Məhkəmə qərarları › İş №2(103)-7924/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7924/2020

21.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7924/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “əmək haqqı və digər ödənişlərin verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3802/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə xx.xx.2020ci il tarixdən xitam verilməsi, İddiaçı məxsus əmək kitabçasının və digər haqqhesab sənədlərinin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi, boşdayanmaya görə 11.853 manat məbləğində əmək haqqının və istifadə edilməmiş məzuniyyət günlərinə görə 11.500 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə müraçiət edərək Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının “xxxxxxxxxxxx” ASC-nin Mərkəz filialında olan AZ12AİİB******************** hesabındakı 23.353 manat məbləğinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3802/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayəti müdafiə edərək, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, kollegiya onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iddianı təmin tədbirinin tətbiqinə dair ərizə təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Kollegiya qeyd edir ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına, eləcə də, cavabdehlərin bank hesablarının mövcud olub-olmadığının məhkəmə tərəfindən xüsusi olaraq araşdırılmasına ehtiyac yoxdur və qərarın icrası istiqamətində tədbirlər görülərkən bu kimi məsələlər aydınlaşdırıla bilər. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdehlər kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Hazırki mübahisənin halları baxımından məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi cavabdehdən ümumilikdə 23.353 manatın tutulmasından ibarətdir və iş materiallarından müəyyən olunur ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təminatı mövcüd deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, konkret mübahisədə cavabdehə qarşı olan tələbin həcmi, onun hər hansı mülki-hüquqi əqdlə təmin edilməməsi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtlərindən birinin məhkəmənin yekun aktının reallıqda icra edilməli olması iddianın təmini tədbirinin tətbiqini zəruri edir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Nəzərə alınmalıdır ki, tərəflər arasında mübahisənin gedişi zamanı cavabdehin bank hesabında olan pul vəsaitlərinin cavabdeh tərəfindən çıxarılması, iddiaçının tələbinin təmin olunması halında təmin olunmuş hüququn reallaşdırılmasını çətinləşdirə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etməyən birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh” MMCnin Azərbaycan Respublikasındakı filialının “xxxxxxxxxxxx” ASC-nin Mərkəz filialında olan AZ12AİİB******************** hesabındakı 23.353 manat məbləğinə həbs qoyulması, MMCnin bank hesablarından əmək haqqı, vergi və sığorta ödənişləri üçün pul vəsaitlərinin məxaric edilməsinə maneə yaratmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3802/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi təmin edilsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının “xxxxxxxxxxxx” ASCnin Mərkəz filialında olan AZ12AİİB******************** hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbinin həcmində, yəni 23.353 manat məbləğinə həbs qoyulsun. Bu qərardadın, Cavabdeh MMC-nin bank hesablarından əmək haqqı, vergi və sığorta ödənişləri üçün pul vəsaitlərinin məxaric edilməsinə maneə yaratmadığı nəzərə alınsın. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və “xxxxxxxxxxxx” ASC-yə həvalə olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar