Məhkəmə qərarları › İş №2(103)-7875/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7875/2021

17.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7875/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDƏRX-nə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən, “Ata və Oğul Rzazadə! Kəndli fermer MMC-yə 5 il müddətinə illik 7 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmiş, kreditin qaytarılmasının təminatı kimi iddiaçıya məxsus ünvan 1 ünvanda yeləşən 14 nömrəli mənzil 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 ASC-yə girov qoyulmuşdur. "xxxx" kəndli fermer MMC tərəfindən götürülən kredit üzrə müəyyən müddət ödəniş edilməsinə baxmayaraq, sonradan öhdəliklər vaxtında və lazımınca icra edilmədiyindən Cavabdeh1 ASC kredit müqaviləsinin ləğvi və tələbin ipotekaya yönəldilməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli 2(004)-1073/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" kəndli fermer MMC-dən ümumilikdə 31882,32 manat tutulması və tutmanın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması yolu ilə Cavabdeh1 ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" kəndli fermer MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində 31 mart 2015-ci il tarixdə baxılaraq qətnamə qismən dəyişdirilsə də ümumi tələb mahiyyəti üzrə dəyişdirilmədən saxlanılmış və iddiaçıya məxsus mənzilə tələb yönəldilmişdir. "xxxx" kəndli fermer MMC-nin Ali Məhkəməyə verdiyi kassasiya şikayəti 22 sentyabr 2015-ci il tarixdə təmin edilməmişdir. İddiaçının "xxxx" kəndli fermer MMC-yə verilmiş kreditlə bağlı hər hansı marağı olmamış, mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etməyinə səbəb sadəcə tanışlığa söykənən etibar meyarı olmuşdur. Xətai rayon İcra Şöbəsinin 17/74-6400/7 nömrəli 28 mart 2017-ci il tarixli sifarişinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilinin açıq hərracda satılmasına dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-959 saylı 31 mart 2015-ci il tarixli icra vərəqəsi “X2” MMC-yə göndərilmişdir. Həmin mənzil 22 may 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 85000 manat, 07 iyul 2017-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 72250 manata açıq hərraca çıxarılsa da sifarişçi olmadığından hərrac baş tutmamışdır. “X2” MMC Cavabdeh1 ASC-yə 14 iyul 2017-ci il tarixli 214 nömrəli məktub göndərərək hərracın tutmamasına dair “Kaspi” qəzetində müvafiq elanın dərc edildiyi qeyd edilmiş və Cavabdeh1 ASC-dən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbini rəhbər tutaraq ipoteka saxlayan kimi 30 təqvim günü ərzində ipoteka predmeti ilə əlaqədar münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin həmin məktubun üzərindən 30 gündən çox zaman keçməsinə baxmayaraq hal-hazıradək ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzil Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. Məlum olduğu kimi X7 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və Bakı Apelyasiya Məhkəməsinin30 aprel 2020-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslndırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmayan, maddi hüquq normasının pozulması ilə qəbul edilmiş qətnamədir. Belə ki, iddiaçının qənaətinə görə iddia etdiyi faktları, yəni, hərracın keçirilməsini, alıcı olmadığından mənzilin ipoteka saxlayana təklif edilməsini və ipoteka saxlayanın həmin mənzili əldə etməməsini, iş materiallarına qoşma edilmiş hərrac şirkətinin məktubu və açıq herracın keçirilməsinə dair bildiriş ilə təsdiq edildiyi bildirilmişdir Lakin iddia ərizəsinə qoşma olunan və iddiaçının qənaətinə görə iddia etdiyi faktları təsdiqləyən sənədlər arasında, yəni həm hərrac şirkətinin məktubunun, həm də açıq hərracın keçirilməsinə dair bildirişin ipoteka saxlayan Banka çatmasına dair mötəbər sübut aşkar edilməmişdir, yəni yoxdur. Qoşma olunan və iddiaçının dili ilə desək faktları təsdiqləyən sənədlərə nəzər yetirdik də, görmək olar ki, ipoteka saxlayan Bankın ünvanı kimi “ünvan 3 ki, 2017-ci ilin iyul-avqust ayları tarixində Bankın ünvanı “Az1022, ünvan 4yü kimi iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qüsurlu sənədləri qoşma edərək, hərracın keçirilməsini, herracda alıcı olmadığından mənzilin satılmamasını, həmin mənzilin ipoteka saxlayan Banka təklif edildiyini və Bankın mənzili əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansi mötəbər subutla əsaslanmamışdır, yəni nə bildirişlərin, nə təklifin Banka çatmasına, onun tərəfindən alımasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hətta bu qənaətə gəlmək olur ki, nə ipoteka saxlayanın, nə ipoteka qoyanın belə xəbəri olmamışdır. Bu hal iddia ərizəsinə qoşma edilən sənədlərdən açıq-aşkar görsənir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasen “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Göründüyü kimi ipotekaya xitam verilməsinin əsası kimi ipoteka predmetinin ipoteka saxlayan terefindən əldə edilməməsi hüquqi normanın tələbindən irəli gəlir və birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin Banka təklif edilsə də onun tərəfindən almaq istəməməsi kimi səhv nəticəyə gəlmiş, maddi hüquq norması olan “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etmiş və həmin normanı səhv tətbiq edərək ipotekaya xitam verilməsinə dair qətnamə çıxarmışdır. Bu da öz növbəsində ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Əvvəlki məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək hərraclardan xəbərlərinin olmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı və maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan “X2” MMC-nin 01 avqust 2017-ci il tarixli, 01/15-2 saylı açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, sifarişçiyə (Xətai Rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borclu (İddiaçı) 31 avqust 2017-ci il tarixdə saat 11:00-da baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir Bundan başqa işin araşdırılmış hallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi ilə 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, faiz borcu üzrə 2114,70 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin "xxxx" kəndli fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Əlİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 14 saylı və X1 mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" kəndli fermer MMC-nin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 12 faizi, yəni 2,45 manat iddiaçıya aid edilməsi, qalan 88 faizi, yəni 17,55 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" kəndli fermer MMC-dən tutularaq iddiaçının Cavabdeh1 ASCyə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatının iddiaçıdan, qalan 25 manatının isə cavabdeh "xxxx" kəndli fermer MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli qtənaməsi ilə Yasamal rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi qismən yəni faiz borcu üzrə 2114,70 manat məbləğində pul vəsaitinin "xxxx" kəndli fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə yəni 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin "xxxx" kəndli fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Əlİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 14 nömrəli və X1 mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" kəndli fermer MMC-nin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli icra vərəqəsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 14 nömrəli mənzilini 22 may 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 85000 manat, 07 iyul 2017-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 72250 manata açıq hərraca çıxarılsa da sifarişçi olmadığlndan hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən “X2” MMC 14 iyul 2017-ci il tarixli, 214 saylı məktubla ipoteka saxlayan Cavabdeh1 ASC-yə ipoteka predmetini almağı təklif etmiş, lakin cavabdeh tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator əsas dəlil kimi onu qeyd etmişdir ki, ipoteka saxlayan kimi bankın hərracın keçirilməsindən xəbəri olmamışdır. Əmlakı ümumiyyətlə onalara təklif olunmamışdır. Məhkəmə kollegiyası həmin dəlilləri əsasız hesab edərək aşağıdakıları qeyd etyməyi zəruri hesab edir. Belə ki, apellyasiya instansiya məhkəmənin qərardadı əsasında məhkəməyə təqdim olunmuş hərrac barədə sənədlərin (hərrac işinin) təsdiq edilmiş surətindən görünür ki, “X2” MMC-nin 14 iyul 2017-ci il tarixli, 214 saylı məktubla ipoteka saxlayan Cavabdeh1 ASC-yə ipoteka predmetini almağı təklif etmişdir; hərracın yekunları barədə 26.07.2017-ci il tarixli 05 nömrəli protokola əsasən Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirak etmiş və protokolu imzalamışdır. Bundan başqa 26.07.2017-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, hərracı keçirən “X2” MMC ilə Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 2 saylı evin 14 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Göründüyü kimi ipoteka predmeti olan əmlakın hərrac yolu ilə alqı-satqısında iştirak edən Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi alqı-satqı müqaviləsi imzalansa da, həmin əmlakın dəyərini ödəyərək əldə etməmişdir. Qeyd olunan hallar isə Cavabdeh1 ASC-nin hərracdan məlumatlı olmamasını təkzib edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmçinin, hüquqi müəyyənlik prinsipi kontekstində Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Bundan başqa, AİHM-in "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, ipoteka saxlayan Cavabdeh1 ASC ipoteka premetinin alqı-satqısına dair müqavilə imzalasa da, 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən, birinci instansiya məhkəməsinin qənaəti haqlı olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar