Məhkəmə qərarları › İş №2(103)-7646/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7646/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7646/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxxxxxx» ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-404/20) iddia qismən təmin edilərək, «xxxxxxxxxxxx» ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2200 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh “xxxxxxxxxxxx” ASC apelyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində, yəni 2200 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutulması hissəsində dəyişdirilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı2 ilə “xxxxxxxxxxxx” ASC arasında MİB-11563/19 saylı Sığorta şəhadətnaməsi imzalanmış və “Mersedes Benz G AMG” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. Müqavilə üzrə sığorta məbləği 90.000 manat müəyyən edilmişdir, sığorta haqqı kimi 2430 manat pul ödənilmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və sığortalanan “Mersedes Benz G AMG” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilə 4200 manat məbləğində ziyan vurulmuşdur. Bu barədə dərhal qanunvericilikdə nəzərlə tutulmuş qaydada cavabdeh təşkilata məlumat verilmişdir. Müraciətlərinə cavab olaraq xx.xx.2019-cu il tarixli BS-C-19/1501 saylı məktubla “xxxxxxxxxxxx” ASC-dən onlara bildirilmişdir ki, müstəqil ekspert tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyan 340 manat məbləğində müəyyən edilmişdir. Lakin, zərərin məbləği şəhadətnamənin şərtlərinə əsasən azadolma məbləği həddini keçmədiyindən “xxxxxxxxxxxx” ASC-nin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar yoxdur. Tərəfindən digər müstəqil ekspertə müraciət olunmuş və xx.xx.2019-cu ildə Qüsur aktı tərtib olunmuş və vurulmuş zərərin məbləği 4200 manat müəyyən edilmişdir. Bunlardan 3600 manat ehtiyat hissələri, 600 manat isə usta pulu təşkil edir. Hesab edirlər ki, cavabdeh sığorta təşkilatı tamamilə qanunsuz olaraq sığorta pulunu verməkdən imtina edir. İlk növbədə heç bir halda cavabdehin qeyd etdiyi ziyanın məbləği ilə razı ola bilmərlər. Belə ki, qeyd olunan markalı avtomobilin bamperi - 2600 manat, ön sağ işığın eynəyi və led işığı - 350 manat, ön panelin sağ spolleri - 650 manat təşkil edir. Necə ola bilər ki, dəymiş ziyan cəmi 340 manat təşkil etsin? Avtomobilin markası yüksək məbləğ olduğundan, sığorta məbləği 90.000 manat təşkil edir. Belə ki, onun ehtiyat hissələri də bahadır. Cavabdeh “xxxxxxxxxxxx” ASC bütün vasitələrlə sığorta məbləğini ödəməkdən yayınmağa çalışır, öz öhdəliklərini yerinə yetirməkdən imtina edir. Bu da onların hüquqlarını kobud surətdə pozur. Sığorta şirkətinin imtinası nəticəsində onların qanunla bəyan edilmiş hüquqlarını pozulduğundan, hesab edirlər ki, 3000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etməyə haqlıdırlar. Göstərilənləri nəzərə alaraq iddiaçılar 4200 manat dəyərində sığorta məbləğinin, 126 manat dəbbə pulunun, 3000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 7356 manat pulun “xxxxxxxxxxxx” ASC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiyaya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, nə iddiaçı tərəfindən təqdim olunan, nə də məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə müəyyən edilmiş ziyan məbləğləri ilə razı deyil. Onlar dəfələrlə iddiaçıya bildirmişlər ki, avtomaşın onlara təqdim olunsun və həmin qüsur onların mütəxəssisləri tərəfindən aradan qaldırılacaqdır. İddiaçı bununla razılaşmamışdır. Ona görə də sığorta şirkətinin müəyyən etdiyi ziyan məbləğini real hesab edir, həmin məbləğ azadolma məbləğindən az olduğu üçün iddiaçıya düzgün olaraq sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Apelyasiya şikayətində həmçinin göstərilir ki, müstəqil ekspert R.Sadıxov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixdə “Mersedes Benz G55” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində həmin avtomobilə dəymiş zərər 340 manat məbləğində müəyyən edilmişdir. Mülki iş üzrə Səbail Rayon Məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq eksertizası təyin edilməsi haqqında qərardad qəbul edilməsinə baxmayaraq, iş üzrə ekspertizanın keçirilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. Həmin MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəy əsas kimi götürülə bilməz. Ümumiyyətlə, mülki iş üzrə ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasına həvalə olunmalı idi. Cavabdehin nümayəndəsi O.Şeydabəyov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı İddiaçılardan İddiaçı1 bundan əvvəl xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən izahat vermiş və apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Cavabdeh qətnamənin yalnız iddianı təmin edilən hissəsindən apelyasiya şikayəti vermişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni cavabdeh «xxxxxxxxxxxx» ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2200 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində pulun tutulması hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, MİB-11563/19 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən «xxxxxxxxxxxx» ASC tərəfindən sığortalı İddiaçı2 Hiyadət qızına məxsus "Mercedes Benz G55 AMG” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. Ümumi sığorta məbləği 90.000 manat, ümumi sığorta haqqı 2430 manat, hər bir hadisə üzrə azadolma məbləği 1000 manat, avtomobili idarə etmək səlahiyyəti olan şəxsin yaşı 21-dən aşağı olduğunda, avtomobili idarə etmək səlahiyyəti olan şəxsin sürücülük təcrübəsi 1 ildən az olduğunda, sığorta hadisəsi avtomobili idarə etmək səlahiyyəti olan şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş verdikdə azadolma məbləği hər bir hadisə üzrə 2000 manat təşkil etmişdir. MİB-11563/19 saylı sığorta şəhadətnaməsinə əlavəsinə əsasən xx.xx.2019-cu il tarixdən İddiaçı2 avtomobili idarə etdiyi zaman sığorta hadisəsi baş verərsə, şərtsiz azadolma məbləği 10.000 manat təşkil edəcək, MİB-11563/19 saylı sığorta şəhadətnaməsinin digər şərtləri dəyişməz olaraq qalmışdır. TP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı1 xx.xx.2019cu il tarixdə, saat 17.00-da Ağcabədi rayon ərazisində “Mercedes Benz G55 AMG” minik markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçıların tələbi cavabdehdən 4200 manat dəyərində sığorta məbləğinin, 126 manat dəbbə pulunun, 3000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 7356 manat pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli BQM-5 saylı qiymətləndirmə rəyinə əsasən «Merseces Benz G55 AMG» minik markalı **-RS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın dəyəri 4200 manat müəyyən edilmişdir. Həmin ziyanın 3600 manat hissəsi dəyişməli olan ehtiyat hissələri (ön amper, ön işığın eynəyi və led işığı və ön panelin sağ spolleri) təşkil edir, 600 manat hissəsi isə işçilər və onların xidmət haqqı tutur. Birinci instansiya məhkəməsi İddiaçı1 sürücülük vəsiqəsini xx.xx.2019-cu il tarixdə almasını (“Elektron məhkəmə” vasitəsi ilə əldə olunan məlumata əsasən) və hadisə törədilən vaxt onun sürücülük təcrübəsnin bir ildən az olmasını (hadisə xx.xx.2019-cu il tarixdə baş vermişdir), sürücülük təcrübəsinin bir ildən artıq olmasını təsdiq edən sübutların iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, sığortalı avtomaşına dəymiş ziyan məbləğindən 2000 manat azadolma məbləği çıxılmalı, yerdə qalan məbləğ isə - 2200 manat sığorta ödənişi kimi cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 442, 883-cü, «Sığorta fəaliyyəti haqqında» Qanunun 1.1.18-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh qətnaməni yalnız iddianın təmin olunan hissəsində, yəni «xxxxxxxxxxxx» ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2200 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində pulun tutulması hissəsində mübahisələndirmişdir. Apelyasiya şikayətinin əsas dəlilləri maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi barədədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Apelyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən zərərin məbləğinin düzgün müəyyən edilmədiyini, ekspert (mütəxəssis) rəyinin mötəbər olmadığını, təkrar (sonradan komisyon) ekspertiza təyin olunmasının zəruri olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhz dəymiş zərərin məbləği ilə bağlı təqdim olunan sənədlərdə fərq mövcud olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin olunmuş və rəy alınmışdır. Məhkəmə kollegiyası həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən etmədiyindən onunla razılaşır və təkrar, yaxud komisyon ekspertiza təyin olunmasına lüzum görmür. Məhkəmə kollegiyasının qənaətinə görə dəymiş zərərin məbləğinin “xxxxxxxxxxxx” ASC-nin eksperti tərəfindən 340 manat göstərilməsi, eləcə də yenidən qiymətləndirilmələr keçirilməsində təkid edilməsi cavabdehin sığorta ödənişindən yayınmaq istəyindən irəli gəlir. Hər bir halda, cavabdehin iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə razılaşmaması mütləq qaydada həmin rəyin əsassız olması anlamına gəlmək üçün əsas vermir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hazırki işdə maraqlı tərəf deyil, həmin cəmiyyətin tərtib etdiyi qiymətləndirmə rəyinin əsaslılığı heç bir şübhə doğurmur və buna görə də həmin rəy hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilikdə əmtəəşünaslıq ekspertizasının aparılmasının, əmlakın qiymətləndirilməsi xidmətinin göstərilməsinin mütləq qaydada Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilməsinə dair hər hansı konkret göstəriş yoxdur. Ona görə də birinci instansiya məhkəməsi iş üzrə təyin olunmuş ekspertizanın keçirilməsini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edərkən heç bir pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları və təkrar (komisyon) ekspertizanın keçirilməsi üçün MPM-nin 102-ci maddəsində nəzərdə tutulan əsasların mövcud olmadığını nəzərə alaraq apelyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh «xxxxxxxxxxxx» ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2200 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar