Məhkəmə qərarları › İş №2(103)-7821/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7821/2020

06.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7821/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Fərhad Nağıyevin, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb: İddia ərizəsində tələb olunub ki, 102.900 manat pul cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələbin mahiyyəti ondan ibarətdir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə cavabehdən aldığı 102.900 manat pulu cavabdehə 1 dəfə qaytarmalı olduğu halda 2 dəfə qaytarmışdır: 1) cinayət işi üzrə istintaq dövründə; 2) alqı-satqı müqaviləsinin ləğvi zamanı. Hazırda iddiaçı tələb edir ki, 1-ci dəfə, yəni istintaq dövründə qaytardığı pul cavabdehdən tutularaq ona verilməlidir, çünki o, həmin pulu 2 dəfə qaytarmalı deyil. Tələbin həlli: Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, alqı-satqı müqaviləsinin ləğvi zamanı 102.900 manat pulun iddiaçının adından cavabdehə qaytarılması formal həyata keçirilib, iddiaçının adından qaytarılan həmin pul əslində cavabdehə məxsus olub. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Apelyasiya şikayəti iddia tələbinə oxşar əsaslandırılıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Fərhad Nağıyev apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Üçüncü şəxs Namik Mirzəyev (MTK-nın təsisçisi) məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Əvvəlcə 102.900 manat pulun təyinatı izah olunmalıdır. Cavabdeh MTK hündürmərtəbəli binanın inşasını həyata keçirib. İddiaçı isə həmin binanın inşası ilə əlaqədar mülkiyyətində olan daşınmaz əşyanı xx.xx.2018-ci il tarixli alqı-satqı-müqaviləsinə əsasən 102.900 manata cavabdehin təsisçisi Namik Mirzəyevə satıb. Həmin əşya qeyri-yaşayış sahəsidir, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 ünvanında yerləşir, ümumi sahəsi 70,5 kv.m təşkil edir, 1 mərtəbəlidir. Qeyri-yaşayış sahəsinin üstündə əlavə olaraq 2-ci və 3-cü mərtəbələr də olub, lakin həmin tikililər dövlət reyestrində qeydiyyatdan keçməyib. Ona görə də 2-ci və 3-cü mərtəbələrdəki tikililərə dair alqı-satqı müqaviləsi bağlanmayıb, alqı-satqı müqaviləsi yalnız 1 mərtəbəli qeyri-yaşayış sahəsinə münasibətdə bağlanıb, 102.900 manat pul da 1 mərtəbəli qeyri-yaşayış sahəsinə görə iddiaçıya ödənilib. Lakin tərəflərin arasında əldə edilmiş razılığa əsasən cavabdeh 2-ci və 3-cü mərtəbələrdəki tikililərin əvəzində üzərinə 2 öhdəlik götürüb: 1) iddiaçıya aid olan, digər qeyri-yaşayış sahəsində - Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işləri görəcək; 2) iddiaçıya aid olan, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivindəki torpaq sahəsində iddiaçı üçün üç mərtəbəli yaşayış evi inşa edəcək. Bundan sonra tərəflərin arasında fikir ayrılığı yaranıb və prokurorluqda cinayət işi başlanıb. Lakin tərəflərin arasında fikir ayrılığına dair razılıq əldə edilib, cinayət işi üzrə icraata isə hissəvi xitam verilib. 102.900 manatın qaytarılması ilə bağlı 2 hal mövcuddur: 1) cinayət işi üzrə istintaq dövründə qaytarılma; 2) alqı-satqı müqaviləsinin ləğvi zamanı qaytarılma. Məhkəmə həmin hallarla bağlı ardıcıllıqla aşağıdakıları qeyd edir: Cinayət işi üzrə istintaq dövründə qaytarılma: İddiaçı tərəf bildirir ki, cinayət işi üzrə istintaq zamanı fikir ayrılığına dair əldə edilmiş razılıq üzrə onun tərəfindən cavabdehə cəmi 324.608,5 manat pul qaytarıb. Bu məbləğin tərkibinə daxildir: 1) alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 102.900 manat; 2) təmir üçün cavabdeh tərəfində çəkilmiş xərcin əvəzi kimi 41.942,40 manat; 3) evin inşasına cavabdeh tərəfindən sərf edilmiş xərcin əvəzi kimi 179.766 manat. Ümumilikdə 324.608,5 manat pulun qaytarılması “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə” qərarda təsdiq olunub. Cavabdeh tərəf bildirir ki, 324.608,5 manatın hamısı pul şəklində qaytarılmayıb. Həmin pulun 140.000 manatı pul şəklində qaytarılıb, qalan 184.608,5 manatlıq hissəsi əmlak şəklində qaytarılıb. Əmlak şəklində qaytarılma göstərilən formada olub: iddiaçı “xxxxxxxxxxx” MTK-nın inşa etdiyi, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllədəki binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən 148 nömrəli mənzildən və MTK-dakı payından cavabdehin təsisçisi Namik Mirzəyevin xeyrinə imtina edib. Həmin mənzilin qiyməti qarşılıqlı razılıq əsasında 196.100 manat qiymətləndirilib. 196.100 manatla 184.608,5 manatın arasındakı fərq - 11.500 manat cavabdeh MTK-nın təsisçisi Namik Mirzəyev tərəfindən iddiaçının ərinə (hazırkı iş üzrə nümayəndəsi Fərhad Nağıyevə) ödənilib. Alqı-satqı müqaviləsinin ləğvi zamanı qaytarılma: Bütün bunlardan sonra xx.xx.2018-ci il tarixli alqı-satqı-müqaviləsinin ləğvinin rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, 102.900 manat pul iddiaçıya məhz həmin müqavilə üzrə verilmişdi. Alqı-satqı müqaviləsinin ləğv edilməsi məqsədlə xx.xx.2020-ci il tarixdə saziş bağlanmış və həmin sazişə əsasən 102.900 manat pul notariusun depozit hesabı vasitəsilə cavabdehə geri qaytarılmışdır. Depozit hesaba pulun iddiaçı tərəfindən köçürüldüyü sənədləşdirilsə də, əslində pul cavabdeh MTK-nın maliyyə direktoru Əli Hüseynzadə tərəfindən depozit hesaba köçürülmüşdür. Belə ki, iddiaçı qaytarmalı olduğu məbləği istintaq zamanı qaytarmışdır, onun eyni məbləği 2-ci dəfə cavabdehə qaytarması ağlabatan deyil. Müqavilə ləğv edildiyi halda pulun hərəkəti notariusun depozit hesabı vasitəsilə baş verməlidir, ona görə də 102.900 manat pulu depozit hesaba iddiaçının adından cavabdeh köçürmüşdür Depozit hesaba iddiaçının adından köçürülən 102.900 manat pulun cavabdehə məxsus olması sübut olunub, işin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün əsaslandırılıb. Beləliklə, iddiaçının 102.900 manat məbləğində pulu cavabdehə 2 dəfə ödəməsi müəyyən olunmur. Həmin məbləğin 2 dəfə ödənilməsi isə iddianın əsasını təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 1091-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia təmin edilə bilməz, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar