Məhkəmə qərarları › İş №2(103)-7857/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7857/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7857/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh İmamverdi oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7050/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İmamverdi oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İmamverdi oğluna qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Əhmədov Ömər Vüqar oğlunun saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Əhmədov Ömər Vüqar oğlu dünyaya gəlmişdir. Cavabdehlə artıq xeyli müddətdir münasibətləri soyumuşdur. Cavabdeh uşaqla maraqlanmır, onun saxlanılmasında ehtiyaclarının ödənilməsində iştirak etmir. Heç bir maddi yardım göstərmir. Uşaq iddiaçının yanındadır və öz valideynlərinin köməkliyi ilə uşağa baxır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7050/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü Əhmədov Ömər Vüqar oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh İmamverdi oğlundan tutularaq X6 (İddiaçı) qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və aliment tələbi hissəsində 50 manat alimentin onun tərəfindən iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə onun hüquqları pozulmuş, mənafeyinə ziyan dəymişdir. Belə ki, məhkəmənin qətnaməsi ilə məhkəmə səhv və kobud hüquq pozuntuları ilə nəticələn qərar qəbul edərək, iddiaçının əsassız olaraq irəli sürdüyü tələbi təmin etmiş, çəkişmə prinsipinə riayət olmayaraq, onun məhkəmədə iştirakını təmin etməyərək, onun sübut və tələblərini məhkəməyə təqdim etmək hüququndan məhrum etmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi sübutları və məlumatları ətraflı şəkildə bildirməyərək, o məlumatları təhrif edərək və ya gizlədərək təqdim etmişdir. Belə ki, hazırda qanuni nikahla ailə kimi yaşamış olduğu iddiaçı, çox yaxşı bilmişdir ki, bundan əvvəldə qanuni nikahda olaraq ailəli olmuş və həmin nikahdan da əvvəldə övladları olmuşdur. Həmçinin əvvəlki həyat yoldaşına da uşağa görə aliment ödəyiçisidir. Bununla bağlı məhkəmə qətnaməsi vardır. Həmçinin hazırda əmək qabiliyyətini tam şəkildə itirmiş, ağır dərəcəli xəstə olaraq İİ qrup əlildir. Buna görə də bundan əvvəlki uşaq üçün, həmçinin hazırda olan aliment məbləğləri onun üçün tamamilə qeyri mütanasibdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İmamverdi oğlu apelyasiya şikayətini müdafiə etdərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, Cavabdeh İmamverdi oğlu yalnız aliment miqdarının müəyyən edilməsi hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7050/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında atayışdan görünür ki, Cavabdeh İmamverdi oğlu ilə X2 arasında xx xxxxxx 2018-ci ildə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan AZ-İV № 268756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Ömər Vüqar oğlu xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh İmamverdi oğlu, anası Mirzaeva Sakhibadir; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissənə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir.. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Apelyasiya şikayətinə əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh İİ qrup (ümumi) əlildir. Ona müddətsiz pensiya təyin edilmişdir və hazırda pensiya məbləği 585,03 manat təşkil edir. Həmçinin Cavabdeh İmamverdi oğlu əvvəlki nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X4 hər ay hər uşağa görə 136 manat 60 qəpik, cəmi 273 manat 20 qəpik sabit pul məbləğində aliment ödəyir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü Əhmədov Ömər Vüqar oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində müəyyənləşdirilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7050/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək 130 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İmamverdi oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7050/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək 130 manat məbləğində müəyyən edilisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar