Məhkəmə qərarları › İş №2(103)-789/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-789/2024

16.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-789/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi və əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1347/2023 nömrəli 21 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli akta görə xx.xx.2022-ci il tarixdə MXŞ-də İşçilərin işə gəlmə davamiyyətinin yoxlanılması aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Bundan əvvəlki günlərdə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenə də İddiaçı işə davamiyyətinin pozulduğu qeyd olunmuşdur.

2. 21.11.2022-ci il tarixli akta görə MXŞ-də əməliyyatçı vəzifəsində işləyən İddiaçı işə çıxmamağı barədə izahat tələb olunsa da, o, heç bir izahat verməyəcəyini bildirərək çıxıb getmişdir. İddiaçı heç bir üzülü səbəb olmadan işə gəlməmiş, izahat verməmiş və əvvəlki günlərdə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də işə davamiyyətinin pozulduğu qeyd olunmuşdur.

3. Teleqramlardan görünür ki, İddiaçı dəfələrlə zəng edib işə gəlməməsinin səbəbini öyrənməyə çalışsalar da, o, bu barədə nə məlumat, nə də ki, bir səbəb bildirməmişdir.

4. 02.12.2022-ci il tarixli məktuba görə İddiaçı işə gəlməməsi barədə filiala əsaslı sənəd təqdim edilməsi barədə teleqram ünvanlanmışdır, o isə teleqramı oxuyaraq “almaqdan imtina edirəm” yazaraq qeri qaytarmışdır. Bunu təsdiq edən “Güloğullar” poçt şöbə rəisinin 21.12.22-ci il tarixli izahatı işdə mövcuddur.

5. Rəqəmsal İnkişaf və Nəqliyyatı Nazirliyi Cavabdeh MMC Milli Operatorun Bərdə X2 İttifaqı Komitəsinin sədri Əkbər Talıbova ünvanladığı xx.xx.2022-ci il tarixli 103- 9\2\28509-22 məktubundan müəyyən edilir ki, X4 Cavabdeh MMC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli 103-900/28234-22 nömrəli məlumatda filialın Müştəri xidmətləri şöbəsinin (MXŞ) əməliyyatçısı İddiaçı uzun müddət üzürsüz səbəbdən iş buraxdığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi qaldırılmışdır. Məlumatla bağlı aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, MXŞ-nin əməliyyatçısı İddiaçı cari ilin noyabr ayının 14-ü tarixindən işə çıxmır. Dəfələrlə filialın aidiyyəti əməkdaşı tərəfindən onunla telefonla danışıldıqdan və işə çıxması barədə onun yaşadığı ünvana teleqram göndərildikdən sonra 21 noyabr tarixində İddiaçı iş yerinə gəlsə də, üzürsüz səbəbdən iş buraxmasının səbəbi barədə filiala heç bir sənəd və izahat verməmişdir. İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (“Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar”) tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına filialın Həmkarlar İttifaqı Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin Cavabdeh MMC-yə təqdim edilməsi Sizə tapşırılır. Həmçinin, bildirilir ki, göstərilən məsələnin müzakirəsi zamanı Həmkarlar Komitəsinin iclasındakı çıxışlar, səslənən fikirlər iclas protokolunda geniş və ətraflı əks olunmalı, qəbul olunacaq qərar iclasda iştirak edən komitə üzvlərinin hər biri tərəfindən imza edilməli, yol verilmiş nöqsanın sübutu üçün tələb olunan zəruri sənədlər (akt, izahat) protokola əlavə olunmalıdır.

6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC Filialının xx.xx.2022-ci il tarixli protokoluna görə Bərdə PF-nin MXŞ də Əməliyyatçı vəzifəsində işləyən İddiaçı üzrsüz səbəbdən işə gətmədiyinə görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsi barədə İnzibati şöbənin rəisi X3 MXŞ-nın əməliyyatçısı İddiaçı barədə Cavabdeh MMC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli 103-900/28234-22 saylı məktubu iştirakçılara oxuyaraq Bərdə X2 İttifaqı Komitəsi MXŞ-də Əməliyyatçı vəzifəsində işləyən İddiaçı heç bir səbəb olmadan işə çıxmadığı üçün onun 21 noyabr 2022-ci il tarixdə işə çıxmamağı barədə izahat verməməsi “Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar’’ tələblərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirildiyinə görə ƏM-nin 70-ci maddəsinin “ç" bəndinə əsasən, işdən azad edilməsi məsələsinə baxılması və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır.

7. xx.xx.2022-ci il tarixli Ə-4058/22 nömrəli əmrə əsasən, “Azərpoçt" MMC-nin X6 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmiş və İddiaçı xx.xx.2022-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş 3 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya son haqq-hesabın ödənilməsini təmin edilməsinə dair əmr verilmişdir.

8. İddiaçı xx.xx.2022-ci il tarixli Ə-4058/22 nömrəli əmrin surətini xx.xx.2023-cü il tarixində imzalayaraq qəbul etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işdən azad olunma barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayınadək hər ay 300 manat olmaqla ümumilikdə 2400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 46 ildir ki, poçt sistemində işləyir. 40 il isə ‘"Azərpoçt” MMC-nin X7 çalışıb. Qeyd etməyi zəruri hesab edir ki, poçtun müdiriyyəti tərəfindən 6 ildir təzyiqlərə məruz qalır. Belə ki, onu 6 il öncə tutduğu vəzifədən azad etmiş və onun yerinə başqa bir şəxsi pul müqabilində işə götürmüşdür. Lakin onu qanunsuz olaraq əmək müqaviləsi olmadan işində saxlamışlar, müdiriyyət tərəfindən ona aylıq əmək haqqı ödənilmişdir. Müdiriyyət 2022-ci ildə 65 yaşı tamam olması səbəbindən ona ərizə yazmağını və işdən könüllü çıxmağını bildirdikdə, o, 1 il ərzində ona vaxt verilməsini və bu işə çox ehtiyacı olduğunu bildirmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, müdiriyyət tərəfindən qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işinə xitam verilmişdir. İşlədiyi illər ərzində heç vaxt əmək və icra intizamını pozmamış, əmək funksiyasını və əmək müqaviləsindən irəli gələn bütün öhdəlikləri həmişə yerinə yetirmiş və heç vaxt intizam tənbehi almamışdır. Onu bu maddə ilə işindən azad etmələri ancaq ona qarşı qərəzli mövqedə olmalarını bir daha sübut edir. Bildirir ki, oğlu və ailəsi onun himayəsindədir. Oğlu illərdir ki, böyrək xəstəliyindən əziyyət çəkir və 7 dəfə əməliyyat olunmuşdur. Hazırda bir böyrəklə yaşayır, səhhəti heç də ürək açan deyil. Oğlunun işləmə qabiliyyəti olmadığı üçün onun pensiyası ilə ailəni və iki azyaşlı nəvəsini güclə saxlayır. Oğlunun əməliyyatı ilə əlaqədar banklara kifayət qədər borcu yaranmışdır. Yoldaşı da illər öncə rəhmətə getmişdir.

11. Cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, Ə-4058/22 nömrəli əmrin surətini xx.xx.2023-cü il tarixdə almışdır. Əmək Məcəlləsinin 296-ci maddəsinin birinci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. İddiaçı məhkəməyə 13 iyun 2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 avqust 2023-cü il tarixli 2(009)-1347/2023 nömrəli qətnaməsi ilə (qətnamədə buraxılmış yalnışlığın aradan qaldırılması barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) (hakim Rəna Qafarova) iddia rədd edilmişdir.

13. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin tələblərini, o cümlədən işçinin və işəgötürənin qarşılıqlı hüquq və vəzifələrini nəzərə alaraq, işəgötürənin hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməməsi və iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəf iddianı əsaslandırdığı halları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. İş materialları ilə təsdiq olunur ki, iddiaçı işdən azad olunması barədə əmri 17 yanvar 2023-cü il tarixdə almış, lakin əmri qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötdükdən sonra mübahisələndirmiş və bunun səbəblərini əsaslandırmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 70 “ç”, 72 “e”, 80.1, 186.2, 71, 296.2, 296.3, Mülki Məcəllənin 375, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

20. İddiaçı ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

21. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

22. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

24. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

26. Maddə 296, hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. Maddə 296, hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

37. Göründüyü kimi iddiaçı işə gəlməmiş və işdə olmamasının üzürlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Hazırda iddiaçının irəli sürdüyü formal əsaslarla qanuni və əsaslı əmrin ləğv edilməsi yolverilməzdir.

38. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.

39. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

40. Qanunvericiliyin tələbinə görə bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

41. İddiaçı işdən azad olunması barədə əmri 17 yanvar 2023-cü il tarixdə almış, lakin əmri qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötdükdən sonra mübahisələndirmiş (mediasiyaya xx.xx.2023-cü ildə müraciət etmişdir) və bunun səbəblərini əsaslandırmamışdır.

42. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1347/2023 nömrəli iş üzrə 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar