Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7750/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka ilə bağlı qeydlərin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı Sadiq qızı və borclu 11 saylı Təmir Tikinti İdarəsi arasında bağlanmış 05 may 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mənzillərin ipoteka yüklülüyündən azad edilməsi, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, evA-da yerləşən 40 və 41 nömrəli mənzillər 11 saylı Təmir Tikinti İdarəsi ilə Cavabdeh1 ASC arasında bağlanmış 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin kredit 11 saylı Təmir Tikinti İdarəsi tərəfindən ödənilmədiyi səbəbindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-10/2013 saylı 14 avqust 2013-cü il tarixli icra sənədinə əsasən kredit üzrə 304.913,63 manat qalıq borc iddiaçıya məxsus ipoteka predmeti olan əmlaka yönəldilmişdir. 22 sentyabr 2020-ci il tarixdə 11 saylı Təmir Tikinti İdarəsi 05 may 2010cu il tarixli 28 saylı kredi müqaviləsi üzrə tələbkara olan bütün borcunu tam olaraq ödəmişdir. İpotekaya səbəb olan kredit borcu kredit götürən tərəfindən tam olaraq ödənildikdən sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A-da yerləşən 40 və 41 nömrəli mənzillərin girovdan azad edilməsini və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ipotekadan azad edilmə haqqında məlumatın göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla bağlı indiyə qədər hər hansı münasibət bildirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin hallarına uyğun olmaması, maddi və prosessual hüquq normalarının tələblərini pozması, borcalan "xxxx" MMC-nin hazırda banka borcunun qaldığı, qətnamənin tam icra edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən apelyatorun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, izahatları dinləyib işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ASC ilə 11 saylı Təmir Tikinti İdarəsi arasında bağlanmış 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A-da yerləşən 40 və 41 nömrəli mənzillər ipoteka ilə yüklü edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı qətnaməsi ilə tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A, 40 və 41 saylı mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən 304.913,66 manat məbləğində borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. 22 sentyabr 2020-ci il tarixdə 11 saylı Təmir Tikinti İdarəsi tərəfindən 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsi üzrə tələbkara olan borc tam şəkildə ödənilmişdir. İş materiallarında olan icra işinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə 04 fevral 2020ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclu İddiaçı göndərilmişdir. 11 saylı Təmir Tikinti İdarəsi 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə tələbkara olan borcunu tam ödəmiş, 24 sentyabr 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək mənzillərlə bağlı icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi 29 sentyabr 2020-ci il tarixdə hərrac mərkəzinə müraciət edərək, əmlakların satılmasını sifariş etmiş, "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən 29 oktyabr 2020-ci il tarixə evlərin satılması ilə bağlı hərrac təyin edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra vərəqəsinə əsasən borclu X2 tərəfindən 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə 22 sentyabr 2020-ci il tarixdə 54.914 manat ödənişin həyata keçirildiyini bildirmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə icraata borclu İddiaçı aid hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanunu düzgün tətbiq etmiş və işin faktiki hallarının müvafiq tələblərin qanuni əsasına uyğun gəlməsinə əsaslanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. İşin yuxarıda şərh olunan hallarından göründüyü kimi, hazırkı iş üzrə 11 saylı Təmir Tikinti İdarəsi ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, öz borcunu ödəmişdir. Onun bank qarşısında hər hansı borc öhdəliyi qalmamışdır. Kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mübahisəli əmlaka dair ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı əmlakların mülkiyyətçisi olan İddiaçı Sadiq qızı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə məktub göndərilmişdir. Lakin həmin məktub cavabdeh təşkilat tərəfindən icra edilməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7750/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7750/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver