Məhkəmə qərarları › İş №2(103)-7921/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7921/2020

23.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7921/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(006)-4575/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan iş üzrə Cavabdeh1 ASC-nin ləğvedicisi olan X1 verdiyi şikayətə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, “xxxxx” MMC, Cavabdeh3nə qarşı “ipotekaya xitam verilməsi tələbi barədə” iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə küçəsi, № 37 ünvanında yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin hərrac vasitəsi ilə satışının hazırki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayadırılması və ya satışının təşkilinin cavabdehlərə qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. Cavabdeh Bankın ləğvedicisi olan Fond həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı, mülkiyyətçisi olduğu ipoteka predmeti olan yaşayış sahəsinə dair ipotekaya xitam verilməsini xahiş edir. İddia tələbini onunla əsaslandırır ki, ipoteka predmeti olan mübahisəli yaşayış sahəsinə dair iki dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmamış, yaşayış sahəsi alınmamışdır. Hərrac baş tutmadığı üçün ipotekaya xitam verilməlidir. Göstərilən tələbə uyğun olaraq iddiaçı hərracın keçirilməsinin dayandırılmasını və keçirilməsinin qadağan edilməsi barədə iddia təmini tədbirinin tətbiqini xahiş edir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5058/2018 №-li mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən hazırkı iş üzrə cavabdeh Bankın xeyrinə tutulacaq borcun ödənilməsi üçün tutmanın hazırki iş üzrə iddiaçıya məxsus ipoteka predmeti olan yaşayış sahəsinə yönəldilməsi və bu məqsədlə yaşayış sahəsinin açıq hərracdan satılması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçı, yuxarıda qeyd edilən məhkəmə qətnaməsinə əsasən yaşayış sahəsinə dair həyata keçirilən icra hərəkətlərinin faktiki olaraq dayandırılmasına nail olmaq istəyir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin mənasına görə, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (maddə 17.1.4). Həmin Qanununun 19-cu maddəsinin mənasına görə, icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda – mübahisəyə mahiyyəti üzrə baxılanadək icraat dayandırılır (maddə 19.1.3.). Qeyd edilən maddi hüquq normalarının hazırki məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə həyata keçirilən icra hərəkətləri hazırki mülki işin baxılması ilə bağlı qəbul olunacaq qərarla dayandırıla bilməz. İşə baxan Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qət edilmiş halları nəzərə almamış, iddianın təmini tədbirinin görülməsi barədə ərizəni əsassız olaraq təmin etmişdir. Məhkəmə, şərh edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 ASC-nin ləğvedicisi olan X1 şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar