Məhkəmə qərarları › İş №2(103)-7880/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7880/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7880/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Teymur Qənbərovun iştirakı ilə, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin, əldən çıxmış faydanın, dəbbə pulunun və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişi kimi 5.000 manat, əldə çıxmış fayda kimi 5.000 manat, ödənişin gecikdirilməsinə görə hər gecikirilən günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulu, mənəvi zərərin əvəzi 5.000 manat, vəkilə çəkilmiş xərcin əvəzi kimi 110 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, sığorta ödənişi kimi 1.745 manat, dəbbə pulu kimi 100 manat, mənəvi zərərin əvəzi kimi 100 manat, vəkilin göstəridyi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 110 manat, dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 1 manat, cəmi 2.056 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə ekspertiza xərcinin tərəflərin arasında bölüşdürülməsi qət olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iddia tələbi 1.325 manat həddində təmin olunsun, qalan hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya məxsus olan “BMW5251” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.08.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində meaxniki zədə almışdır. X1 törətmişdir. Belə ki, o, idarə etdiyi “Mercedes Benz E240” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq iddiaçının avtomobilinə mexaniki zədə yetirmişdir. X3 mülki məsuliyyəti cavabdeh tərəfindən icbari qaydada sığortalandığına görə cavabdehin iddiaçıya sığorta ödənişi vermək vəzifəsi yaranmışdır. Hazırda mübahisə sığorta ödənişinin məbləği barədədir. Birinci instansiya məhkəməsi sığorta ödənişinin məbləğini 1.745 manat müəyyən edib. İddiaçı bu məbləği mübahisələndirməyib. Cavabdeh isə həmin məbləğlə razılaşmır, hesab edir ki, sığorta ödənişinin məbləği daha az - 1.325 manat müəyyən edilməlidir. Lakin sığorta ödənişinin məbləği düzgün olaraq 1.745 manat müəyyən edilib. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.10.2020-ci il tarixli, 9/2801 nömrəli ekspert rəyinə görə “BMW5251” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobiln təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.745,0 manat təşkil edir. Beləliklə, məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 17 və 18-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin məbləğinin düzgün olaraq 1.745 manat müəyyən edilib. O cümlədən dəbbə pulu kimi 100 manat tutulması həmin Qanunun 18.2-ci maddəsinin göstərişinə, mənəvi zərərin əvəzi kimi 100 manat tutulması Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə uyğundur. Odur ki, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar