Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7677/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, İlham Əziz oğlu Kərimli və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1422/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay üçün 1500 ABŞ dolları və ya 2550 AZN tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Nikahdan xx.xx.2015-ci il doğum tarixli X9 və xx.xx.2018 X8 vardır. X2 ABŞ-da anadan olmuşdur və ABŞ vətəndaşıdır. Həyat yoldaşı Cavabdehla birgə ABŞ-da iş quraraq ailələrinin gələcəyini təmin etmək üçün işləməyə getmişlər. Birgə zəhmətləri ilə həyat yoldaşının adına “Marcostar LLC” şirkətini açmışlar. Şirkətlərindən ailələrinə qalan illik xalis gəlir 80000 ABŞ dolları olsa da, dövlət göstəricisində, yəni həyat yoldaşının vergi ödəyicisi kimi göstərdiyi VÖEN kodunda 53000 ABŞ dolları kimi göstərilir. Həyat yoldaşına aid ABŞ-ın VÖEN nömrəsi “Marcostar LLC’TD number, EİW assigned 832045645”-dir.O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdeh uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1422/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, xx xxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 1275 (min iki yüz yetmiş beş) manat olmaqla, cəmi 2550 (iki min beş yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan tutularaq İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1422/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini dəyişdirərək, xx xxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, Nəsimi rayon Məhkəməsi qətnaməsini guya onun adına X6 şirkətin olması və illik gəlirinin 53022 dollar olması faktı ilə əsaslandırmışdır. Bu baxımdan onun maddi durumunu və Azərbaycan reallığını əks etdirməyən məbləğdə aliment tutulmasını qərarlaşdırmışdır. Cavabdeh qeyd edir ki, onun X4 “Marcostar” adlı şirkəti olsa da, həmin şirkət 2019-cu ililn dekabr ayından fəaliyyət göstərmir. Bundan başqa, qeyd edilən şirkətin illik qazancı ilə bağlı göstərilən məbləğ heç bir əsasa dayanmır. Belə ki, qətnamədə “Marcostar”LLC şirkətinin guya illik 53022 dollar qazancının olduğu göstərilsə də, əslində şirkətin illik qazancı 2019-cu il üçün mövcud olmamışdır. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi işə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Mübahisələndirilən mülki iş üzrə 1-ci instansiya məhkəməsində işə baxılarkən Nəsimi rayon Məhkəməsi təqdim edilən yeganə sənədi ətraflı araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə, ümumiyyətlə,www.manta.comsaytının mövcudluğu barədə heç bir araşdırma aparmamışdır. Digər tərəfdən həmin saytın hansı məqsədlə qurulduğu, hər hansı bir dövlət orqanına aid olub-olmaması ilə bağlı sualları ətraflı araşdırmamışdır və qətnamədə buna dair heç bir açıqlama yoxdur. İddiaçının Nəsimi rayon Məhkəməsinə təqdim etdiyi Nəsimi rayon məhkəməsinin qeyd etdiyi kimi “çıxarış” kompyuter texniki vasitələrindən istifadə etməklə hazırlanmış bəsit surətdir. Onun mötəbər olmasına dair heç bir sübut yoxdur. Yəni qeyd edilən sənəd rəsmi təsdiqlənməmişdir. Sadəcə kompyuterin texniki imkanlarından istifadə edilərək surət şəklində çap edilmişdir. Odur ki, qeyd edilən sübutlar mötəbər hesab edilməməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 039361 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 2015-ci il tarixdə 785 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirəliyev, arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan ********* saylı pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxxx 2018-ci ildə ABŞ-da anadan olmuşdur. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 644169 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2015-ci il tarixdə 6210 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan www.manta.com saytından çıxarışdan görünür ki, “Marcostar LLC” Ayova ştatı X15 fəaliyyət göstərən özəl şirkətdir. Şirkət universal maqazindir. Bu şirkət 2017-ci ildə Ayovada təsis edilib. Şirkətin illik gəliri 53022 dollardır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, www.manta.com saytından çıxarışdan olan məlumata istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş notariat qaydada təsdiq edilmiş “JORDAN CREEK TAUN CENTER” tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, “Marcostar LLC”-nin lisenziyası xx xxxxxx 2020-ci il tarixdə ləğv olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş notariat qaydada təsdiq edilmiş “1000 VA İŞÇİ QÜVVƏSİNİN İNKİŞAFİ-İŞSİZLİKDƏN SİĞORTA” tərəfindən Cavabdeh ünvanlanmış xx xxx 2020-ci il tarixli sənədin surətindən görünür ki, ona 05/10/20 tarixindən qüvvəyə minməklə həftəlik 203,0 ABŞ dolları işsizlik müavinəti alır. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehin gəlirləri ilə bağlı www.manta.com saytının məlumatına istinad etməsi əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehin gəlirinin çox olması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, araşdırılmış sübutlar əsasında müəyyən olunur ki, “Marcostar LLC”-nin lisenziyası ləğv olunmaqla, Cavabdeh həftəlik 203,0 ABŞ dolları olmaqla, aylıq 812,0 ABŞ dolları işsizlik müavinəti verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Kollegiya qeyd edir ki, alimentin məbləği müəyyən edərkən uşaqların mənafeyi, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması, respublikada 2020-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləği, eyni zamanda tərəflərin maddi və sosial vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin aylıq gəlirinin 812 ABŞ dolları olması nəzərə alınmaqla, iddia qismən təmin olunaraq, uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay hər uşağa görə 230 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. xx xxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 230 (iki yüz otuz) manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh oğlundan tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər İlham Kərimli Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7677/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7677/2020
11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver