Məhkəmə qərarları › İş №2(103)-7781/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7781/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7781/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: uşaqla ünsiyyət, uşağın mənafeyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X2 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə X2 Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə Nümayəndə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 09 aprel 2012-ci il tarixdə Zəhra adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşağın anasının himayəsində qalması qət edilmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə Nümayəndə Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, Nümayəndə xx.xx.2012-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququnun təmin edilməsi qət olunmuşdur.

3. X1 Quliyevin anası, Cavabdeh keçmiş qayınanası, xx.xx.2012-ci il təvəllüdlü X6 nənəsidir.

4. Reyhan Quliyeva nəvəsi Zəhra Quluzadə ilə ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin qurumun Reyhan Quliyevaya xx.xx.2022-ci il tarixdə ünvanladığı məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yaxın qohumları ilə ünsiyyətinə etiraz etməsə də, xx.xx.2012-ci il tarixdə doğulmuş X11 10 il müddətdə nənəsini görmədiyi üçün bu ünsiyyət onun psixologiyasına mənfi təsir edəcəkdir, buna görə məhkəməyə mürciət etməsi tövsiyyə olunur.

5. Abışova X8 Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi (yazdığı) xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, Zəhra Quluzadənin fikri nəzərə alınmaqla və ona mənfi təsir göstərməməklə X4 ilə ünsiyyətdə olmasına etiraz etmir.

6. X12 Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi (yazdığı) xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, Reyhan Quliyevanı tanımır, onu heç vaxt görməyib və onunla ünsiyyətdə olmaq istəmir.

7. Reyhan Quliyeva xx.xx.1937-ci il təvəllüdlüdür və oğlu Nümayəndələ (uşağın atası) birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, 09 aprel 2012-ci il təvəllüdlü nəvəsi X11 ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu Nümayəndə 12 iyul 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından 09 aprel 2012-ci il tarixdə X11 anadan olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq anasının himayəsinə verilmişdir. Cavabdeh uzun müddətdir ki, onun nəvəsi ilə görüşməyinə, ünsiyyətdə olmağına imkan vermir, halbuki nəvəsi ilə ünsiyyət hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmamalıdır. Nənə kimi nəvəsi ilə ünsiyyətdə olmağı uşağın hərtərəfli inkişafı üçün vacibdir. Buna görə də pozulmuş hüquqları bərpa edilməli, nəvəsi ilə sərbəst surətdə ünsiyyətdə olmağına şərait yaradılmalıdır. Nəvəsi ilə ünsiyyətdə olması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, ərizəsinə Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında baxılmış, Komissiyanın iclasında Cavabdeh uşaqla ünsiyyətin yaradılmasına etiraz etmədiyini, lakin azyaşlı övladının on il ərzində nənəsini görmədiyini əsas gətirərək ünsiyyətin uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyi ehtimalı olduğunu bildirmişdir. Həmçinin anasının təsiri altında uşaq da yaxın qohumlarını tanımadığını və onlarla ünsiyyətdə olmaq istəmədiyini vurğulamışdır. Bu səbəblə də ona uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması barədə məhkəməyə müraciət etməsi barədə 19 yanvar 2022-ci il tarixdə cavab verilmişdir. Cavabdeh onun barəsində uşaqda mənfi rəy formalaşdırır, uşaqda nənəyə qarşı mənfi emosiyaların formalaşmasına şərait yaradır, bu da uşağın ona olan münasibətinə çox ciddi şəkildə mənfi təsir göstərir. Uşağa bu cür təsir göstərilməsi təbii ki, onun tərbiyəsinə, psixi inkişafına pis təsir göstərəcəkdir, halbuki uşağın normal inkişafı üçün onun yaxın qohumlarının qayğısı ilə əhatə olunması zəruridir. Cavabdeh uşağın onun himayəsində qalmasından və valideynlik hüquqlarından sui istifadə edir, uşağın onunla normal qaydada ünsiyyətdə olmasına ciddi maneələr yaradır.

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Nümayəndə ilə 12 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan 09 aprel 2012-ci il təvəllüdlü Zəhra anadan olmuş, ailə münasibətləri çox qısa sürmüş, Nümayəndə ailədə gərgin, emosianal olması və şiddət göstərməsi, yəni onu təhqir edərək döyməsi səbəbindən ailə münasibətləri cəmi bir neçə ay çəkmişdir. Qızı Zəhra o, atası evində olarkən doğulmuş, Nümayəndələ nikahı Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş və övladı Zəhra onun himayəsində saxlanılmışdır. Məhkəmə azyaşlı övladı Zəhranın üç yaşına çatana kimi hər ay 50 (əlli) manat və yetkinlik yaşına çatanadək saxlanması üçün 93 manat aliment ödənilməsini qət etmiş, lakin Nümayəndə üç yaşına çatanadək hər ay ödənilməsi qət edilmiş 50 manat pul məbləğini Ali Məhkəməyədək şikayət edərək ləğv etdirmişdir. Övladı anadan olandan altı il sonra Nümayəndə uşaqla ünsiyyət üçün məhkəməyə müraciət etmiş və məhkəmə də qanuna müvafiq uşaqla ünsiyyət hüququ vermişdir. Nümayəndələ Zəhranın ünsiyyət hüququ barədə Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar Sabunçu rayon İcra Şöbəsində və müxtəlif yerlərdə görüş keçirilsə də ünsiyyət alınmamışdır. Belə ki, Nümayəndə özünü çox emosianal və gərgin aparmasından Zəhra qorxmuş və onunla ünsüyyətdən imtina etmişdir. Onun iştirakı ilə görüş zamanı Nümayəndə Zəhranı özü ilə evlərinə aparmaq istəyəndə Zəhra getməkdən imtina etmiş, Nümayəndə isə ona bildirmişdir ki, “uşaq özbaşına deyil ki, bir şillə vur otursun maşına” deyərək Zəhraya qarşı çox kobud rəftar etmişdir. Onun bu sözündən Zəhra bərk qorxmuşdur. Görüşlər bir neçə dəfə həm nümayəndələrin, həm də icra hakimiyyəti tərəfindən təyin edilmiş psixoloqun iştirakı ilə təşkil edilsə də, Zəhra qorxduğu üçün Nümayəndələ ünsiyyəti alınmamışdır. Hər dəfə də görüşdən Zəhra imtina etmişdir. Zəhra doğulduğu gündən altı il ərzində həm atasını, həm də iddiaçı Reyhan Quliyevanı 10 ilə yaxın müddət ərzində görməmişdir. Buna baxmayaraq Zəhranın hazırda iddiaçı olan nənəsi Reyhan Quliyeva ilə görüşərək ünsiyyətdə olması barədə Zəhranın özü ilə dəfələrlə söhbət etməyinə baxmayaraq o, görüşdən qəti şəkildə imtina etmişdir. Ünsiyyətlə bağlı Zəhra ilə söhbətlər onun psixologiyasına çox pis təsir etmiş, hər dəfə görüşdən danışarkən psixoloji sarsıntı keçirmiş, bir neçə gün özünə qapanıb heç kimlə danışmayaraq ağlamışdır. Hətta ona söyləmişdir ki, “sən məni istəmədiyinə görə onlara vermək istəyirsən”. Ona görə də “heç kimi görmək istəmirəm” deyərək bir neçə gün oxuduğu orta məktəbə də getməmişdir. X4 ona qarşı uşaqla ünsiyyətdə yaradılan maneənin aradan qaldırılması tələbi ilə hazırda məhkəməyə müraciət etsə də, özü nənə kimi nəvəsi Zəhra ilə doğulduğu vaxtdan halhazıradək heç vaxt ünsiyyət qurmamış və görüşmək təşəbbüsündə olmamışdır. Nədənsə hazırda ünsiyyətdə olmaq istəmişdir. Zəhra da nənəsini heç vaxt görməmiş və tanımır. Ona görə də Zəhranın iradəsi əleyhinə olacaq və onun psixologiyasına mənfi təsir göstərəcək hər hansı görüşün olmasını istəmir. Qanunvericilik nəvə ilə uşağın ünsüyyyətdə olmaq hüququna malik olmasını qeyd etsə də, bu hüququn uşağın mənafeyi nəzərə alınmaqla tətbiqini nəzərdə tutmuşdur. Hazırkı vəziyyətdə cavabdeh kimi o, nənə ilə ünsiyyətə etiraz etməmiş və heç bir maneə yaratmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə iclasında təhsil aldığı məktəbin müəlliməsinin iştirakı ilə dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X11 nənəsini sevmədiyini, onunla görüşməkdən imtina etdiyini, onları görmədiyini, bundan sonra da görmək istəmədiyini bildirmişdir.

12. Məhkəmə iclasında dindirilən 74 saylı məktəbin müəlliməsi X10 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X11 dərslərində fəal iştirak edir, psixoloji durumu normaldır. Bir neçə dəfə söhbət zamanı ona yaxın qohumları ilə görüşməyi təklif edilsə də, o bundan qəti şəkildə imtina etmişdir.

13. Məhkəmə mübahisə ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasından rəy istəmiş, həmin qurumun verdiyi 1/852 nömrəli 05 avqust 2022-ci il tarixli rəydə göstərilmişdir ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00dək Rayon İcra Şöbəsində ünsiyyət vaxtının təyin edilməsi məqsədəmüvafiq hesab edilir.

14. Birinci instansiya məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar nəvəsi - xx.xx.2012-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 11:00dan saat 15:00-dək sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, nənə ilə nəvənin görüşməsinə maneə olan, nəvənin tərbiyəsinə və pisxologiyasına mənfi təsir edən hallar müəyyən edilməmişdir və uşağın yaşı, onun məktəbə getməli olduğu, habelə həftəsonu valdeyini ilə vaxt keçirməli olmasının mənafeyinə uyğun olması nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməlidir.

16. Mövqeyinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Ailə Məcəlləsinin 49.2-ci, 49.3-cü, 50.1-ci, 62.1-ci, 62.2-ci, 62.3-cü və 62.4-cü maddələrinə, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasına istinad etmişdir.

17. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilmədiyi hissədə - ləğv olunmasını, iddianın təmin edilməsi ilə bağlı hissədə dəyişdirilərək iddiaçıya xx.xx.2012-ci il təvəllüdlü Zəhra Quluzadə ilə hər həftənin şənbə günləri yaşadığı evdə sərbəst şəkildə ünsiyyət hüququnun həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına hərtərəfli qiymət vermədiyi, həftədə bir gün 4 saat vaxtın yetərli müddət olmadığını, ünsiyyətin iddiaçının evində həyata keçirilməsinə maneə törədən hər hansı halın olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

18. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə qarşı verdiyi etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini, azyaşlı uşağın nənəsi ilə görüşmək istəmədiyi barədə mövqeyini nəzərə almadığını, onun nənəsini ümumiyyətlə tanımadığına əhəmiyyət vermədiyini, gəldiyi nəticənin uşağın psixologiyasına mənfi təsir göstərəcəyini irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

19. X2 məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə özünün apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə onun şikayətinin əsassız olduğunu, özünün şikayətinin təmin edilməli olmasını bildirmişdir.

20. Reyhan Quliyevanın nümayəndəsinin və cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, Zəhra Quluzadə hazırkı dövrədək həqiqətən də nənəsi (iddiaçı) ilə görüşməmişdir və onu ümumiyyətlə tanımır, atası ilə görüşü isə cəmi bir-neçə dəfə münaqişəli vəziyyətdə baş tutmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

21. Maddə 50. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

22. Maddə 62. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.

“Uşaq hüquqları haqqında” Qanun

23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.

“Uşaq hüquqlarına dair” BMT Konvensiyası

24. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı

25. Bənd 2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

26. Bənd 4. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır.

27. Bənd 10. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünki qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış (§ 21-24) müddəalarına əsaslanan birinci instansiya məhkəməsi haqlı olaraq uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək ciddi səbəblərin müəyyən olunmadığını nəzərə almaqla iddiaçının nəvəsi ilə ünsiyyət hüququnun təmin edilməli olduğu qənaətinə gəlmişdir.

43. Nəzərə alınmalıdır ki, nəvəsi ilə ünsiyyətdə olmaq nənənin hüququ kimi təsbit edilmişdir və sadəcə uşağın nənəsi ilə görüşmək istəməməsinə əsaslanılaraq müvafiq iddianın rədd olunması qanunun məqsədinə uyğun deyildir.

44. Qeyd olunmalıdır ki, ünsiyyət hüququnun təmin olunması ilə bağlı qərarlar, həm də yaxın qohumlarla (hazırkı halda nənə ilə) uşaq arasında münasibətlərin bərpası və ünsiyyət bağının kəsilməsinin qarşısını almaq məqsədinə xidmət edir. Başqa sözlə, məhkəmənin qəbul etdiyi qərarın icra olunmasının mümkünsüzlüyü ilə bağlı irəli sürülən hallar (uşağın görüşmək istəməməsi, onun nənəsini tanımaması və s.) uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Belə hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar edilən hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında (§ 25-27) da məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.

46. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən nəvəsi ilə ünsiyyətdə olmaq istəyən nənənin və uşağın anasının (cavabdehin) iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, iddiaçı əsas hüquqlarından olan uşaqla ünsiyyət imkanından istifadə edə bilsin, eyni zamanda bu, uşağın və onun anasının da hüquqlarını pozmasın. Ümumiyyətlə bu qəbildən olan mübahisələrin həlli zamanı mövcud və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalı, məhkəmə tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşağın yaşı və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir.

47. Yuxarıda qeyd olunduğu kimi, uşağın atasına hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir və iddiaçı Reyhan Quliyeva, uşağın atası ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Başqa sözlə, iddiaçı uşağın atasına verilmiş görüş saatlarında uşaqla ünsiyyətdə olmaq imkanına sahibdir; onun tələb etdiyi ünsiyyət qaydasının təmin olunması isə belə bir nəticə yaradar ki, uşaq həftənin şənbə günlərində saat 10:00-dan 18:00-dək onlarla birlikdə qalmalıdır. Uşağın hazırkı dövrədək nənəsini görmədiyini və onunla görüşmək istəmədiyini nəzərə alan kollegiya belə nəticəni uşağın mənafeyinə uyğun hesab etmir, lakin uşaqla nənə arasında qohumluq münasibətinin tam kəsilməsinin qarşısını alacağına ümid edərək, onun öz hüququndan ataya verilən görüş vaxtının 2 saatı içərisində istifadə etməsinin məqsədəuyğun olacağı qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, iddiaçı bilavasitə özü ünsiyyət hüququnun məhz oğluna (uşağın atasına) verilən görüş saatlarının daxilində reallaşmasını istəmişdir.

48. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü, “yaşadığı evdə sərbəst şəkildə ünsiyyət hüququnun həyata keçirilməsi” xahişi ilə bağlı kollegiya həmçinin qeyd edir ki, həmin xahiş mahiyyətcə yeni tələbdir; apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (§ 35).

49. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında münasibətlərin, onlardan hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin sonradan dəyişməsindən asılı olaraq, eləcə də uşağın yaşının artması, təhsil almağa başlaması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər yaranmış yeni hallardan çıxış edərək müəyyən olunmuş ünsiyyət qaydasının dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2203/2022 saylı iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. X3 09 aprel 2012-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə gün saat 11:00-dan 13:00-dək ünsiyyətdə olmaq hüququ (görüş vaxtı) verilsin. Apellyasiya şikayəti verərkən Cavabdeh ödəmiş olduğu rüsum məbləği onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar