Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7780/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(003)-571/2020 saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərardaddan iş üzrə Cavabdeh verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun birgə olan azyaşlı övladlarının – xx.xx.2008-ci il təvəllüdlü Mirnadirin və xx.xx.2009-cu il təvəllüdlü Safinin yetkinlik yaşana çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 400 manat, cəmi isə 800 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Xəzər Rayon Məhkəməsi tərəfindən 2(003)-571/2020 saylı mülki işin icraatı başlanmışdır. Cavabdeh da öz növbəsində iddiaçıya qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları Mirnadir və Safinin məhkəmə qaydasında atalıq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia ərizəsi əsasında Xəzər Rayon Məhkəməsi tərəfindən 2(003)-997/2020 saylı mülki işin icraatı başlanmışdır. Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda baxılması üçün birləşdirilmişdir (İş № 2(003)-571/2020). Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə tibbi-bioloji ekspertizasının təyin edilməsini, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 həvalə edilməsini və ekspertizanın rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın icraatın dayandırılmasına dair hissədə ləğv edilməsi, ekspertizanı keçirən orqan hissəsində isə qismən dəyişdirilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini qərara almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli qərardadından da şikayət vermişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayətin “ekspertizanı keçirən orqanın dəyişdirilməsi barədə” hissəsi üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli, şikayətin “qərardadın iş üzrə icraatın dayandırılması barədə hissəsinin ləğv edilməsi barədə” hissəsi isə rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə məhkəmə tibbi-bioloji ekspertizasını təyin etmiş Rayon Məhkəməsi həmin ekspertizanın keçirilməsini Məhkəmə-Tibbi Ekspertiza və X1 həvalə etmişdir. Cavabdeh ekspertizanın keçirilməsinin həmin Birliyə həvalə edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, ekspertizanın keçirilməsi başqa quruma tapşırılmalıdır. Cavabdeh qərardaddan verdiyi şikayət iş üzrə apellyasiya baxışının mümkünlüyü məsələsi Məhkəmə tərəfindən müzakirə edilərkən şikayətin bu hissəsi üzrə icraatın qeyrimümkün olması Məhkəmənin diqqətindən yayınmışdır. Lakin hazırda Məhkəmə müəyyən edir ki, qeyd edilən hissədə şikayət üzrə apellyasiya baxışı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan şikayət verilə bilər, lakin bu zaman nəzərə alınmalıdır ki, şikayətin verilməsi halları MPMdə nəzərdə tutulmuş olsun. MPM-nin 395-ci maddəsinin mənasına görə isə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verə bilərlər ki, şikayətin verilməsi MPM-də nəzərdə tutulsun və ya qərardad işin sonrakı hərəkətinə mane olsun. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilən prosessual hüququ normalarının tələblərini nəzərə almamış, şikayətin qeyd edilən hissəsinə baxaraq həmin hissədə şikayəti təmin etməmiş və baxılması üçün Məhkəməyə göndərmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayətin “ekspertizanı keçirən orqanın dəyişdirilməsi barədə” hissəsi üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və həmin hissədə şikayət Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin “qərardadın iş üzrə icraatın dayandırılması barədə hissəsinin ləğv edilməsi barədə” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Bununla da, müəyyən edilir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə iş üzrə ekspertizanı təyin etmiş Rayon Məhkəməsi qanunla ona verilmiş “iş üzrə icraatın dayandırılması” səlahiyyətdən istifadə etmişdir ki, qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş rəy Rayon Məhkəməsinə artıq daxil olmuş və Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələyərək işə mahiyyəti üzrə baxmış və xx.xx.2020-ci il tarixdə iş üzrə qətnamə qəbul etmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh verdiyi şikayətin “ekspertizanı keçirən orqanın dəyişdirilməsi barədə” hissəsi üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və həmin hissədə şikayət Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarısın. Cavabdeh verdiyi şikayətin “qərardadın iş üzrə icraatın dayandırılması barədə hissəsinin ləğv edilməsi barədə” hissəsi təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının “iş üzrə icraatın dayandırılması barədə” hissəsi dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardadın şikayətin bir hissəsi üzrə apellyasiya icraatının qeyri-mümkün edilməsi barədə hissəsindən, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadın qalan hissəsindən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7780/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7780/2020
16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver