə, yəni tutulmuş konpensasiyanın məbləği hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması və nəticədə iddiaçının mənəvi zərərə məruz qalması qanuni qüvvəsini almış məhkəmə aktları ilə sübuta yetirildiyinə görə, onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Lakin, məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq məsələ üzrə formalaşdırdığı hüquqi mövqeyini, həmçinin, maddi ziyanla bağlı qəbul olunmuş məhkəmə aktlarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin həcmi 500 manat məbləğində müəyyən edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4538/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabden Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənılməsi tələbinə dair” iddiası qismən təmin edilərək, 755 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 103 saylı binanın 3-cü mərtəbəsində yerləşən cavabdehə məxsus 149 saylı mənzil həmin binanın ikinci mərtəbəsində yerləşən iddiaçıya məxsus 147 saylı mənzilin üst mərtəbəsində (üstündə) yerləşir. Məhkəmə Ekspertiza Mərkəzinin 14397 saylı, 21.11.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinin 13,4 kv.m-dən ibarət yaşayış otağının divarları və tavanı üzərində sarımtıl su sızma ləkələrinin, mənzilin mətbəx tikilisinin divarları və tavanı üzərində sarımtıl su sızma ləkələrinin və döşəmənin boya qatının qabarması kimi halların olması müşahidə olunur. Ekspertin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus mənzilin tavanında, divarlarında və döşəməsində su sızma ləkələrinin olduğu nəzərə alınaraq, həmin mənzilin yuxarı mərtəbəsindəki 149 saylı mənzildən suyun sızması müəyyən edilmişdir.(İ.vər. 6 - 8) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 361/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilərək, Cavabdeh 1123 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.(İ.vər. 56 - 59) Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində mənəvi zərərə məruz qalmasına görə 30.000 (otuz min) manat pul tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi 500 (beş yüz) manat məbləğində pulu təmin etmişdir. Həmin məbləğin iddiaçının tam həcmdə sübut edə bilməməsini, amma cavabdehin hərəkəti nəticəsində iddiaçının xəstəliklər keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması iş materialları ilə təsdiq olunduğundan məhkəmə tələbi həmin hissədə ağlabatan və ədalətlilik baxımından təmin etmişdir ki, bu da səbəblə nəticə arasında məntiqi nəticənin təzahürü kimi dəyərləndirilməlidir. Göründüyü kimi, İddiaçı pul tələbini Cavabdeh mənzildən çirkab suların axıdılması və üfunətdən xəstələnməklə ona mənəvi zərər vurulması ilə əsaslandırmışdır. Lakin, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların tam təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-139/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar