Məhkəmə qərarları › İş №2(103)-7862/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7862/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7862/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi (vəkili) X1, digər İddiaçı2, cavabdehlərin nümayəndəsi (vəkili) X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiaçıların yaşadıqları, qeydiyyatda olduqları və yaşamalarına imkan verilməyən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsi (keçmiş 4-cü Kolsevaya küçəsi) ev 51-ə köçürülmələri, evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-3039/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzil Bakı şəhəri XDS-nin İK-si tərəfindən 31.10.1975-ci il tarixində 035757 saylı orderlə İddiaçı1 atası X2 verilmişdir. Orderdə X7, anası Səmayə Məmmədova, İddiaçı1, qardaşı Cavabdeh4, digər qardaşı Cavabdeh3 və bacısı Zülfiyyə Məmmədova göstərilmişdir. X5 ailə qurmuş, ər evinə köçmüş və orada qeydiyyata düşmüşdür. 1977-ci il tarixində bacısı Cavabdeh1 anadan olmuşdur. X7 2007-ci il tarixində vəfat etmişdir. İddiaçı1 1984-cü il tarixdə İddiaçı2 ilə ailə həyatı qurmuşdur. Toydan sonra həyat yoldaşı həmin evə gəlin gəlmiş, cehiz əmlakı da ora gətirilmişdir, otaqlardan biri onlara ayrılmış, onlar orada yaşamış, mübahisəli evdə övladları İddiaçı3 (Məmmədova), İddiaçı4, Şahnabad Məmmədova və İddiaçı5 (Məmmədova) anadan olmuşlar. Hal-hazırda mənzildə iddiaçı, onun həyat yoldaşı İddiaçı2, övladları İddiaçı3 (Məmmədova), İddiaçı4, Şahnabad Məmmədova və İddiaçı5 (Məmmədova), qardaşları Cavabdeh4, Cavabdeh3, qardaşının həyat yoldaşı Cavabdeh5, qardaşının qızı Cavabdeh2 və bacısı Cavabdeh1 qeydiyyatdadırlar. Sonradan aralarında böyük söz-söhbət, kommunal xərclərin ödənilməsi ilə bağlı mübahisə yarandığından iddiaçı qardaşlarından xahiş etmişdir ki, evi özəlləşdirib satıb, ayrılsınlar, lakin onlar razı olmamışlar. Atasının vəfatından sonra bacısı Cavabdeh1 onları evə buraxmır və hal-hazırda evdə oğlu ilə tək yaşayır. İddiaçı hesab edir ki, o və ailə üzvləri qeydiyyatda olduqları, yaşadıqları, bacısı Cavabdeh1 tərəfindən qovulduqları, yaşamağa imkan verilmədikləri evə köçürülməli və yaşadıqları həmin otaq onların istifadəsinə verilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı tərəf və onların nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişlər ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində yerləşən ev İddiaçı1 X7a order əsasında verilmişdir. İddiaçı1 1975-ci il tarixdən həmin evdə yaşamışdır.1984-cü il tarixdə o, İddiaçı2 ilə ailə həyatı qurmuşdur. 2013-cü il tarixdə onu və ailə üzvlərini cavabdehlər evdən qovmuşdur. İddiaçı hal-hazırda kürəkəninə məxsus olan evdə yaşayır. Həmin ünvanda mübahisəsi olunan fərdi yaşayış evindən başqa daha 3 özbaşına tikili olan fərdi yaşayış evləri vardır. Həmin özbaşına tikililərdən biri Cavabdeh3, digər iki ev isə İddiaçı1 kürəkənlərinə məxsusdur. İddiaçılar haqlı olaraq yaşadıqları və məcbur çıxarıldıqları evə köçürülmələrini xahiş edirlər. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehlərin nümayəndəsi iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvanda daha 3 fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən birini İddiaçı1 özü üçün tikmişdir və hazırda da orada yaşayır. İddiaçıların mübahisəli mənzilə köçürülməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianının təmin edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, Cavabdeh3la birgə nikaha daxil olduqdan bir müddət sonra Əhmədli qəsəbəsində və Binəqədi rayonunda kirayəyə götürülmüş evlərdə yaşamış, 2011-ci il tarixdən mübahisəli ünvana gələrək özlərinə ev tikmiş və orada birlikdə yaşamışlar. Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində 4 ədəd fərdi yaşayış evi mövcuddur. Həmin sahədə yerləşən mübahisə olunan evdən başqa digər ev ona, digəri İddiaçı1 kürəkəninə, o biri ev isə məhz İddiaçı1 məxsusdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianının təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh3 həm öz adından, həm də digər cavabdehlərin nümayəndəsi kimi iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində yerləşən ev onun atasına order əsasında 1975-ci il tarixdə verilmişdir. Həmin tarixdən o, göstərilən mənzildə yaşamışdır. 1993-1994-cü il tarixlərdə qardaşı İddiaçı1 həmin torpaq sahəsinin qonşuluğunda özünə ev tikmiş və hazırda həmin evdə yaşayır. Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində 4 ədəd fərdi yaşayış evi mövcuddur. Həmin sahədə yerləşən mübahisəsi olunan evdən başqa bir özbaşına tikili ona, digər ev İddiaçı1 kürəkəninə, o biri özbaşına tikili isə İddiaçı1 məxsusdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianının rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, atasının icarədarı olduğu evin orderində onun da adı qeyd olunmuşdur və o, həmin evdə pasport qeydiyyatındadır. Eyni zamanda, həyat yoldaşı və uşaqları da orada qeydiyyatdadır. O və ailəsi bacısı tərəfindən məcburi qovulanadək, yəni, 2013-cü ilədək mübahisəli mənzildə yaşamışlar. Məhkəmə cavabdehlərin ifadəsini onlardan üstün tutaraq göstərmişdir ki, guya o, 1993-1994-cü ildə həmin torpaq sahəsinin qonşuluğunda ev tikmişdir və həmin tarixdən orada yaşayır. Əgər ev tikib orada yaşayırsa, bu zaman qətnamədəki mübahisəli evdən 2013-cü ildə ailəsi ilə birlikdə çıxdığını qeyd edərkən hansı sübuta əsaslanmışdır? Digər tərəfdən 1993-1994-cü illərdə ev tikmişdirsə, hansı səbəbdən həmin evdə yaşamamışdır? Əslində məhkəmə həmin evə baxış keçirməli və orada həqiqətən əlavə evlər olduğunu, həmin evlərin kimə məxsus olmasını və orada kimlərin yaşamasını, mübahisəli evdə onların əmlakının olub-olmamasını şəxsən araşdırmalı idi. Onlar başqa yerə getməmişlər, evdən qovulmuşlar. Mübahisəli mənzildə qeydiyyatda olanlar hamı eyni hüquqa malikdir, onların heç birinin digərinin istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququ yoxdur. İddiaçı1 və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Digər İddiaçı2 da apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Cavabdehlərin nümayəndəsi (vəkili) isə izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında iddiaçılardan yalnız İddiaçı1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız ona aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzildir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyata alınmamış, order əsasında İddiaçı1 və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 atası mərhum X2 məxsus olmuşdur. İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mübahisəli mənzildə qeydiyyatda olsalar da, 2013-cü ildən həmin mənzildən köçmüşlər. İddiaçı Cavabdeh1 tərəfindən evdən qovulduğunu bildirsə də, cavabdeh bunu təsdiq etməmişdir. Həmçinin mübahisəli fərdi yaşayış evinin olduğu ünvanda daha üç fərdi yaşayış evi tikilmiş, yaşayış evlərindən birində iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqdadır. İddiaçı həmin evlərin ona yox, qızlarına (kürəkənlərinə) məxsus olduğunu bildirmişdir. Hazırda mübahisəli mənzildə Cavabdeh1 oğlu ilə birlikdə yaşayır. İddiaçının tələbi mübahisəli mənzilə köçürülmə, evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və gəldiyi nəticəni Azərbaycan Respublikasının 08.07.1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi ilə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıların mübahisəli mənzildən köçdükləri vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından onların həmin mənzildən yaşayış sahəsi 6 aydan artıq saxlanmadığından, iddiaçılar uzun müddət həmin mənzildən istifadə etmədiklərindən, davamlı surətdə yaşamaq üçün başqa yerə köçdüklərindən, bununla da iddiaçıların yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından, habelə iddiaçıların hazırda həmin ünvanda digər evdə qeydiyyatsız yaşadıqları müəyyən edildiyindən onların mübahisəli mənzilə köçürülmələri üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə iddianın “evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddiaçıların mübahisəli mənzilə köçürülməsi barədə iddiası təmin edilmədiyindən, göstərilən hissədə də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyatora aid hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli mənzildən 2013-cü ildə iradəsi ziddinə çıxarıldığını, qovulduğunu göstərsə də, nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı qeyd olunan halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının keçən müddət ərzində bununla bağlı nə hüquq mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməsi də müəyyən edilmədi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar