Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-791/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)-5091/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son haqq-hesabın və əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, şəxsi vəsaiti hesabına aldığı mal-material və tikililər üçün ödədiyi vəsaitin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində sex rəisi vəzifəsində işləmiş və 01 aprel 2020-ci il tarixində işdən azad edilmişdir. İşdən çıxdığı gün son haqq-hesabı və əmək kitabçası ona təqdim edilməmişdir. 01 aprel 2020-ci il tarixdə işdən çıxmağına baxmayaraq son haqqhesabı 08 may 2020-ci tarixində ona ödənilmiş, lakin dəfələrlə müəssisənin kadrlar şöbəsinin rəisinə müraciət etsə də, əmək kitabçası ona verilməmişdir. Bundan başqa işlədiyi müddət ərzində onun tərəfindən müəssisə üçün öz vəsaiti hesabına parnik təsərrüfatı sahəsinin damının bağlanması, 2 kilometrə yaxın su xəttinin çəkilməsi, 550 kvadrat metr yardımçı təsərrüfatın tikilməsi üçün material almış və bütün işləri öz şəxsi vəsaiti hesabına gördürmüşdür. Bundan əlavə bir ədəd işıq transformatoru, transformatorun işə salınması üçün lazım olan bütün material və bir ədəd özünə məxsus qaynaq aparatı (SAK) şəxsi vəsaiti ilə alınaraq lazımi sənədləri mühasibatlığa təqdim etmiş və müəssisənin rəhbəri tender keçiriləcəyini bildirərək onun pullarının veriləcəyini demişdir. Lakin tender keçirilsə də pulu ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)- 5091/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, son haqq-hesabın vaxtında verilməməsi və əmək kitabçasının gec qaytarılması məhkəmə araşdırması zamanı sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu müddətin pozulmasına hüquqi qiymət verməmişdir. Bundan əlavə, şəxsi vəsaiti hesabına həmin təşkilat üçün aldığı malmaterial və apardığı tikililər üçün sərf etdiyi pulun ödənilməsinə dair sənədlər idarənin mühasibatlığında mövcuddur, sorğu göndərməklə onları əldə etmək məhkəmənin səlahiyyəti çərçivəsindədir. Məhkəmə ətraflı araşdırma aparılmadan həmin hissədə də iddianı rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(103)-2219/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2021ci il tarixli 2(102)-4605/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi Əsgərov Xanəhməd Əli oğluna əmək kitabçasının və son haqq-hesabın vaxtında verilməməsinə görə ödənc verilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, apellyasiya baxışının predmetini Əsgərov Xanəhməd Əli oğluna əmək kitabçasının və son haqq-hesabın vaxtında verilməməsinə görə ödənc verilməsinin rədd edilməsi hissəsi təşkil edir. Apellyasiya icraatı zamanı təkrarən işə baxılarkən məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)-5091/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində sex rəisi vəzifəsində işləmiş və həmin Birliyin 27 mart 2020-ci il tarixli əmri ilə 01 aprel 2020-ci ildən işdən azad edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən İddiaçı hesabına 03 aprel 2020-ci ildə 815,05 manat, 08 may 2020-ci ildə isə 2731,21 manat pul köçürülmüşdür. Əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçıya 01 aprel 2020-ci ildə işdən azad edildiyinə görə 2731,21 manat pul hesablanaraq 08 may 2020-ci ildə ödənilmişdir. Bundan başqa iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı son haqq-hesabın vaxtında ödənilməməsinə görə gecikdirilmiş müddət üçün ödəncin verilməsi hissəsində rədd edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, iddiaçıya ödənilməli olan son-haqq hesab iddiaçıya işdən azad edildiyi gün, yəni 01 aprel 2020-ci il tarixində ödənilməli olduğu halda, həmin vəsaitin bir hissəsi 03 aprel 2020-ci ildə, qalan hissəsi isə 08 may 2020-ci il tarixində ödənilmişdir. Göründüyü kimi iddiaçıya ödənilməli olan son haqq-hesab gecikmə olmaqla ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.3-cü maddəsinə görə işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçıya ödənilməli olan son haqq-hesabın bir hissəsi ilkin olaraq 2 gün gecikmə ilə 03 aprel 2020-ci il tarixdə, qalan məbləğ isə 37 gün gecikmə ilə 08 may 2020-ci il tarixdə ödənilmişdir. İddiaçı işdən azad olunduqdan sonra ona 815,05+2731,21=3546,26 manat məbləğində pul hesablanıb ödənilmişdir. Göründüyü kimi, İddiaçı son haqq-hesabının 3546,26 manat hissəsi 2 gün, 2731,21 manat hissəsi isə 37 gün gecikdirilmə ilə ödənilmişdir. Qeyd edilənlərə əsasən, hər gecikdirilmiş gün üçün iddiaçıya ödənilməli olan ödənc məbləği əmək haqqının azı bir faizi nəzərə alınmaqla 01 aprel 2020-ci il tarixdən 03 aprel 2020-ci il tarixədək 3546,26 manat məbləğə görə 2 gün üçün 3546,26 : 100 x 2 =70,92 manat, 01 aprel 2020-ci il tarixdən 08 may 2020-ci il tarixədək 2731,21 manat məbləğə görə 37 gün üçün 2731,21 : 100 x 37 = 1010,55 manat, cəmi ödəncin məbləği 70,92 + 955,92 = 1081,47 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat iddiaçının son haqqhesabının ödənilməsinin gecikdirilməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslıdır. Bundan əlavə iddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən əmək kitabçasının ona vaxtında verilmədiyinə görə əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsini də tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Əmək Məcəlləsinin 172.6-ci maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsi zamanı məhkəmə iclasında ona təqdim edilmişdir. Cavabdehin nümayəndəsinın bildirdiyinə görə, əmək kitabçasının iddiaçıya təqdim edilməsi ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. İddiaçı isə izahatında əmək kitabçasının ona qaytarılması üçün müəssisə tərəfindən heç bir təşəbbüs göstərilmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı özü də əmək kitabçasının götürülməsinə cəhd göstərməmişdir. Beləliklə, əmək kitabçasının sonuncu iş günü iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi iş materialları ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, Əmək Məcəlləsinin 172.6-ci maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə yalnız işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı 1956-cı il təvəllüdlü olmaqla pensiya yaşına çatmış, habelə yenidən işə düzəlmək üçün müraciət etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya son haqqhesabın verilməsinin gecikdirilməsinə görə ödənc verilməsi hissəsində iddianı rədd edərkən birinci instansiya məhkəməsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmalı və apellyasiya baxışının predmeti olan hissədə iddia qismən təmin olunmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1081,47 manat olmaqla 5000 manatdan az olduğundan, qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(001)- 5091/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Əsgərov Xanəhməd Əli oğluna son haqq-hesabın vaxtında ödənilməməsinə görə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 1081,47 manat məbləğində pul vəsaiti tutulub iddiaçı Əsgərov Xanəhməd Əli oğluna ödənilsin. İddia tələbi əmək kitabçasının vaxtında verilməməsinə görə ödənc verilməsi hissəsində rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 7,5 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-791/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-791/2022
25.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver