Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-766/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «əsassız ödənilmiş alimentin geri tələb edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2079/2024 saylı, 18 oktyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4784/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 03 noyabr 2010-cu il təvəllüdlü X6 və 27 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 170 manat müəyyən edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1831/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 27 iyul 2014-cü il təvəllüdlü X4 atası olmadığı müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı əsassız ödənilmiş alimentin geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7911,50 manatın və 106 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqlar X5 və X4 anasının yaninda qalmaları və uşaqların saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq Nərmin Süleymanovaya ödənilməsi qət edilmişdir. İşdən azad olunmağı ilə əlaqədar olaraq aliment ödənişinin sabit pul məbləğində tutulması zərurəti ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Nərmin Süleymanovaya ödənilməsi qət edilmişdir. Cavabdeh ilə rəsmi nikahda olduğu vaxtda 27 iyul 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. X2 Nərminə Telman qızı birgə nikahda olduğu vaxtda doğulsada, uşağın atası olmamağı ilə bağlı ciddi əsasları olduğundan, X4 atası olmamağı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etdi və Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, 27 iyul 2014-cü il təvəllüdlü X4 atası olmamağı müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixindən sonrakı dövr ərzində X5 və X1 üçün cavabdehə ümumilikdə 15823 manat məbləğində ailment ödənişi edilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 atası olmamağı müəyyən edildiyindən, ödənilmiş 15823 manat məbləğində ailmentin 50% hissəsi, yəni 7911,50 manat məbləği atası olmadığı uşağın saxlanılmasına sərf edilmişdir. Bu səbəbdən də 7911,50 manat məbləğində əsassız olaraq ödənilmiş alimentin geri qaytarılmasını Cavabdeh təklif etsə də, cavabdeh bundan imtina etmişdir
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2079/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, aliment məbləği xeyirlərinə aliment kəsilmiş şəxslərin dolanışıq ehtiyaclarına sərf edildiyi üçün qanunvericilik alimentin ödənilmiş məbləğinin geri tələb olunmasını, bir qayda olaraq, qadağan edir. Lakin yuxarıda qeyd olunduğu kimi qanunvericilik 3 istisna hal müəyyən etmişdir. Belə ki, ilkin istisna hal kimi aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edilməsi nəticəsində ödənilmiş alimentin geri tələb edilməsi halıdır. Belə olan halda ödənilmiş aliment məbləği təqsirkardan geri tələb edilə bilər. Digər istisna hal kimi məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktının məhkəmə hökmü ilə təsdiq edilməsi halıdır. Saxtalaşdırma ödənilmiş alimentin geri tələb olunması üçün o zaman əsas yaradır ki, həmin hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunsun. Sonuncu istisna hal isə odur ki, aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunsun. Bu halda isə qətnamənin ləğvi ödənilmiş aliment məbləğinin geri alınması üçün əsas deyil. Bunun üçün yekun akt qəbul edilməlidir. Hazırki işdə qeyd olunan istisna halların heç biri mövcud deyildir. Bundan başqa, iddiaçı alimenti ödədiyi zaman uşağın qanuni atası hesab edilirdi və aliment də ondan bu əsasla qanunvericiliyin tələbinə uyğun olaraq tutulmuşdur. Sözügedən qətnamələr isə iddiaçının yeni öyrənmiş olduğu və istinad etdiyi hal üzrə yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməmişdir və bu barədə qanuni qüvvəsini almamışdır. İddiaçının isə uşağın qanuni atası olduğunu öyrəndikdən sonra uşağın saxlanması üçün aliment ödəməkdə davam etdiyini təsdiq edən sübut isə iş materiallarında mövcud deyildir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv və iddianın rədd olunmasını xahiş edib şikayətində göstərir ki, X2 Nərminə Telman qızı ilə birgə nikahda olduqları vaxtda doğulsa da, uşağın atası olması ilə bağlı ciddi əsasları olduğundan, X4 atası olmaması bağlı iddia tələbi ilə məhkəməyə müraciət etdi və Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, onun 27 iyul 2014-cü il təvəllüdlü QuliyevTelman Fəxrin oğlunun atası olmamağı müəyyən edilmişdir. xx.xx.2019-cuil tarixindən sonrakı dövr ərzində X5 və X1 üçün cavabdehə ümumilikdə 15823 manat məbləğində ailment ödənişi edilmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun X4 atası olmaması müəyyən edildiyindən, ödənilmiş 15823 manat məbləğində ailmentin 50% hissəsi, yəni 7911,50 manat məbləği atası olmadığı uşağın saxlanılmasına sərf edilmişdir. Bu səbəbdən də 7911,50 manat məbləğində əsassız olaraq ödənilmiş alimentin geri qaytarılmasını Cavabdeh təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh uşağın atası olmadığını gizlətməsi nəticəsində atası olmadığı uşağın saxlanılmasına görə əsassız olaraq tutulmuş aliment məbləği ona xeyli miqdarda zərər vurulması ilə nəticələnmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəyə Ailə Məcəlləsinin 109.2-ci maddəsini tətbiq edərək, iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə alimentin geri tələb edilməsi üçün qeyd olunan hüquq normasında göstərilən halların heç biri mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun 27 iyul 2014-cü il təvəllüdlü X4 atası olmaması müəyyən edilməsinə dair qəbul edilən qətnamə Cavabdeh iddia tələbini etiraf etməsi nəticəsində qəbul edilmişdir. Bununla da, uşağın doğulduğu andan həmin uşağın atası olmamağı faktı Cavabdeh məlum olsa da, o, bu faktı gizlətmiş, uşağın doğum haqqında şəhadətnaməsində adının ata adı qrafasında yazılmasına nail olmuş və son olaraq isə nikahın pozulması zamanı atası olmadığı uşağa görə ondan aliment tutulmasına dair qətnamə qəbul edilməsinə nail olmuşdur. Göründüyü kimi, atası olmadığı uşağa görə ondan aliment tutulmasına dair qətnamə Cavabdeh yalan məlumatı əsasında qəbul edilmiş və bu hal Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sübuta yetirilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini alması atası olmadığı uşağa görə aliment ödənişinin dayandırılmasına əsas verdiyi kimi, aliment tutulmasına dair qəbul edilmiş qətnamənin atası olmadığı uşağa görə aliment tutulması hissəsinin də qüvvəsinə xitam vermişdir. Əks halda uşağın atası olmadığını müəyyən edən qətnamənin qanuni qüvvəsini almasına baxmayaraq, aliment tutulmasına dair qətnamənin ləğv olunmaması əsası ilə həmin uşağa görə ondan aliment tutulması davam edərdi. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı andan alimentin tutulmasına dair qətnamənin ləğv olunmamasına baxmayaraq, atası olmadığı uşağa görə aliment ödənişinin dayandırılması, artıq qeyd olunan qətnamənin həmin uşağa münasibətdə qüvvədən düşməsini təsdiq edir. Buna baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan faktiki hallar araşdrılmamış, qeyd olunan hallara münasibət bildirilib hüquqi münasibət bildirməmiş, bununla da iddia tələbinin təmin olunmamasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 109.2-ci maddəsinin mübahisəyə tətbiq edib iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən, hazırkı şikayətin 5-ci bəndində qeyd olunmuş işin hallarını nəzərə almamış, bununla da Ailə Məcəlləsinin 109.2-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən şikayətin 5-ci bəndində göstərilən faktiki halları nəzərə almamış, bununla da qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından - MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində hazırki məhkəmə iclasında üzlü səbəbdən iştirak edə bilməyəcəyini, İddiaçı da məhkəmə iclasında onunla birlikdə şəxsən iştirak etmək niyyətində olduğunu bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir, lakin üzrlü səbəbi təsdqi edən sübut təqdim etməmişdir.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Maddə 109.3. Bu Məcəllənin 109.2.1-109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
19. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki iddianın faktiki halları tələbin qanuni əsasının dispozisiya şərtləri ilə tam uzlaşmır. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparılması zəruridir.
20. Əvvəla, iddia tələbinin qanuni əsası kimi Ailə Məcəlləsinin 109.2.3-cü maddəsi nəzərdə tutula bilər. Belə ki, həmin normanın dispozisiya şərtinə əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər. Apellyasiya şikayətinin dəlilləri də mahiyyət və məzmun etibarı ilə bu normaya söykənir. Açıq-aşkar əsassız görünməsə də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Ailə Məcəlləsinin 44.2 və 46.1-ci maddələrinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda uşağın atası ananın əri(keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Tərəflərin sonradan boşanması yaxud iddiaçının boşanmadan sonra iddiasına əsasən çıxarılmış qətnamə ilə 27 iyul 2014-cü il təvəllüdlü X4 atası olmadığının müəyyən edilməsi hazırki iddianın əsaslılığına dəlalət etmir. Çünki iddiaçı cavabdehlə olan nikahı haqqında qeyddə təsdiq olunan atalığa və məhkəmə qətnaməsinə əsasən aliment ödəmişdir. Ona görə də cavabdehin uşağın atasının iddiaçı olmadığını “gizlətməsi” belə iddianı əsaslı etmir və bunun nəticəsində ona zərər vurula bilməzdi.
22. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının 27 iyul 2014cü il təvəllüdlü X4 atası olmaması müəyyən edilməsinə dair qəbul edilən qətnamə Cavabdeh iddia tələbini etiraf etməsi nəticəsində qəbul edilsə də həmin qətnamə ilə müəyyən edilənlər də hazırkı iddianı əsaslı edə bilməz. Çünki uşağın doğulduğu andan atasının iddiaçı olmamağının cavabdehə məlum olması və bu faktı gizlətməsi həqiqi olsa belə bu hallar uşağın doğum haqqında şəhadətnaməsində iddiaçının adının ata adı qrafasında yazılmasına əsas olmamışdır. Bir daha qeyd olunur ki, atalıq ərlə ananın nikahı haqqında qeydə əsasən yazılır. Demək ki, iddiaçının adı da cavabdehin yalan məlumatların verilməsi nəticəsində yazılmayıb və aliment tutulması barədə qətnamə də “yalan məlumatlara” görə tutulmayıb.
23. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının 27 iyul 2014cü il təvəllüdlü X4 atası olmamasının müəyyən edilməsi aliment tutulmasına dair qətnamənin həmin uşağa görə aliment tutulması hissəsinin dayandırılmasına və o hissədə qüvvəsinə xitam verməsinə səbəb olduğu barədə dəlillərin araşdırılması və yoxlanılması hazırkı icraatın predmeti olmasa da bu halların həqiqiliyi belə hazırkı iddianı əsaslı edə bilməz. Çünki Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra alimentin tutulmasının dayandırılması belə, həmin vaxta qədər ödənilmiş alimentin geri tələb edilməsi üçün əsas deyildir. Bir daha qeyd olunur ki, Ailə Məcəlləsinin 109.2.3-cü maddəsində nəzərdə tutulan əsasla, alimentin ödənilmiş məbləği o halda geri tələb edilə bilər ki, aliment alan tərəfindən yalan məlumatların verilməsi... ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunsun. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi isə aliment tutulması barədə hansısa qətnaməni ləğv etməmiş, üstəlik nəzərə alınsa ki, alimentin tutulması barədə yekun qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4784/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi sayılır, bu halda da prosessual hüquqi baxımdan, yəni yuxarı instansiya məhkəməsinin aliment tutulması barədə qətnaməsi ləğv edilə bilməzdi.
24. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2079/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2079/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.