Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7828/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1348/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 79/R nömrəli, xx.xx.2019-cu il tarixli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək Cavabdeh MMC-nin 79/R nömrəli, xx.xx.2019-cu il tarixli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əsassız işdən kənarlaşdırıldığı 01.12-xx.xx.2019-cu illərdə 1000 manat maddi ziyanın, bu aylar ərzində əsassız əmrə görə işsiz qaldığı karantin dövründə maddi vəziyyətinin daha da ağırlaşdığı üçün 6000 manat dəymiş maddi ziyanın və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 211 manat məbləğində çəkilən xərcin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Cavabdeh" MMC-də ilk iş yeri olmaqla xx.xx.2011-ci il tarixdən işə qəbul edilmişdir. Sonradan Cəmiyyətdə xx.xx.2012-ci il tarixdən 2 dərəcəli aşpaz kimi iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə o, əmək intizamına yol verməmişdir, hazırki dövrədək intizam tənbehi olmamışdır, daim də işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən kənarlaşdırılmışdır. O, işəgötürənə izahatını da vermiş, izahatda o, ofisant Sakitin hərəkətlərindən xəbərsiz olmağını qeyd etmişdir sifarişlərin yerinə yetirməməyinin əsas səbəbi isə qonaqların otel xidmətindən narazı qalmaması, müştəri məmunluğuna görə etməyini bildirmişdir. Bundan başqa izahatında gecə növbəsində olarkən qonaqların sifarişli otaqlarda ofisant Sakit tərəfindən qəbul edilməsini, sistemə yerləşdirməsini və ondan həmin yeməklərin hazırlanıb təcili qonaqlara verilməsi tələbi olmuşdur. Hətta o, ofisantda sistemdə olmayan yeməkləri ondan tələb etdikdə, ofisant Sakit sistemin çökməsini, sifarişi həmin an sistemə yerləşdirə bilməməsini qeyd etmiş, qonaqlar məmnun qalsın deyə, sifarişi gecikdirməməyi ondan təkidlə tələb etmişdir. Buna görə də o, sistemə vurulmuş yeməkləri hazırlayıb təcili qonaqlara ofisant vasitəsi ilə təqdim etmişdir. Cəmiyyətdə işlədiyi bu illər ərzində təxminən 3 il əvvəl iddiaçı sistemə vurulmayan yeməyi qonağa təqdim etmədikdə böyük söz-söhbət yaranmış, hətta ona raport yazılmış və işəgötürən tərəfindən şifahi xəbərdarlıq olmuşdur ki, qonaqlar oteldən məmnun getsin deyə, sifarişi tam icra etməyi iddiaçıya işəgötürən tərəfindən bildirilmişdir. Buna görə də əsas qonaqların oteldə olan xidmətdən narazı qalmaması, onların məmnunluğuna görə o aşpaz kimi sifarişi qəbul edib yeməyi hazırlayıb ofisant vasitəsilə təqdim etmişdir.Lakin yuxarıda qeyd olunanlara baxmayaraq işəgötürən də iddiaçını ofisant Sakitin hərəkətlərinə görə qərəzli olaraq tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam edilməsi barədə əmr vermişdir. İddiaçı və işəgötürən arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndinə əsasən işçinin əmək funksiyasının icrası nəzərdə tutulmuş, işəgötürən tərəfindən əmək funksiyasına aid olmayan işə görə iddiaçı əsassız olaraq intizam tənbehinə cəlb edilmişdir və cəzalandırılmışdır. İşəgötürən tərəfindən iddiaçıya verilmiş əmək müqaviləsinin xitam verilməsi haqqında 79/R nömrəli, xx.xx.2019-cu il tarixli əmri əsassız və qanunsuz hesab edilməsini bildirmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli iclasında cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə və iddia tələbinə dair etiraz təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən işçi öz vəzifə öddəliklərini vəzifə təlimatına uyğun yerinə yetirməyə razılıq verir. Həmin müqavilənin 8.2ci maddəsinə görə işçinin aşağıdakı vəzifələri vardır: öz əmək funksiyalarını peşəkar səviyyədə və vicdanla yerinə yetirmək; əmək intizamına və işəgötürənin daxili intizam qaydalarına əməl etmək; İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Əmək müqaviləsinin 13.1-ci maddəsində müəyyən olunub ki, işçi iş vaxtı ərzində bilavasitə istifadəsinə verilən işəgötürənin mülkiyyətində olan mexanizm, avadanlıq, cihaz, alətlər və digər əmlakın qorunmasına cavabdehdir. İddiaçı imzaladığı xx.xx.2014-cü il tarixli vəzifə təlimatında müəyyən olunub ki, işçi bütün tapşırıqları mövcud standartlara əməl edərək yerinə yetirir və mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir. Həmin Vəzifə təlimatının ixtisas tələbləri bölməsində müəyyən olunub ki, işçi Hilton İnternational şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etməli və Əməliyyat Şöbəsinin Direktoru, Baş Direktorun və Hilton İnternational şirkətinin tətbiq və müəyyən etdiyi sistem və prosedurlara əməl etməlidir.Digər işçilərlə bərabər İddiaçı da mətbəxdən yeməklərin buraxılması qaydası, yeməklərin yalnız xüsusi çek əsasında buraxılmasının zəruriliyi, hər hansı səbəbdən çeksiz yemək buraxıldığı halda bu barədə rəhbərliyə məlumat verilməsi barədə xüsusi kurs keçilmiş və iddiaçı bununla bağlı sənəddə imza etmişdir.Lakin yuxarıda qeyd olunanlara baxmayaraq İddiaçı öz əmək vəzifələrini pozaraq işəgötürənə maddi ziyan vuran hərəkətlər edib. Belə ki, o cavabdeh hüquqi şəxsin digər əməkdaşı - "Cavabdeh" MMC-də ofisiant vəzifəsində çalışan X1 oteldə qalan qonaqlar üçün dəfələrlə çeksiz yemək sifarişi qəbul edərək yemək hazırlayıb ona verib. Həmin sifarişlərin haqqı müştərilər tərəfindən ödənilsə də müəssisəyə təqdim edilməyib və Sakit Aslanov tərəfindən mənimsənilib. Sakit Aslanov müəssisəyə verdiyi xx.xx.2019-cu il tarixli izahatında 2019-cu ildən başlayaraq standartları pozduğunu, buna görə məsuliyyət daşıdığını, sifarişləri daim sistemə vurmadığını, qonaqlara başqa çek verdiyini, mətbəxə çek vermədiyini, yeməkləri çeksiz atdığını, aşbazlardan xahiş edib yemək alıb yediyini, aşbazların onun üçün yemək hazırladıqlarını, onlara əvəzində içki verdiyini, qonaqlara fərqli məbləğdə çek verdiyini, fərqli məbləğdə sistemə vurduğunu etiraf edib, o izahatında sistemin işləməməsi və ya onda hər hansı problem olması ilə bağlı aşbazlara hər hansı söz deməsini göstərməyib. İddiaçı müəssisəyə verdiyi xx.xx.2019-cu il tarixli izahatında əvvəcə çeksiz çıxan yeməklərdən xəbəri olmadığını bildirsə də, bütün zakazları Sakit adında insanın götürdüyünü, Sakitin ona hər dəfə sistemdə problem olduğunu, ya da özü apardığını, sistemin işləmədiyini, ona görə də çek vermədiyini, qonaq şikayət etməsin deyə o da çeksiz zakazı - yeməyi verdiyini, bu barədə heç kimə demədiyinə görə özünü günahkar hesab etdiyini, Sakitin ondan bir neçə dəfə yemək istədiyini, o da hazırlayıb verdiyini, Sakitin əvəzində ona kola verdiyini, bununla da standartları pozduğunu başa düşdüyünü, ona çeksiz yemək verməməli olmasının deyildiyini, bununla bağlı ona kurs keçildiyini, verdiyi sifarişlərin otelə maddi ziyan vurduğunu bildiyini etiraf edib. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da çeksiz yemək verilməməsi barədə müəssisə tərəfindən ona xüsusi kurs keçirildiyini, hər hansı səbəbdən çek vurulmadığı təqdirdə rəhbəliyi bu barədə xəbər etməli olmasının bildirildiyini, buna baxmayaraq, standartları pozaraq ofisiant Sakit Aslanovdan qonaqlar üçün çeksiz yemək sifarişi qəbul edib, yemək hazırlayıb verdiyini, habelə bir neçə dəfə şəxsən Sakit Aslanov üçün yemək hazırlayıb ona verdiyini, bunun əvəzində Sakitin ona kola içkisi verdiyini etiraf edib. Yuxarıda qeyd edilən əmək vəzifələrinin pozulması və müəssisəyə maddi ziyan dəyməsi ilə bağlı müəssisə və hər iki işçi tərəfindən xx.xx.2019cu il tarixli akt tərtib olunub və imzalanıb. Həmin aktda göstərilir ki, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixdə “Hilton Baku”da aparılan araşdırmalar nəticəsində Sakit Aslanovun qonaq tərəfindən verilən sifarişləri otelin "Micros” adlı proqramına düzgün daxil etməyib və yaxud sifarişləri ümumiyyətlə sistemə daxil etməyib, o sifarişin əsl dəyərini mənimsəyib, bununla öz əmək vəzifələrini cidd surətdə pozub və şirkətə maddi ziyan vurub. Öz növbəsində İddiaçı da öz əmək funksiyalarının icrasına məsuliyyətlə yanaşmayıb, daxili prosedurlara riayət etməyib və ofisiant Sakit Aslanova çeksiz yemək təqdim edib. İddiaçı iddia ərizəsində fəaliyyəti dövründə heç bir əmək intizamı pozuntusuna yol vermədiyini bildirib. Lakin bu həqiqətə uyğun deyil. Belə ki, o, dəfələrlə işdən evə müəyyən olunmuş vaxtdan tez getdiyinə görə onun izahatı alınıb və ona şifahi xəbərdarlıq edilib, xəbərdarlıq sənədində bu faktı etiraf edib və işdən vaxtından əvvəl getməsini anasının xəstə olması ilə əsaslandırıb və bir daha belə hallara yol verməyəcəyini bildirib. Beləliklə, iddiaçının iddia ərizəsində göstərdiyi məlumatlar, həm müəssisə tərəfindən ondan alınmış yazılı izahat, digər işçi Sakit Aslanovdan alınmış izahat, habelə iddiaçının bilavasitə məhkəmə iclasında verdiyi izahatlarla onun dəfələrlə çeksiz sifarişləri icra edərək qonaqlara yemək verməsi, habelə ofisiant Sakit Aslanova dəfələrlə şirkətin ərzaqlarından yemək bişirib verməsi, bəzi hallarda bunun müqavilində ondan içki qəbul etməsi və bununla da müəssisəyə maddi ziyan vurulması sübuta yetirilib. Bundan başqa iddiaçı iddia tələbi ilə bağlı qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini də ötürüb və bununla bağlı iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən məhkəməyə həm rəsmi qaydada, həm də elektron məhkəmə sistemi vasitəsilə ərizə verilib. Əmək Məcəlləsinin 186-cı maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdeh "Cavabdeh” MMC-nə qarşı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1348/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 02.12-xx.xx.2019cu ilədək işdən kənarlaşdırıldığı üçün 300 manat məbləğində dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 100 manatı tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsin qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı Səbail Rayon Məhkəməsinin 2(009)-1348/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsininin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə və vəsatətə münasibət bildirilərək xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, o, ilk iş fəaliyyətinə cavabdeh idarədə xx xxxxxx 2011- ci il tarixdə başlamışdır. Sonradan Cəmiyyətdə xx.xx.2012-ci il tarixdən 2 dərəcəli aşbaz kimi fəalliyyətini davam etdirmişdier. İşlədiyi müddətdə əmək intizamına yol verməmiş, hazırki dövrədək intizam tənbehi olmamış, daim də işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən kənarlaşdırılmışdır. O, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən kənarlaşdırıldıqdan sonra işə buraxılmamış, barəsində araşdırma aparılmış, əgər buna araşdırma demək olarsa, çünki araşdırma cəmi işçilər tərəfindən tərtib edilmiş akt, onun və ofısant Sakitin izahatları, ona aid olmayan hesabatlardan ibarətdir. Onun və ofisant Sakit barəsində birgə aparılmış xx.xx.2019-cu il tarixli Aktında onun xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli hesabatlarda iddiaçının və ofisant Sakitin əmək funksiyalarımı peşəkarlıqla yerinə yetirməməyi, vəzifə səlahiyyətlərindən suiistifadə etdikləri qeyd olunmuşdur. Qeyd edir ki, cavabdeh ona qarşı qərəzli olaraq barəsində məhkəmənin hökmü olmadan qanunsuz olaraq cinəyət etməkdə günahlandırmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktında onun ofısant Sakitə çeksiz yemək təqdim etməyi əmək funksiyalarını kobud şəkildə pozulmağı, barəsində aparılmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli hesablamaları nəzərə alaraq mənim Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əks olunmuş bəndlərə əsasən əmək funksiyasını kobud şəkildə pozmağı qeyd etmişlər. Həmin araşdırma nəticəsində onun barəsində intizam tənbehi Əmək müqaviləsinin xitam verilməsi barədə 79/R saylı, xx.xx.2019-cu il tarixdə əmr verilmişdir. Həmin əmrə nəzər salsaq əmrin məzmunda əmək qanunvericiliyin tələbləri kobud qaydada pozulmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli Aktında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əks olunmuş bəndlərə əsasən əmək funksiyasını kobud şəkildə pozmağı qeyd olunmuş, sonradan əmək müqaviləsinin xitam edilməsi barədə 79/R saylı, xx.xx.2019-cu il tarixdə əmrdə isə onun həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) həm də (72-ci maddəsinin “C” bəndindəki (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) hal baş verdiyi üçün)) əsasən xitam verilməsi öz əksini tapmışdır. Bu da əmək qanunvericliyin tələblərinin kobud qaydada pozulmasıdır. Belə ki, işəgötürən onu barəsində iki əsasla həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “C” bəndinə əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi cavabdeh tərəfindən tərtib edilmiş 79/R saylı, xx.xx.2019-cu il tarixdə əmrdə işəgötürən onun barəsində əmək qanunvericiliyin tələbinə zidd olaraq iki əsasla əmək müqaviləmə xitam vermiş, lakin məhkəmə bu halı pozuntu hesab etməmişdir. Məhkəmə qətnaməsində həmin əmri hansı əsaslarla qanunauyğun hesab edilməsini belə qeyd etməmişdir. Qeyd edir ki, məhkəmə prosesində onun işəgötürənə 44 manat həcmində maddi ziyan vurmağı müəyyən edilmişdir. Lakin məhkəmə onun izahatını əsas götürərək maddi ziyan vurma hissəsində işəgötürənin mövqeyini düzgün olması hesab etmiş, onun barəsində qanunuyğun əmrin verilməsi haqlı hesab edərək iddia tələbini təmin etməməklə səhvə yol vermişdir. İddiaçının işəgötürənə maddi ziyanın nəyin əsasında 44 manat hesablanmasını məhkəmə heç araşdırmamış, bunu araşdırma predmeti belə hesab etməmişdir. Maddi ziyanın hesablanması isə araşdırmanın mühim halı olduğunu bildirmişdir. Əgər o cavabdehə maddi ziyan vurmuşdusra, bu barədə hüquq mühafizə orqanlarına müraciət olunmalı idi, bu hal yekun qərarda öz əksini tapmalı idi, nəyin əsasında işəgötürən onu cinayət etməkdə günahlandırılması ona məlum deyildir. Bundan başqa göstərdiyi hallar işəgötürən tərəfindən əmək qanunvericliyinin bir sıra maddi normalarının pozlduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddianın təmin olunmamış hissəsini mübahisələndirmişdir.(Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(009)-1348/2020 nömrəli qətnaməsi ilə “Cavabdeh MMC-nin 79/R nömrəli, xx.xx.2019-cu il tarixli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əsassız işdən kənarlaşdırıldığı 01.12xx.xx.2019-cu illərdə 1000 manat maddi ziyanın, bu aylar ərzində əsassız əmrə görə işsiz qaldığı karantin dövründə maddi vəziyyətinin daha da ağırlaşdığı üçün 6000 manat dəymiş maddi ziyanın və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 211 manat məbləğində çəkilən xərcin cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 02.12-xx.xx.2019-cu ilədək işdən kənarlaşdırıldığı üçün 300 manat məbləğində dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 100 manatı tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsin qət olunmuşdur.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkilli və nümayəndəsi Vəkil apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İş materiallarında olan əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı Bəyalı oğlu arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq 2-ci dərəcəli aşpaz vəzifəsinə təyin edilmişdir. Aylıq əmək haqqı 835 manat (vergilər və tutulmalar daxil olmaqla) təşkil edəcək. İş materiallarında olan 2-ci dərəcəli aşpazın vəzifə təlimatından görünür ki, əməkdaş vəzifəsini mövcud standartlara əməl edərək yerinə yetirməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, mövcud standartlara uyğun qaydalara əsasən qəbul edilən bütün sifarişlər ekspeditor tərəfindən POS printeri vasitəsilə hər bir xəttstansiyasına çağrılmış hesab edilməlidir, işçi yalnız talon əsasında hazırlanmalıdır, baş verən mümkün problemləri, yaxud qonaqların arzu və istəklərini müəyyən etmək məqsədilə baş aşpaz məlumatlandırılmalıdır. İş materiallarında olan 79/R saylı, xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, Yüzbaşov X2 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Əmrin verilməsinə əsas İddiaçı xx xxxxxx 2019-cu il tarixli izahatı və xx.xx.2019-cu il tarixli akt olmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli izahatdan görünür ki, İddiaçı Bəyalı oğlu vəzifəsini mövcud standartlara uyğun qaydalara əməl etmədiyini, otelə maddii ziyan vurduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxxxx 2011ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında 2-ci dərəcəli aşpaz vəzifəsində çalışan İddiaçı vəzifə təlimatında qeyd olunan əmək funksiyalarının icrasına məsuliyyətlə yanaşmamış, daxili prosedurlara riayət etməmiş və çeksiz yemək verməklə əmək funksiyalarını kobud şəkildə pozulduğu qeyd edilmiş, İddiaçı tanış olaraq öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 16885 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Bəyalı oğlu vəkil xidmətinə görə 211 manat pul köçürülmüşdür. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq 79/R nömrəli, xx.xx.2019-cu il tarixli əmrin etibarlığı üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmədiyi ilə bağlı 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.Belə ki, iş materiallarında olan (səh.99 və 101) xx xxxxxx 2019-cu il tarixli iddiaçının izahatdan görünür ki, İddiaçı Bəyalı oğlu vəzifəsini mövcud standartlara uyğun qaydalara əməl etmədiyini, otelə maddii ziyan vurduğunu bildirmişdir, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xx xxxxxx 2011-ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında 2-ci dərəcəli aşpaz vəzifəsində çalışan İddiaçı vəzifə təlimatında qeyd olunan əmək funksiyalarının icrasına məsuliyyətlə yanaşmamış, daxili prosedurlara riayət etməmiş və çeksiz yemək verməklə əmək funksiyalarını kobud şəkildə pozulduğu qeyd edilmiş, İddiaçı həmin aktla tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, iddiaçının qanunla qorunan hüquqları pozulmadığından iddia tələbinin əmrin ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, İddianın işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və.s. hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələblər də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1348/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7828/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7828/2020
05.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver