Məhkəmə qərarları › İş №2(103)-7660/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7660/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7660/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Sadıq oğluna qarşı “məhkəmə qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş №2(001)-380/2018) əsasında iki uşağın – xx.xx.2012-ci il təvəllüdlü İncinin və xx.xx.2012-ci il təvəllüdlü Aytacın yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə tutulan 154 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların nikahlarının pozulması, uşaqların nikahın pozulmasından sonra hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşana çatana kimi saxlanılması üçün hazırki iş üzrə cavabdehdən hər ay, hər uşağa görə 136,60 manat sabit pul məbləğində alimentin hazırki iş üzrə iddiaçının xeyrinə tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə uşağın xərcləri artır, iddiaçı isə həmin xərcləri qarşılaya bilmir. Buna görə də, iddiaçı hesab edir ki, alimentin məbləği 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş minimuma uyğunlaşdırılaraq hər uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə tutulan 154 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, alimentin azaldılaraq, əmək haqqının müəyyən hissəsində tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hazırda Gəncə şəhərində, “xxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir və cavabdeh işləyir və 406 manat məbləğində əmək haqqı alır. Cavabdeh bu halı təsdiq edən və MMC tərəfindən verilmiş arayışı mülki işə baxmış Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Cavabdeh hesab edir ki, onun işləməsi nəzərə alınmaqla ondan iddiaçının xeyrinə tutulmalı olan aliment onun əmək haqqısının 1/3 hissəsi miqdarında tutulmalı idi. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin iki övladı var: xx.xx.2012-ci il təvəllüdlü İnci və xx.xx.2012-ci il təvəllüdlü Aytac. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən (İş № 2(001)-380/2018) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə tərəflərin arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra hər iki uşağın analarının – hazırki iş üzrə iddiaçının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə cavabdehdən hər ay, hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 02 saylı arayışdan görünür ki, cavabdeh həmin MMC-də mütəxəssis vəzifəsində işləyir. Onun aldığı əmək haqqının məbləği 2019cu ilin yanvar, fevral aylarında 216 manat, mart-iyul aylarında 288 manat, avqust ayında 43 manat, sentyabr ayında 631 manat, oktyabr-dekabr aylarında isə 406 manat olmuşdur. İddiaçı bildirir ki, uşaqlar böyüdükcə onların xərcləri artır, o isə həmin xərcləri qarşılaya bilmir. Buna görə də, o hesab edir ki, alimentin məbləği artırılmalıdır. Cavabdeh buna etiraz edərək bildirir ki, onun daimi iş yeri var və alimentin məbləği əmək haqqından, əmək haqqının 1/3 hissəsi miqdarında tutulmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdeh, bir valideyn kimi, iddiaçının yanında qalan uşağını saxlamağa borcludur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.2.2-ci maddəsini mənasına görə, aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda aliment ödəməli olan valideyndən, 2 uşaq üçün, onun qazancın (başqa gəlirlərin) 1/3 hissə miqdarında aliment məhkəmə tərəfindən tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, aliment cavabdehin əmək haqqısının və başqa gəlirinin müəyyən hissəsi, hazırki halda 1/3 hissəsi miqdarına tutula bilməz. Çünki alimentin cavabdehin əmək haqqısının və başqa gəlirinin müəyyən hissəsi kimi tutulması uşaqların maraqlarını əhəmiyyətli dərəcədə pozur. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi cavabdehin əmək haqqısı 406 manat məbləğindədir. Bu nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin təklif etdiyi kimi aliment tutularsa onda alimentin məbləği cəmi 135,30 manat, hər uşağa görə isə 67,60 manat təşkil edəcək. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir, onda aşkar surətdə bəlli olunur ki, həmin məbləğ uşaqların təlabatlarının ödənilməsi üçün kifayət etmir və uşaqların mənafeyinə ziddir. Məhkəmə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 154 manatdan artmış və artıq yuxarıda qeyd edildiyi kimi 170 manat müəyyən edilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, uşaqlar böyüdükcə onların xərcləri də artır. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşağa görə 160 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Sadıq oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar