Məhkəmə qərarları › İş №2(103)-7837/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7837/2019

18.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7837/2019 18.06.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3 və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2488/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmış əmək qabiliyyətli övladları - Cavabdeh1 və Cavabdeh2 onun saxlanması üçün hər ay 180 manat; əvvəlki 3 il (2016-2018) üzrə hər ay 180 manat hesablanmaqla, cəmi 6.480 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, yetkinlik yaşına çatmış əmək qabiliyyətli övladları - Cavabdeh1 və Cavabdeh2 ataları İddiaçı saxlanması üçün hər ay hər birindən 150 manat olmaqla, cəmi 300 manat; əvvəlki 3 il üzrə hər ay hər birindən 150 manat hesablanaraq, 2016-2018-ci illər üzrə hər il üçün hər birindən 1.800 manat olmaqla, cəmi 10.800 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2488/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh1 1-ci qrup əlil, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan xx.xx.1957-ci il təvəllüdlü atası İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh1 qarşı iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh2 qarşı iddia tələbi tam rədd edilməsi, Cavabdeh1 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edlməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edib: cavabder Cavabdeh2 özünün ailəsinin olmasını, himayəsində iki azyaşlı uşagı olmasını, revmatoid artrit xəstəsi olmaqla, səhhətindəki problemin aradan qaldırılması məqsədilə müalicə olmaqdan ötrü hər il bir neçə dəfə Türkiyə Respublikasına getməsini, həmçinin bank qarşısında borcun qaytarılması ilə bağlı öhdəliyinin olmasını və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 hazırkı iddia tələbi üzrə atasına aliment ödəmək iqtidarında deyildir. Bu səbəbdən tələb, Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh2 əmək qabliyyətli olub-olmamasını, gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, onun xəstəliyi və ailə vəziyyəti barədə məlumat verib. Lakin, Q.Z.Rafiq qızı gömrük Komitəsinin Biləsuvar Rayon Şöbəsində işləyir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehlər apellyasiya şikayətinə etiraz etdilər və şikayətin rədd edilməsini xahiş etdilər. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya mülki işə cavabdehlərin iştirakları olmadan baxılması qərara almışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin qismən ləğvinə və iddia tələbinin həmin hissədə təmin edilməsinə yönəldiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının mübahisələndirilən hissədə iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddiaçının şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması, cavabdehlərin apellyasiya şikayətləri olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı övladlarıdır. İddiaçı xx.xx.2006-cı ildən əmək qabiliyyəti olmayan 1-ci qrup əlildir. xx.xx.2010-cu ildə ona müddəsiz birinci qrup əlillik dərəcəsi təyin edilmişdir, daim kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. İddiaçı 19 saylı Poliklinikasının dispanser qeydiyyatındadır, xx.xx.2006-cı il tarixdən 1-ci qrup əlildir. Diaqnozu: keçirilmiş işemik insultun qalıq əlamətləri; sağ tərəfi hemiporez, hipertoniya xəstəliyi üçüncü dərəcə. Kollegiya tərəfindən həmçinin müəyyən edilmişdir ki, Türkiyə Respublikası Ankara şəhərindəki “MEDİCANA İnternational” Xəstəxanasının xx.xx.2018-ci il tarixli ******* nömrəli tibbi protokoluna əsasən Cavabdeh2 revmatoid atrtit xəstəsidir və orada müalicə alır. Cavabdeh2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağı var. “xxxxxxxxxxxxx" KB QSC ilə X4 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/1695/13 nömrəli kredit müqaviləsinə əsasən QSC “xxxxxxxxxxxxx” KB Bakı şəhəri yaşamal rayonu Yeni Yasamal-1 küçəsi 3 nömrəli evin 9 nömrəli mənzilinin alınması uçun X4 və Cavabdeh2 300 ay müddətin 50.000 manat kredit vermişdir. X4 Cavabdeh2 həyat yoldaşıdır, Azərbaycan Televiziya və Radio verilişləri” QSC-də müxbir vəzifəsində işləməklə 645 manat məbləğində əmək haqqı alır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cu maddəsinin V hissəsinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin qeyd edilən normalarına əsasən birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 münasibətdə rədd etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh2 Bakı Baş Gömrük İdarəsində “Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması” şöbəsində inpektor vəzifəsində çalışır və onun aylıq əmək haqqı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi 17.061,37 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Cavabdeh2 özünün müalicəsinə maddi vəsait sərf etməsi və bank qarşısında öhdəliyinin olması maddi köməyə ehtiyacı olan atasına maddi yardımın ödənilməsindən azad etmir. Belə ki, qanunvericiliyin tələbinə görə övladların bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacı olması tələb olunur. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə övladlar üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması, övladdan aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlardan aliment tələb etməyə əsas vermir.” İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, qoca və xəstə olduğuna görə maddi yardıma ehtiyacı vardır. Dövlət tərəfindən ödənilən təqaüd onun xəstəlik və əmək qabiliyyətinin olmaması ilə bağlı maddi ehtiyacını ödəmir. Birinci instansiyası məhkəməsi isə bu xüsusatlara qiymət verməmişdir. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən Cavabdeh2 ailə vəziyyətini, nəzərə alaraq hesab edir ki, X1 İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin 3 il üzrə hər ay hər birindən 150 manat hesablanaraq, 2016-2018-ci illər üzrə hər birindən 1.800 manat olmaqla, cəmi 10.800 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilir. Göründüyü kimi iddiaçı cavabdehlərdən əvvəlki illər üçün alimentin 3 illik müddət həddində tutulmasını tələb etsə də, cavabdehlərin iddiaçıya aliment ödəməkdən boyun qaçırmasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Halbu ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın Cavabdeh2 münasibətdə rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2488/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, X1 İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2488/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. X1 İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar