Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-787/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Zərdab rayonu, Çallı kəndində ona məxsus 0.27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 88,1 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə dair onunla cavabdeh Bank arasında xx.xx.2023-cü il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsinin” ləğv edilməklə həmin evlə bağlı yenidən qiymətləndirmənin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia tələbi müqavilənin ləğv edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmiş və ərizəyə bu qaydaya riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bununla da iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2.4 (ərizənin məzmununa dair tələb) və 150.1.6-cı (ərizəyə əlavə edilən sənədlərə dair tələb) maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsinin icraata qəbul edilməsini mümkün hesab etmiş Rayon Məhkəməsi həmin uyğunsuzluqları nəzərə almamış və MPM-in 152.1.6-cı maddəsinin tələbini (ərizənin geri qaytarılması tələbi) pozmuşdur. MPM-in 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Belə olan halda ərizəni baxılmamış saxlamalı olduğu halda, ərizəyə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmiş Rayon Məhkəməsi MPM-nin 259.0.1-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquq normasının tələbini pozmuş və bu pozuntu nəticədə qəbul edilməli olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. MPM-in 384.0.5-ci maddəsinin tələbinə görə, bu kimi hal apellyasiya icraatı zamanı aşkar edilərsə onda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qətnamənin ləğvi əsası apellyasiya şikayətinin dəlilləri ilə uzlaşmadığından, apellyasiya şikayəti qismən əsaslı hesab edilməlidir. Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-in 259, 384, 402-ci maddələrini tələblərini rəhbər tutan Məhkəmən QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi tələbi barədə” iddiası baxılmamış saxlanılsın. Qərardad dərhal qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-787/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-787/2024
09.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver