Məhkəmə qərarları › İş №2(103)-7776/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7776/2022

12.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7776/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2821/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 13 ay 19 gün müddətində ona ödənilməmiş 3407 manat məbləğində əmək haqqının hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla tutulmasına, istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzinin, son haqq-hesabın hesablanaraq ödənilməsi, əmək müqaviləsi qüvvəyə minənədək işin yerinə yetirilməsinə cəlb edildiyi üçün 750 manat məlbəğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2821/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləği nin Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Həmin məhkəmənin 21 oktyabr 2022-ci il tarixli, 2(001)-2821/2022 saylı qərardadına əsasən, qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilməmiş, (formal doldurulan qrafaların göstərilən konkret tələblərinə müvafiq) tamlığına riayət edilməmiş. Belə ki, apellyasiya şikayətində qətnamə çıxarılarkən məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları sıralanmamış, bu normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə edilməmiş, şikayətin hərmin – 6-cı hissəsində Mülki Məcəlləsinin 14.2-ci maddəsi, həmin maddənin dispozisiyası göstərilməklə kifayətlənmişdir. Eyni və oxşar hal şikayətin 7-ci bəndində də təkrarlanmış, bu hissədə də yalnız Mülki Prosessual Məcəllənin maddələri göstərilməklə kifayətlənmişdir.

10. Digər tərəfdən, apellyasiya şikayəti müddət buraxılmaqla verilmiş, şikayətə prosessual müddətin bərpasına dair vəsatət qoşma edilməmişdir.

11. Halbuki, daha öncə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətə müddətin bərpasına dair vəsatət qoşma edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadına əsasən, müddətin bərpasına dair vəsatət təmin edilməmiş, qərardad 25 oktyabr 2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin həmin qərardaddan şikayət verməsi üçün prosessual müddət buraxılmadığı halda, cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir.

13. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

15. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2821/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar