Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7827/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(005)-5949/2021 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: 16.11.2018-ci il tarixdə Kreditor borclular Borclu1, Borclu2 qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5949/2018 nömrəli, 19.11.2018ci il tarixli məhkəmə əmrinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 12800 ABŞ dolları məbləğində pulun tutulması əmr edilmişdir. Borclu2 14.06.2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək 19.11.2018-ci il tarixli məhkəmə əmrinin ləğv olunmasını və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim A.Novruzova, iş № 2(005)-5949/18) etiraz qanunla nəzərdə tutulmuş prosessual müddətin keçməsi əsası ilə geri qaytarılmışdır. Borclu2 bundan narazı qalaraq şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Borclu2 məhkəmə əmrinə verdiyi etirazı geri qaytararkən aşağıdakıları nəzərə almışdır. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)- 5949/2018 nömrəli, 19.11.2018-ci il tarixli məhkəmə əmri poçt vasitəsi ilə borcluya göndərilmişdir. Həmin vaxt borclu 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün həmin ünvana göndərilmişdir. Məhkəmə əmrinə etirazdan görünür ki, borclu hazırda etirazında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-5949/2018 nömrəli, 19.11.2018-ci il tarixli məhkəmə əmrindən nə vaxt xəbərdar olmasını göstərməmiş, həmin əmrə etiraz onun tərəfindən 3 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Bununla da, borclu tərəfindən məhkəmə əmrinə etiraz vermək üçün müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər; 283-cü maddəsinə görə borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Beləliklə, məhkəmə hesab etmişdir ki, Borclu2 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-5949/2018 nömrəli, 19.11.2018-ci il tarixli məhkəmə əmrinə etiraz vaxtında verilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərini əsassız sayaraq hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğv olunması üçün əsas vermir. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, işin 34-cü vərəqində olan məhkəmə bildirişinə əsasən Borclu2 mübahisələndirmək istədiyi məhkəmə əmrini 27 noyabr 2018-ci il tarixdə bildirişi şəxsən imzalamaqla rəsmi qaydada qəbul etmiş və bundan təxminən 2 il 6 ay sonra, yəni qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə həmin əmrə etiraz vermişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7827/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7827/2021
04.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver