Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7927/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti məhkəmənin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilməklə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamənin onun nümayəndəsinin (vəkilinin) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş olduğuna, şikayətin isə xx.xx.2022-ci il tarixdə verildiyinə istinad etsə də, həmin nümayəndə ilə mütəmadi xəbərləşə bilmədiyindən qətnamənin onun elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilməsindən xəbəri olmamış, xx.xx.2022-ci il tarixdə özü asan imza əldə etdikdən sonra sistemə daxil olaraq qətnamə barədə məlumat əldə etmiş və xx.xx.2022-ci il tarixdə ondan şikayət vermişdir. Məhkəmənin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman da ona əsaslanmışdır ki, qətnamə iddiaçının nümayəndəsinin (vəkilinin) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, iddiaçı isə apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra – 03 noyabr 2022-ci il tarixdə - vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.20221-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsinin (vəkilinin) elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə o, elektron sistem vasitəsilə apellyasiya şikayəti vermişdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, nümayəndəsi ilə mütəmadi xəbərləşmədiyindən qətnamənin nümayəndənin elektron kabinetinə yerləşdirilməsindən xəbər tutmadığını irəli sürməklə məhkəmənin müvafiq qərardadını mübahisələndirmişdir – hansı ki, bu hal, vaxtında verilməyən şikayətin geri qaytarılmaması üçün deyil, müddətin üzrlü səbəbdən ötürüldüyü qənaətinə gəlmək üçün əsas ola bilər. Nəzərə alınmalıdır ki, iddiaçı, onu təmsil edən nümayəndə ilə (vəkillə) müqavilə bağlamadığı, yaxud ona verdiyi etibarnaməni ləğv etdirdiyinə dair məhkəməyə hər hansı məlumat verməmişdir və belə olan halda nümayəndə tərəfindən qətnamənin ona vaxtında çatdırılmamasının məsuliyyətini məhkəmə daşıya bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3232/2022 saylı iş üzrə 04 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7927/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7927/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver