Məhkəmə qərarları › İş №2(103)-7842/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7842/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7842/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli (hakim İ.Rüstəmli, iş № 2(009)-1770/2021) qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Hazırda iddiaçı qərardaddan şikayət verərək onunn ləğv olunmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə onların tələblərini tam dəqiq öyrənməmişdir. Belə ki o, əvvəlki iddialarında sığorta hadisəsi nəticəsində ona məxsus heyvanların öldürülməsi ilə bağlı heyvanların dəyərini tələb etdiyi halda, hazırki iddiada isə həmin sığorta ödənişinin qərəzli olaraq, süründürməçilik yolu ilə 2 ildən çox bir müddət sonra gecikdirmə ilə ödənilməsinə görə dəbbə pulunu tələb etmişlər. Eyni tərəflər arasında eyni tələb, yəni, pul tələbi olsa da əsasımız fərqlidir. Səbail Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul eidlməsinən imtina edərkən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına əsaslanmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.5, 153.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər eyni olsa da, tələb fərqlidir. Belə ki, əvvəkli mülki işdə iddiaçının sığorta ödənişinin verilməsindən başqa tələbi mövcud olmamışdır. Hazırda isə iddiaçı sığorta ödənişinin vaxtında ödənilməməsi nəticəsində ona dəymiş zərəri tələb edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun. Mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar