Məhkəmə qərarları › İş №2(103)-777/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-777/2024

12.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-777/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müavinatın tam ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-777/2024 (açar sözlər: müavinətin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçınn nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü tarixli, 2(005)-2739/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək kitabçasından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxdığına görə ləğv edilib, ona orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənildiyi qeyd olunub.

2. 17 mart 2023-cü il tarixli, 14-2/3-1K-74/2023 nömrəli əmrdən görünür ki, İddiaçı əmək pensiyasına çıxması nəzərə alınaraq, Baş Ofisin Tibbi xidmətin təşkili Departamentinin Gigiyena və epidemiologiya şöbəsinin şöbə rəisi vəzifəsində işləməsi barədə əmək müqaviləsi ləğv edilmişdir.

3. Haqq-hesab vərəqəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət 29780,16 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin 8858,05 manat olmuşdur.

4. 01 may 2023-cü il tarixli İddiaçı ünvanlanmış müraciətə baxılması haqqında məktubun məzmunundan görünür ki, işçinin təqaüdə çıxması ilə əlaqədar müəssisənin sərbəst mənfəəti hesabına işçiyə verilən müavinətlər işçinin sosial rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulduğundan icbari xarakter daşımır və əmək qanunvericiliyi ilə tənzimlənmir. Bu səbəbdən VM-in 102-ci maddəsinin 1.4-cü hissəsinə əsasən gəlir vergisindən azad olmalar həmin müavinətlərə tətbiq edilmir.

5. 21 may 2020-ci il tarixli, 1485 №-li əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında 17 mart 2023-cü il tarixli Razılaşmanın 1.3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən işçi ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. 2.1-ci bəndinə əsasən, bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 29171,80 manat müavinət hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür.

6. 09 iyun 2023-cü il tarixli arayışdan görünür ki, SOCAR-ın Baş Ofisinin sabiq işçisi İddiaçı 2023-cü ilin mart ayında yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanan orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət əvvəlki iki ayın, yəni yanvar və fevral aylarının hesablanmış əmək haqqlarının cəmlənib ikiyə bölünməsinin beş mislindən hesablanışdır. Hesablanmış müavinət AR Vergi Məcəlləsinin 102.1.3.1. maddəsinə uyğun olaraq 1000 manat güzəşt tətbiq edilərək gəlir vergisinə cəlb olunmudur.

7. SOCAR və ANQSİHİRK-nin arasında 2020-2023-cü illər üçün “Sahə (tarif) Kollektiv Sazişinin” 5.16-cı bəndinə görə, qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməlidir Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətdən gəlir vergisi qismində əsassız olaraq çıxılmış 7042,95 manat pulun və hüquqi yardımla bağlı ödənilmiş 120 manat, mediasiya keçirilməsi ilə bağlı ödədənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı SOCAR-in Baş Ofisinin Tibbi Xidmətin təşkili Departamentinin Gigiyena və epidemiologiya şöbəsinin şöbə rəisi vəzifəsində çalışmışdır. 17 mart 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir, (yaşa ğörə əmək pensiyasına çıxması). Müqaviləyə xitam verilərkən SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı pensiya yaşına çatması ilə əlaqədar hesablanan əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət 29171,80 manatdan qanunsuz olaraq gəlir vergisi kimi 7042,95 manat vəsait tutulmuşdur. Bununla bağlı dəfələrlə cavabdehə müraciət olunmuş ödənilmiş müavinatdan gəlir vergisi tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsi xahiş edilsədə, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirərək müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Daha əvvəllərdə SOCAR tərəfindən ödənilən müavinətlərdən gəlir vergisi tutlması qanuni olmadığından şirkətin sabiq əməkdaşları tərəfindən çoxsaylı iddia tələbləri ilə məhkəmələrə müraciətlər edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz olaraq tutulmuş məbləğlər geri qaytarılmışdır. SOCAR-ın bəzi idarələri isə məhkəmə araşdırılmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Aşağıdakılara əsasən hesab edirik ki, cavabdehin hərəkətləri qanunsuzdur və ışdənçıxma müavinətindən gəlir vergisi kimi tutulan 7042,95 manat pul tam şəkildə geri qaytarılmalıdır. O cümlədən cavabdeh DNŞ-nin “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrində iddiaçıya ödənilən müavinət “işdənçıxarma müavinəti” adlandırılıb. Əmək müqaviləsinin ləğv edilməsinin əsası həmin müavinətin statusuna (işdənçıxma müavinəti olmasına) təsir etmir. Hesablanmış müavinətin tam ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət olunsada heç bir cavab verilməmişdir.

10. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı SOCAR-in Baş Ofisinin Tibbi Xidmətin təşkili Departamentinin Gigiyena və epidemiologiya şöbəsinin şöbə rəisi vəzifəsində çalışmışdır. İddiaçı işəgötürənə müraciət edərək 18 aprel 2023-cü il tarixdən yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini və SOCAR ilə Azərbaycan Neft və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020- 2023-cü illər üçün X7 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Bundan sonra SOCAR-ın 14-2/3-1K-74/2023 nömrəli, 17 mart 2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Eyni zamanda işəgötürən (SOCAR) ilə işçi (İddiaçı) arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Razılaşma imzalanmışdır. Həmin razılaşmanın 1.3cü bəndinə əsasən, A.Qurbanov imzası ilə ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq vərginin tutulmasına razılıq vermişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Buna baxmayaraq SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaşxılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X7 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə ƏM-nin 69.3 maddəsi ilə xitam verilərkən ona yuxarıda qeyd edilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən qanunvericiliyin və tərəflər arasında imzalanmış yuxarıda qeyd edilən razılaşmanın tələblərinə uyğun olaraq işçinin gəlir vegisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabında deyil, dövlət bücəsinə köçürmüşdür. Buna səbəb isə Azərbaycan Respublikası Vergi qanunvericiliyin tələbidir.

11. Üçüncü şəxsin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. iddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmrqərarına istinad edərək bildirmişdir ki, həmin əmr-qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçı yuxarıda qeyd olunan dəlillərini Əmək Məcəlləsinin 77-ci və 175-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. iddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirməliyik ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin "a" və “b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a" bəndinə görə müəssisənin ləğv edilməsi, "b" bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3- cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvehcilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77- ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4- cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdərıçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı qeyd etməliyik ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri; hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki. iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b" bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. iddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayanödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1 -ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü tarixli, 2(005)- 2739/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

13. Qətnamənin əsaslarına görə, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş əmək kitabçasının və son haqq-hesab vərəqəsindən görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Əmək Məcəlləsinin 69.3, 77.6, 175, Vergi Məcəlləsinin 102.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qətnamədən apellyasiya şikayətləri verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişlər.

16. Cavabdehin şikayətinin dəlillərinə görə, qanunvericiliyin tələblərinə görə hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Lakin sənədlərdən də göründüyü kimi, iddiaçının əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. Bu əsaslarla müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışır. Lakin işçinin maddi, sosial vəziyyətinin yaxşılaşdırılması üçün SOCAR ilə Azərbaycan Neft və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün X7 tələblərinə görə pensiyaya çatmış, əmək müqaviləsinə xitam verilən işçiyə ödənilən müavinətdir. Bu kimi müavinətin vergidən azad olunması isə qanunvericiliklə nəzərdə tutulmamışdır.

17. Üçüncü şəxsin şikayəti iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etlb.

21. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasını Əmək Məcəlləsinin: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur;

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

6. - Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər; Maddə 175. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər; - 4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir; Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.

24. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR X1 15 aprel 2024-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxişinin hədləri

26. Apellyasiya şikayətləri ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr, işin hallarına uyğun gəlmir, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

28. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Belə olan halda, işdənçıxma müavinətinin hansı hallarda ödənilməsinə aydınlıq gətirilməlidir.

29. İşdən çıxma müavinətinin hansı hallarda ödənilməsi və miqdarı Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 3-cü hissəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq konkret rəqəmlərlə ifadə edilən miqdarda (əmək stajından asılı olaraq artan məbləğdə) işdənçıxma müavinəti ödənilir.

30. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri əmək müqaviləsinin işəgötürən tərəfindən müvafiq olaraq müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağlı ləğv edilməsi hallarına aiddir. Başqa sözlə, Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işdənçıxma müavinəti əmək müqaviləsinə müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, eləcə də həmin Məcəllədə nəzərdə tutulan konkret əsaslar üzrə (ƏM, 68-ci maddənin ikinci hissəsinin “c” və “ç”, 74cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ) xitam verildiyi halda ödənilən pul əvəzidir.

31. Hazırki işin müəyyən edilən hallarına görə isə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə, eləcə də müavinət ödənilməli olan başqa əsaslarla deyil, həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə – iddiaçının özünün təşəbbüsü ilə xitam verilmişdir.

32. Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə görə kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə görə isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Göründüyü kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsi kollektiv müqavilələrdə işdənçıxma müavinətinin daha yüksək məbləğdə verilməsi imkanının yalnız həmin maddənin üçüncü, dördüncü və yeddinci hissələri ilə bağlı olmasını müəyyən edir ki, iddiaçının da əmək müqaviləsinə həmin hissələrdə göstərilən əsasların hər hansı biri ilə xitam verilməyib.

33. Bu baxımdan, iddiaçıya ödənilən ödəncin (o, hətta “işdənçıxma müavinəti” adlandırılsa belə) Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan kontekstdə işdənçıxma müavinəti olub-olmamasına qiymət verilməlidir.

34. İddianı təmin edən birinci instansiya məhkəməsi isə iddiaçıya ödənilən müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan kontekstdə işdənçıxma müavinəti olub-olmamasına aydınlıq gətirməmiş, bu da nəticədə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin səhv tətbiqinə də yol açmışdır. Belə ki, həmin maddəyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlirləri gəlir vergisindən azaddır.

35. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR X1 15 aprel 2024-cü il tarixli Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.”

36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü tarixli, 2(005)- 2739/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü tarixli, 2(005)- 2739/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müavinatın tam ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar