Məhkəmə qərarları › İş №2(103)-7834/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7834/2020

28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7834/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-1707/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(12)-984/2012 saylı qətnaməsi ilə övladı Cavabdeh2 görə ondan hər ay tutulan alimenti ödəməkdən azad olunması və Cavabdeh2 onun xeyrinə hər ay 50 manat alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-1707/20) iddia təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verərək bu qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikahlarından 1992-ci ilin avqust ayının 18-də Cavabdeh2 adlı övladları dünyaya gəlmişdir. Onların nikahına xx xxxx 1994-cü ildə xitam verilmişdir. 2012-ci ilin avqust ayının 17-də Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 müalicəsi üçün ondan hər ay 70 manat məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə çıxarılmışdır. Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 170.1, 29, 177.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu ilin iyun ayının 5-də azadlığa çıxmışdır. Cavabdeh2 oğurluq və yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmə maddələri ilə məhkum olunması onu göstərir ki, onun ruhi cəhətdən heç bir xəstəliyi yoxdur, əks halda o, cinayət məsuliyyətinə cəlb oluna bilməzdi. Bundan başqa, xx.xx.2013-cü il tarixdən ona yaşa görə pensiya təyin edilib. 2019-cu ilin dekabrın 31-dək 185,96 manat, 2020-ci ilin 01 yanvar tarixindən sonra isə 200 manat pensiya alır. Əmək qabiliyyətini tamamilə itirib, bir neçə ildir ki ürək-damar, yüksək təzyiq, şəkər xəstəliyindən əziyyət çəkir, bir neçə dəfə ürək əməliyyatı və prostat vəzinin əməliyyatını keçirib. Səhhətində və maddi vəziyyətində olan dəyişiklik, eləcə də 70 yaşında olması ona əsas verir ki, artıq o, öğlunu yox, oğlu onu saxlamalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmunda olan apelyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığı ilə əsaslandırmışdır. İddiaçı və vəkili N.Abdullayev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməklə İddiaçı Cavabdeh2 görə aliment ödəməkdən azad olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 Səyəddin qızının nikahlarından xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(12)-984/2012 saylı qətnaməsi ilə Cavabdeh2 müalicə olunması üçün iddiaçıdan hər ay 70 manat sabit pul məbləğində ömürlük alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2857/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsində göstərilən 70 manat sabit pul məbləğində ömürlük alimentdən və aliment üzrə 1130 manat məbləğində borcu ödəməkdən azad olunması barədə iddiası təmin olunmuşdur. Cavabdehlərin həmin qətnamədən verdikləri apelyasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçının Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 70 manat alimenti xx.xx.2015-ci il tarixdən Cavabdeh2 cəzaçəkmə müddətinin başa çatacağı (cəzaçəkmə müəssisəsindən azad olunacağı) tarixədək ödəməkdən azad olunması və həmin qətnamə əsasında yaranmış aliment borcunun həmin dövrə hesablanmış məbləği həddində azad olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Dövlət X3 Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin edilmiş və hazırda onun pensiyası 200 manat təşkil edir. İddiaçının hazrkı iş üzrə tələbi övladı Cavabdeh2 görə ondan hər ay tutulan alimenti ödəməkdən azad olunması və Cavabdeh2 onun xeyrinə hər ay 50 manat alimentin tutulması barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1, 82.1, 112.1-ci maddələrinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmə bu zaman iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmamasını əsas götürmüşdür. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə yanlış nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: - övladı Cavabdeh2 görə ondan hər ay tutulan 70 manat məbləğində ömürlük alimenti ödəməkdən azad olunma; - Cavabdeh2 onun xeyrinə hər ay 50 manat alimentin tutulması. Birinci hissə üzrə tələbin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 80.1, 112.1-ci maddələri, ikinci hissə üzrə isə həmin Məcəllənin 82-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə iddianın birinci hissəsinin, yəni aliment ödəməkdən azad olunma tələbinin əsaslı olub-olmadığına qiymət verir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinin tələbinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Maddənin məzmunundan da göründüyü kimi, valideynin həmin maddədə nəzərdə tutulan aliment öhdəliyinin yaranması üçün iki halın mövcudluğu tələb olunur: yetkinlik yaşına çatmış övlad əmək qabiliyyətli olmamalıdır; onun maddi yardıma ehtiyacı olmalıdır. Həm də nəzərə alınmalıdır ki, valideynin aliment ödəmək vəzifəsinin yaranması üçün bu iki hal ayrılıqda deyil, birlikdə mövcud olmalıdır. Birinci hal, yəni yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması onun İ, İİ, İİİ qrup əlillik dərəcəsinə malik olmasını nəzərdə tutur. Bu halın mövcud olmaması ikinci halın mövcud olub-olmamasından asılı olmayaraq göstərilən maddə üzrə aliment təyin olunmasını istisna edir. Məhkəmə kollegiyası iş materiallarında xeyrinə aliment təyin edilən Cavabdeh2 əmək qabiliyyəti olmayan, yəni İ, İİ, İİİ qrup əlillik dərəcəsinə malik olmasını təsdiq edən hər hansı sübuta rast gəlmədi. İşin 34-cü vərəqində olan arayışa əsasən Cavabdeh2 Bakı şəhəri 28 saylı poliklinikada mülayim ifadəli nevrozabənzər sindrom diaqnozu üzrə qeydiyyatdadır. Cavabdeh1 apelyasiya baxışı zamanı Cavabdeh2 İ, İİ, İİİ qrup əlillik dərəcəsi təyin olunmadığını, onun əlillik dərəcəsinin olmadığını bildirdi. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 80.1-ci maddəsində nəzrdə tutulan əsasların mövcud olmadığını, eləcə də iddiaçının özünün artıq 70 yaşında olmaqla 200 manat təqaüd aldığını nəzərə alaraq hesab edir ki, iddiaçı Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə müvafiq olaraq yetkinlik yaşına çatmış övladı üçün təyin olunan ömürlük alimenti ödəməkdən azad edilməlidir. İddia tələbinin ikinci hissəsinə, yəni Cavabdeh2 iddiaçının xeyrinə hər ay 50 manat alimentin tutulmasına gəldikdə isə məhkəmə kollegiyası həmin hissədə tələbi əsaslı saymır. Belə ki, iddiaçı özü 70 yaşına çatmış olsa da, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu həddində təqaüd alır. Bundan başqa iddiaçı Cavabdeh2 ona aliment ödəmək üçün kifayət qədər vəsaitə malik olmasını və s. təsdiq edən sübutlar da təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 404-1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Əliyev X2 Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(012)-984/12 saylı qətnaməsi ilə müəyyən edilmiş 70 (yetmiş) manat sabit pul məbləğində alimenti ödəməkdən azad edilsin. İddia tələbi qalan hissədə, yəni Cavabdeh2 iddiaçının xeyrinə hər ay 50 manat alimentin tutulması hissəsində təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Emin Mehdiyev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar