Məhkəmə qərarları › İş №2(103)-7798/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7798/2020

10.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7798/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş icarə haqqının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı 2(007)- 404/2020 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən ümumi sahəsi 177,8 kv.m olan qeyri-yaşayış sahəsini 11 ay müddətinə aylıq 2000 manat icarə haqqı ilə İddiaçı MMC-yə icarəyə vermişdir. İddiaçı MMC Cavabdeh qarşı həmin icarə müqaviləsinin məhkəmə qaydasında vaxtından əvvəl ləğv edilməsi barədə iddia qaldırmış, məhkəmə baxışı zamanı iddianı dəyişərək aralarında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 4000 manat icarə haqqının geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC 2018-ci ilin may ayında qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçib yanğından mühafizə və yanğınsöndürmə sahələri üzrə lisenziya almaqla həmin vaxtdan Bakı şəhəri Nizami rayonu 2-ci Köndələn küçəsi 2016-cı məhəllədə yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən “xxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətinə başlamışdır. 2019cu ilin iyun ayından başlayaraq Cavabdeh həmin ərazidə onların sahibkarlıq fəaliyyətinə süni maneələr yaratmağa başlamış, buna görə də İddiaçı MMC cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən ümumi sahəsi 177,8 kv.m olan anbar tipli qeyri-yaşayış binasını icarəyə götürməyə məcbur olmuşdur. İcarəyə götürülmüş sahə istismara yararsız və qəzalı vəziyyətdə olduğuna görə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən onların ünvanına çoxsaylı iradlar daxil olmuş, bu səbəbdən icarə obyekti vergi orqanında təsərrüfat (istehsalat) obyekti kimi uçota alınmamışdır. İddiaçı MMC müqavilə bağlanarkən icarəyə verilmiş qeyri-yaşayış sahəsinin qəzalı və istismara yararsız vəziyyətdə olmasını bilməmiş, Cavabdeh obyekti icarəyə verərkən bu qüsurları aradan qaldıracağına söz versə də, vədinə əməl etməmişdir. İddiaçı təşkilat icarəyə götürdüyü sahədən istifadə edə bilməsə də, cavabdehə 2 ay üçün 4000 manat icarə haqqı ödəmişdir. İcarə müqaviləsinin ləğvi barədə cavabdehə təklif göndərilsə də, cavabdeh icarə müqaviləsinə xitam verilməsindən imtina etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı olmamış, tərəflərin qarşılıqlı münasibətlərinə və faktlara uyğun əsaslandırılmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Tərəflər arasında icarə müqaviləsi Cavabdeh tərəfindən məcburetmə (zorakılıq və hədələmə) nəticəsində, habelə iddiaçı təşkilatın ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində son dərəcə əlverişsiz şərtlərlə bağlandığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 və 339.4-cü maddələrinə əsasən etibarsız hesab edilməli olduğu halda, birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh notariat kontoruna müraciət edərək Bakı şəhəri Nizami rayonu 2-ci Köndələn küçəsi, 2G ünvanında yerləşən ümumi sahəsi 177,8 kv.m olan daşınmaz əmlakın icarəsini həyata keçirmək istədiklərini bildirmiş, müqavilə bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsini imzaları ilə təsdiq etmişlər. Cavabdeh ilə İddiaçı MMC arasında xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin zorakılıq, hədə təsiri altında, şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanması barədə iddiaçı tərəf məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsi bağlanarkən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin qəzalı və istismara yararsız vəziyyətdə olmasının iddiaçı təşkilata məlum olmaması barədə iddiaçı tərəfin mülahizələri ağlabatan deyil. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar