Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7818/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3699/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, onun cavabdehlə aralarında olan rəsmi nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-2598/2018 saylı qətnamə vasiləsilə pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvvəllüdlü X6 və xx.xx.2017- ci il təvvllüdlü X5 adlı övladlarının onun yanında saxlanılmaları qət edilmişdir. Cavabdeh özü və onun vaiideyinləri ona azyaşlı övladlarının saxlanılması üçün lazımi maddi və mənəvi dəstəyi göstərəcəklərinə söz vermişdilər. Bu səbəbdən rəsmi nikahın məhkəmədə pozulması zamanı o, məhkəmədə bildirmişdir ki. alimentin tutulmasına dair hansısa bir tələbi yoxdur. Cavabdeh və ailəsi bugünə qədər verdikləri sözə əməl etməmişdir. Hazırda o, övladları ilə birlikdə öz ailəsinin himayəsindədir, övladlarının saxlanılması xərclərini onun valideyinləri çəkir. Uşaqların yaşları balaca olduğundan işə düzəlmək imkanı yoxdur. Hal-hazırda cavabdehin rəsmi iş yeri olmamasına baxmayaraq mütəmadi olaraq gəliri mövcuddur. Lakin əldə etdiyi gəliri övladlarına xərcləmir, həm maddi həm mənəvi cəhətdən etinasızlıq göstərir. Maddi vəziyyəti övladlarının saxlanılması üçün kilayət etmir. Cavabdeh də ata kimi öhdəsinə düşən məsuliyyəti yerinə yetirməli və övladlarının saxlanılmasında ona yardım etməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladlarının saxlanılmaları üçün hər bir uşaq üçün ayda 170 manat olmaqla, ümumilikdə 340 manat alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3699/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uaşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3699/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instasniya məhkəməsi cavabdeh tərəfindən göstərilən sübut və dəlilləri araşdırmamışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh uşaqlara heç bir maddi yardım göstərmir. Lakin cavabdeh və onun ailəsinin diqqəti hər zaman uşaqların üzərində olmuşdur. Cavabdeh hal-hazırda işsizdir. Başqa yerdən gəlir və qazancının olmamasına baxmayaraq uşaqlarına köməklik göstərəcək. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və alimentin miqdarının azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 564960 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxx 2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan AZ-İİİ seriyalı 899865 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2598/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia tələbi təmin edilmiş, tərəflər arasında xx xxxxx 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladlarının anaları-iddiaçı X1 yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh iddia tələbini qəbul etdiyini ərizədə qeyd etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla, iddiaçının göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının göstərdiyi dəlil, yəni işləməməsi, onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, cavabdeh məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmasına dair də məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, bu hallar da apellyasiya şikayətinin əsaslı olduğunu istisna edir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, cavabdehin izahatına, qeyd olunan normaların tələblərinə əsaslanaraq hesab edir ki, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin cavabdehdən tutulması uşaqların mənafeyi nöqteyi nəzərindən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3699/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7818/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7818/2020
30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver