Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7873/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh2 MTK-nın nümayəndəsi X5 və üçüncü şəxs X1 vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X9, Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MTK arasında 14 dekabr 2020-ci il tarixdə tərtib edilmiş müqavilənin etibarsız sayılması, verdiyi 25.000 manat pulun X2 və 1.600 manat pulun "xxxx" MTK-dan alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş № 2(008)-2649/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayonunda yaşayır, Bakı şəhərində ev almaq niyyətində olmuş, 2020-ci ilin dekabr ayında Xırdalan şəhərində satılan evlərlə maraqlanarkən İnternet saytlarının birində bir nəfər şəxsin yeni tikilidə 2 otaqlı evi 25.000 manata satması barədə elana rast gəlmiş, elanda olan 070 ***-**-** nömrəsi ilə əlaqə saxlamış, telefona cavab verən Mehdiyev Vidadi adlı şəxs Xırdalan şəhərində 2 otaqlı yeni tikili aldığını, həmin evə 42.783 manat pul ödədiyini, hazırda pula ehtiyacı olduğundan 25.000 manata satdığını bildirmişdir. O, həmin şəxsdən evin sənədlərini yeznəsi Əhmədli Təmkinin vatsap nömrəsinə atmasını xahiş etmiş, 12 dekabr 2020-ci ildə müqavilə və maliyyə arayışının surəti Əhmədli Təmkinin vatsap nömrəsinə atılmış və 14 dekabr 2020-ci il tarixində onlar Əhmədli Təmkinlə birlikdə X11 şəhərində görüşmüşlər. V.Mehdiyev yarımçıq yeni tikilini onlara göstərmiş və tikilinin heç bir problemi olmadığını, 2021-ci ilin aprel ayına qədər təhvil veriləcəyini, təcili pul lazım olduğundan 25.000 manata satdığını bildirmişdir. Sonra onlar birlikdə Vidadi Mehdiyevə inanaraq tikilinin yanında olan bir ofisə getmiş, V.Mehdiyev onlara özünü MTK-nın müdiri adlandıran Emil Səməndərov adlı şəxslə tanış etmiş, Emil Səməndərov da onlara binanın heç bir problemi olmadığını, 2021- ci il aprel ayına kimi binanın təhvil veriləcəyini bildirmişdir. Payın satılması üçün kooperativə 1.600 manat pul ödənməsini də bildirmişdir. Onlar V.Mehdiyevə məxsus maşında ona 25.000 manat pulu vermişlər. Müqaviləni ada keçirtmək üçün 1.600 manat da Emil Səməndərova vermişlər. Müqavilə onun adına tərtib edilmiş və ona 25.000 manatın ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Təxminən bir həftə sonra o, internetdən və ayrı-ayrı qohumlardan öyrənmişdir ki, V.Mehdiyev və Emil Səməndərov əlaqəyə girib onu aldatmışlar. Belə ki, onu aldadıb satılan tikili uzun müddətdir ki, tamamlanmır, onu tikən MTK-nın sədri Emil Səməndərov bu binaya görə dəfələrlə məsuliyyətə cəlb edilib, mənzilləri müxtəlif adamlara satılması ilə bağlı məhkəmə mübahisələri olub. V.Mehdiyev də bunu bilərək mövcud olmayan problemli mənzili ona sataraq onu aldatmışdır. O, bunu biləndən sonra V.Mehdiyevlə telefonla əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır. 2021-ci ilin yanvar ayında yeznəsi Əhmədli Təmkin V.Mehdiyevin yaşadığı ünvanda olmuş və bu barədə ona bildirmişdir. V.Mehdiyev onu narahat etməməyi, kimə istəyirsə şikayət etməsini ona bildirmişdir. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən cavabdeh "Proqress 2016” MTK ilə 14 dekabr 2020-ci ildə bağlanmış müqavilə etibarsız sayılmalı, onun Vidadi Mehdiyevə verdiyi 25.000 manat pul və "xxxx" MTK-ya verdiyi 1.600 manat pul geri qaytarılmalıdır. Cavabdehlər hazır olmayan, tikintisində problem olan tikilini ona satarkən onu aldatmışlar və həqiqətə uyğun olmayan yalan məlumatlar vermişlər. Əgər V.Mehdiyev və Emil Səməndərov tikintini uzun müddət yarımçıq tikili kimi qalmasını, məhkəmə mübahisəsi olduğunu bildirsəydilər əlbətdə ki, o həmin müqaviləni bağlamazdı və 25.000 manat pulu V.Mehdiyevə verməzdi. Odur ki, cavabdeh "xxxx" MTK ilə onun arasında V.Mehdiyevin payının ona satılmasına dair tərtib edilmiş müqavilə aldatma yolu ilə bağlandığından etibarsız sayılmalıdır. Həmçinin MM-nin 337.5 maddəsinə əsasən V.Mehdiyevə verdiyi 25.000 manat pul və əlavə olaraq ondan "xxxx" MTK tərəfindən alınmış 1.600 manat pul geri qaytarılmalıdır. 14 dekabr 2020-ci il tarixli "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin məzmunundan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 65.82 kvadratmetr olan, izolə olunmuş 2 otaqdan ibarət 49 saylı mənzili pay kimi icraçı Proqres 2016” MTK payçı X6 ayırmağı öhdəsinə götürmüşdür. 14.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, payçı Əhmədli X10 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5ci blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 65.82 kvadratmetr olan, izolə olunmuş 2 otaqdan ibarət 49 saylı mənzili üçün 25000 manat məbləğində pul vəsaitini "xxxx" MTKya ödəmişdir. 14.12.2020-ci il tarixli payçı X12 tərəfindən tərtib edilmiş ərizədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 65.82 kvadratmetr olan, izolə olunmuş 2 otaqdan ibarət 49 saylı mənzil üzrə 28.04.2020-ci il tarixində bağlanmış müqavilənin ləğvinə və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası Cavabdeh2 Mənzil-Tikinti Kooperativinin 03 may 2021-ci il tarixli, 03/05 saylı sorğuya cavab məktubundan görünür ki, 29.01.2008-ci il tarixdə X13 adlı payçı "xxxx" MMC ilə aralarında bağlanmış (hüquqi varisi Cavabdeh2 MTK ) müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunan yaşayış binasından 3 blok, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 78.8 kvadrat metr olan 28 saylı mənzili əldə etmişdir. X7 razılıq ərizəsinə əsasən həmin 28 saylı mənzil 21.01.2017- ci ildə X8 adına keçirilmişdir. Bu barədə 21.01.2017-ci ildə müvafiq müqavilə bağlanmışdır. 21.01.2017-ci il tarixli müqavilənin əsasında 28.04.2020-ci ildə X12 ilə Cavabdeh2 MTK arasında yeni şərtlərlə yeni müqavilə bağlanmış və ünvan 3 ünvanda inşa olunan yaşayış binasından 3-cü blok, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 78.8 kvadrat metr olan 28 saylı mənzil deyil, ünvan 4 ünvanda inşa olunan yaşayış binasından 5 blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə keçirilmişdir. Miibahisələndirilən mənzil 14.12.2020-ci ildə İddiaçı adına keçirilmişdir. Lakin mübahisəli 49 (əvvəl 57) saylı mübahisəli mənzilə dair digər payçılarla təkrar müqavilələr bağlanmışdır. Belə ki, ilkin olaraq X3 ilə 23.03.2011-ci ildə "xxxx" MMC ilə, daha sonra (hüquqi varisi Cavabdeh2 MTK) ilə yeni şərtlərlə 17.09.2016-cı il tarixdə ünvan 5 ünvanda inşa olunan yaşayış binasından 5-ci blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. X4 ilə 10.11.2018-ci ildə təkrar olaraq ünvan 6 ünvanda inşa olunan yaşayış binasından 5 blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə dair müqavilə bağlanmışdır. Beləliklə, ünvan 7 ünvanda inşa olunan yaşayış binasından 5 blok, 9-cu mərtəbə, 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzilə dair aşağıdakı payçılarla qeyd edilən tarixlərdə müvafiq müqavilələr bağlanmışdır. 1. X3 17.09.2016-cı il; 2. X4 - 10.11.2018-ci il; 3.X12 - 28.04.2020-ci il; 4. İddiaçı - 14.12.2020-ci il. 17.09.2016-cı il tarixli X3 ilə və 10.11.2018-ci il tarixli X4 ilə bağlanmış müqavilələr qüvvədədir və ləğv edilməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər mübahisəli mənzilə dair əvvəlki payçıların mövcudluğunu ona bildirsəydilər, həmin payçılarla bağlanmış müqavilələrin olmasını və həmin müqavilələrin hələ də qüvvədə olmasını bilsəydi, o, Cavabdeh2 MTK ilə həmin müqaviləni bağlamazdı. Cavabdehlər bu hallar barədə susaraq onu aldatmışlar. Qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş edir. İdiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 MTK-nın nümayəndəsi iddianı qismən qəbul edərək müqavilə məbləğini təşkil edən 25 000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasına etiraz etmədiklərini göstərdi. O, eyni zamanda əlavə olaraq bildirdi ki, 1.600 manat pulun qaytarılması hissəsində iddianı qəbul etmir. Belə ki, həmin məbləğ sənədlərin rəsmiləşdirilməsi üçün verilmişdir. 13.10.2021-ci il tarixli məhkəmə iclasında izahat verən üçüncü şəxsin vəkili Vəkil1 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 MTK mübahisəli mənzilə dair hüquqlarını müdafiə etdiyi R.Fətəliyeva ilə də müqavilə bağlamışdır və R.Fətəliyevanın Cavabdeh2 MTK-ya qarşı ayrıca tələbləri olacaqdır. Cavabdeh X12 və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti ünvan 5 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa olunan yaşayış binasının 5-ci blok, 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 65.82 kvadrat metr olan 49 saylı mənzildir. Həmin mənzilə dair 28.04.2020ci ildə Cavabdeh2 MTK ilə X12 arasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. 14.12.2020-ci ildə Vidadi Mehdiyev müqavilədən imtina edərək mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə razılıq vermiş və həmin tarixdə Cavabdeh2 MTK ilə İddiaçı arasında mübahisəli mənzilə dair müqavilə bağlanmışdır. "xxxx" MTK 14.12.2020-ci il tarixdə mənzilin pay haqqını təşkil edən 25000 manat məbləğində pul vəsaitinin payçı İddiaçı tərəfindən tam şəkildə ödənilməsinə dair maliyyə arayışı vermişdir. İddiaçının tələbi "xxxx" MTK ilə bağlanmış 14.12.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi 25 000 manat pulun Vidadi Mehdiyevdən, 1600 manat pulun isə "xxxx" MTK-dan tutulub ona qaytarılması barədədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onu aldatmış, mənzilin problemli olduğunu ona söyləməmiş, faktiki mövcud olmayan problemli mənzili ona satmışlar. İddiaçı tələbini hüquqi cəhətdən Mülki Məcəllənin 339.2 və 337.5-ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 337 və 339-cu maddələrinin tam mətni aşağıdakı kimidir: Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman aşağıdakıları əsas götürmüşdür: - iddiaçı alqı-satqı müqaviləsini bağlayarkən tikinti ilə tanış olmuş, binanın yarımçıq olduğunu görmüş və 2021-ci ilin aprel ayı üçün təhvil veriləcəyi ona bildirilmişdir; - əqdin formasına aid edilən şərtlər pozulmamışdır, yalnız Cavabdeh2 MTK müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi şəkildə icra etməmişdir; - müqaviləyə və maliyyə arayışına əsasən iddiaçı mənzilin dəyəri olan 25000 manat məbləğində pul vəsaitini tam şəkildə Cavabdeh2 MTK-ya ödəmişdir. Bu səbəbdən də həmin pul vəsaiti Vidadi Mehdiyevdən tələb edilə bilməz; - iddiaçı tərəfindən 1.600 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MTK-ya ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi aldatma nəticəsində bağlanmış müqavilənin etibarsız hesab edilməsi və ödədiyi pul vəsaitlərinin ona qaytarılması barədədir. İddiaçı hesab edir ki, mənzil problemli olmaqla ondan əvvəl bir neçə nəfərə satılmış və onunla müqavilə bağlanarkən bu fakt ondan gizlədilmişdir. Cavabdeh2 MTK birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq arayış verərək mənzilin iddiaçıdan əvvəl bir neçə nəfərə satıldığını etiraf etmişdir. Cavabdeh2 MTK-nın 03 may 2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli mənzilə dair 17.09.2016-cı il tarixdə X3 ilə, 10.11.2018-ci il tarixdə X4 ilə, 28.04.2020-ci il tarixdə X12 ilə və nəhayət 14.12.2020-ci il tarixdə İddiaçı ilə müqavilələr bağlanmışdır. Məktubda həmçinin qeyd olunur ki, X3 ilə bağlanmış 17.09.2016-cı il tarixli və X4 ilə bağlanmış 10.11.2018-ci il tarixli müqavilələr qüvvədədir və ləğv edilməmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair iddiaçıdan öncə başqaları ilə müqavilələr bağlanmışdır və belə olan vəziyyətdə iddiaçı ilə həmin mənzilə dair müqavilə bağlana bilməzdi. Vidadi Mehdiyevin bu barədə məlumatlı olub-olmadığı işdən görünməsə də, Cavabdeh2 MTK-nın bundan məlumatlı olması mübahisəsizdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar barədə iddiaçı məlumatlı olmuş olsaydı heç bir halda mübahisəli mənzilə dair MTK ilə müqavilə bağlamazdı. MTK bu halları, yəni iddiaçının əqdi bağlayamacağı halları gizlətməklə, həmin hallar barədə susmaqla onu aldatmışdır. Bununla da iddiaçının həmin əqdi mübahisələndirmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə Mülki Məcəllənin 339.2-ci maddəsinin dispoziya əlamətləri ortadadır (mövcuddur). Məhkəmə kollegiyası onu da qeyd edir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur (maddə 339.3). Mülki Məcəllənin 339.5-ci maddəsinin tələbinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Yəni, etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh2 MTK-ya münasibətdə tamamilə sübuta yetirmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlməmiş, eləcə də mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə iddia qismən təmin olunmaqla müqavilə etibarsız sayılmalı, etibarsız əqd üzrə alınan 25 000 manat və müqavilənin rəsmiləşdirilməsi üçün alınmış 1600 manat Cavabdeh2 MTK-dan alınıb iddiaçıya qaytarılmalıdır. Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddianı qismən qəbul etmiş, müqavilə üzrə alınan məbləğin qaytarılmasına etiraz etmədiklərini göstərmişdir. Nümayəndə müqavilənin rəsmiləşdirilməsi üçün iddiaçıdan 1600 manat alındığını etiraf etsə də, həmin məbləğin qaytarılmasına razı olmadıqlarını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia qismən təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən müqavilə Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulan əsasla etibarsız hesab edildiyindən, iddiaçının etibarsız əqd üzrə və eləcə də müqavilənin rəsmiləşdirilməsi üçün ödədiyi məbləğlər müqavilə tərəfi olan MTK-dan tutulub ona qaytarılmalıdır. Bu baxımdan digər cavabdeh V.Mehdiyevə qarşı tələb təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız sayılsın. Müqavilə üzrə ödənilmiş 25.000 (iyirmi beş min) manat və müqavilənin rəsmiləşdirilməsi üçün ödənilmiş 1600 (bir min altı yüz) manat pul "xxxx" MTK-dan alınıb İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7873/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7873/2021
18.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver