Məhkəmə qərarları › İş №2(103)-7898/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7898/2022

09.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7898/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli qərardaddan iddiaçı ASC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 11095-129397/22-15-12 saylı sifariş məktubunda göstərilmiş və ASC-nin istehsalda bilavasitə istifadə etdiyi əmlakın yerinə istehsalda istifadə edilməyən əmlakla əvəz edilməsi və cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən verilmiş 225 saylı “Əmlakın qiymətləndirilməsinə dair hesabatın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-323/2014 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən hazırki iş üzrə iddiaçı (həmin iş üzrə cavabdeh) ASC-dən pul tutulmalıdır. Həmin icra vərəqəsi icra edilməsi üçün hazırki iş üzrə cavabdeh olan İcra Şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən İcra Şöbəsi ASC-nin hal-hazırda istehsalda bilavasitə istifadə edilən 60 kub.metrlik qəlib qarışığı hazırlayan metal tutumlu bunker adlı 4 ədəd əmlakının üzərinə həbs qoyularaq onun qiymətləndirilməsi barədə 11095-129397/22-15- 12 saylı, xx.xx.2022-ci tarixli sifariş məktubunu icra edilməsi üçün cavabdeh MMC-yə göndərmişdir. MMC isə həmin əmlakın qiymətləndirilməsinə dair 225 saylı, xx.xx.2022-ci il tarixli “Hesabat” tərtib edərək, əmlakın hər birini 12.500 manata qiymətləndirmiş və “Hesabatda” həmin əmlakların istifadəyə yararsız, əsaslı təmirə ehtiyacı olduğunu qeyd etmişdir. Halbuki, cavabdeh MMC-nin "xxxx" göstərilən 4 adda əmlak (qəlib qarışığı hazırlayan metal tutumlu bunker) ASC-nin daimi fəaliyyəti üçün nəzərdə tutulmuş və hamısı saz və işlək vəziyyətdə olan avadanlıqlardır. Qeyd edilən qiymət əsassız və olduqca aşağı qiymətdir. ASC həmin əmlakdan istifadə edərək istehsal fəaliyyətini həyata keçirir. Buna görə də, İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubunda göstərilmiş və ASC-nin istehsalda bilavasitə istifadə etdiyi əmlak istehsalda istifadə edilməyən əmlakla əvəz edilməli və cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən verilmiş “Əmlakın qiymətləndirilməsinə dair hesabat” ləğv edilməlidir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsini iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmişdir. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı ASC-nin hazırki iş üzrə cavabdehlərə qarşı irəli sürdüyü tələbinə iddia icraatı qaydasında baxıla bilməz, iddia ərizəsində qeyd edilən məsələyə icra icraatı qaydasında baxılmalıdır. İddiaçı ASC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, barəsində verilmiş qərardadı qüvvəsində saxlayaraq, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 saylı qərardadında göstərilənlərə görə, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə görə, Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Göründüyü kimi əmlakın hərraca çıxarılması ilə bağlı əmlakın qiymətləndirilməsi üçün sifariş vermək hüququ icra məmurunun səlahiyyətinə aiddir və iddiaçı sifarişdə əsas götürülən qiymət ilə razılaşmırsa, qiymətləndirmə rəyini icra məmurunun hərəkətindən şikayət qaydasında mübahisələndirilə bilər. Odur ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Çünki MPM-nin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia ərizəsinin qeyd edilən əsasla qaytarılması barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadı əsaslıdır. Bununla yanaşı Məhkəmə iddiaçı ASC-nin diqqətinə çatdırır ki, onun hazırki iş üzrə cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsində qeyd etdiyi məsələ ilə bağlı icra icraatı qaydasında müvafiq məhkəməyə müraciət edərkən nəzərə almalıdır ki, onun istinad etdiyi icra vərəqəsi iqtisadi (kommersiya) icraat qaydasında baxılmış iş üzrə qəbul edilmiş qətnamə əsasında verilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 1325 saylı Sərəncamına əsasən isə, 2020-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində ayrı-ayrılıqda müvafiq olaraq inzibati məhkəmələr və kommersiya məhkəmələri təşkil edilmişdir. MPM-nin 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-nin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Buna görə də, ASC, hazırki iş üzrə cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsində qeyd etdiyi məsələ ilə bağlı icra icraatı qaydasında Bakı Kommersiya Məhkəməsinə müraciət etməlidir. Beləliklə də, apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Şikayətin təmin, Rayon Məhkəməsinin qərardadının isə ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunur ki, o, hazırki iş üzrə cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsində qeyd etdiyi məsələ ilə bağlı icra icraatı qaydasında Bakı Kommersiya Məhkəməsinə müraciət etməlidir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar