Məhkəmə qərarları › İş №2(103)-7678/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7678/2022

02.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7678/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “uşaq üçün aliment və əlavə xərclərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində iddiaçı (ana) tələb edib ki, cavabdehdən (atadan) xx.xx.2006-cı il təvəllüdlü uşaq X1 saxlanması aliment tutulsun və ata uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilsin. Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, xx.xx.2022-ci il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana kimi hər ay 200 manat aliment, əlavə xərclərə görə hər ay 300 manat, cəmi 500 manat atadan ananın xeyrinə tutulsun, bundan başqa, 2013-cü ildən başlayaraq iddia ərizəsinin verildiyi tarixə qədər uşağın müalicəsinə ananın xərclədiyi 73.921,30 manatın yarısı – 36.960,65 manat atadan ananın xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, 200 manat aliment tutulması barədə tələb təmin olunsun, qalan hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Aliment tutulmasına aid hissədə qətnamə mübahisələndirilməyib, ona görə də qətnamənin həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Əlavə xərclər barədə tələbin təmin edilən hissəsində qətnamə mübahisələndirilib. Müəyyən olunur ki, tərəflərin nikahı pozulub, uşaq ananın yanında yaşayır. Uşağın sağlamlıq imkanları məhduddur, ona “imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi” diaqnozu təyin edilib. Uşağın müalicəsi ilə ana məşğul olur, yəni onu müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə aparır, müayinə və müalicənin gedişinə nəzarət edir, lazım olan dərman perepartlarını alır, onların xərcini ödəyir və s. Ata isə uşağın müalicəsi ilə məşğul olmur və bu xərclərin ödənilməsindən iştirak etmir. Ana uşağın müalicəsi və müalicəyə çəkilən xərclər barədə sübutları birinci instansiya məhkəməsinə təqdim edib. Əlavə xərclərə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Ona görə də məhkəmə Ailə Məcəlləsinin 81-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar