Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-793/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci instansiya məhkəməsində icraat barədə məlumat
1. İddiaçı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdeh MMC-nin X5 adlı sürücüsü MMC-yə məxsus “Daewoo BS 090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu xx.xx.2015-ci il tarixdə 20 saylı marşrut üzrə idarə edərkən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Bayraq meydanı istiqamətində, birinci hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini kobud surətdə pozmuş, yolnəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə zamanı iddiaçının övladı X6 ağır zərər vurmaya aid xəsarətlər almış və aldığı xəsarətlərdən xx.xx.2015-ci il tarixdə, saat 09:30-da xəstəxanada vəfat etmişdir. Hadisə ilə əlaqədar MMC-nin sürücüsü Söhrab İsayev cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü (İş № 1(009)-211/2015) ilə Söhrab İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmış və 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı bildirir ki, Söhrab İsayev cinayət məsuliyyətinə cəlb edilsə də, o, övladının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stressdən mənəvi əziyyət çəkir və hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi cavabdeh MMC tərəfindən ona ödənilməlidir. Çünki hadisəni törətmiş Söhrab İsayev cavabdeh MMC-nin işçisi olmuş və MMC, işçinin vurduğu zərərə görə maddi məsuliyyət daşıyır. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə MMC-dən onun xeyrinə 50.000 manat məbləğində pul tutulmalıdır.
2. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, iddia ərizəsində qeyd edilən yol-nəqliyyat hadisəsi MMC-nin sürücüsü olmuş Söhrab İsayev tərəfindən törədilsə də, onun qanunsuz hərəkətlərinə görə MMC məsuliyyət daşımamalıdır. Belə ki, Söhrab İsayev nəqliyyat vasitəsini idarə edərkən qanunvericiliyin, "xxxx" və onunla MMC arasında bağlanmış “Əmək müqaviləsinin” tələblərini pozmuş, nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, ...zərərvuranın əmək münasibətlərində olması halı Mülki Məcəllənin 1108-ci maddəsinin tətbiqini aradan qaldırmır və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahiblik edən şəxsin üzərinə düşür. Yəni, Mülki Məcəllənin 1108-ci maddəsində göstərilən mənbələrin fəaliyyəti ilə bağlı vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini, əmək müqaviləsinin olduğu halda da işəgötürən deyil, məhz qanuni sahiblik edən şəxs (hazırkı halda sürücü) daşımalıdır. Eyni zamanda qərarda qeyd olunur ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Sadalanan hüquq normalarından aydın olur ki, mülki hüquq pozuntusu (delikt) Söhrab İsayevin günahı ucbatından baş verdiyi üçün vurulmuş zərər onun tərəfindən qarşılanmalıdır.
3. İşə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilənləri və işin hallarını nəzərə alaraq (sürücü) X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
4. Söhrab İsayev üçüncü şəxs qismində işin baxılmasında iştirak edərək bildirmişdir ki, o, törətdiyi hadisəyə görə ona təyin edilmiş cəzanı çəkmişdir. Hazırda səhhətində problemlər yaranıb. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC-dən dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin cavabdeh MMC-yə aid edilməsini, bu məqsəd ilə cavabdeh MMC-dən 144 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC ilə əmək münasibətlərində olan Söhrab İsayev əmək vəzifələrini icra edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının övladı Əli Həsənzadə xəsarət almış və bir neçə gündən sonra vəfat etmişdir. Söhrab İsayev onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli hökmlə insan ölümü ilə nəticələnən həmin hadisənin törətməkdə təqsirli bilinmiş və müəyyən cəzaya məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Belə olan halda cavabdeh MMC işçisinin vurduğu zərərə görə maddi məsuliyyət daşıyır. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğə gəldikdə isə Rayon Məhkəməsi hesab etmişdir ki, Söhrab İsayevin törətdiyi hadisənin ağır nəticəyə səbəb olması, həmin hadisə zamanı iddiaçının övladının xəsarət alması, hadisədən 3 gün sonra aldığı xəsarətdən vəfat etməsi, bunun nəticəsində isə iddiaçının keçirtdiyi sarsıntı nəzərə alınmalı və mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
7. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
b) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) bildirir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
10. Cavabdeh MMC isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, MMC, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir, o, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədən narazıdır.
11. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslığını yoxlamamışdır.
c) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatı barədə məlumat
13. Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə Məhkəməyə müraciət edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, apellyasiya baxışı iclasında məhz üzrlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları təqdim etmədiyi üçün Məhkəmə vəsatəti əsassız hesab etmişdir.
14. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
15. Məhkəmə, qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
d) işdə olan sübutlar barədə məlumat
16. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ- İİ seriyalı, 961495 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, hazırki iş üzrə iddiaçı xx.xx.1994-cü il təvəllüdlü X3 anasıdır.
17. X9 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 756277 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Əli Həsənzadə xx.xx.2015-ci il tarixdə ölmüşdür.
18. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli hökmdən (İş № 1(009)-211/2015) görünür ki, Cavabdeh MMC-nin sürücüsü X5 MMC-yə məxsus “Daewoo BS 090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu xx.xx.2015-ci il tarixdə, saat 19:20 radələrində idarə edərkən, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Bayraq meydanı istiqamətində, birinci hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini kobud surətdə pozmuş, yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə zamanı iddiaçının övladı X6 ağır zərər vurmaya aid xəsarətlər almış və aldığı xəsarətlərdən xx.xx.2015-ci il tarixdə, saat 09:30-da xəstəxanada vəfat etmişdir. X5 həmin cinayət əməlinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının övladı Əli Həsənzadənin ölümünə səbəb, cavabdeh MMC-nin işçisi (sürücüsü) olan Söhrab İsayevin MMC-yə məxsus avtobusu idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi zamanı aldığı ağır dərəcəli xəsarətlər olmuşdur.
21. İşin qeyd edilən halı Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli hökmlə (İş № 1(009)-211/2015) də müəyyən edilmişdir.
22. İşin hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyət mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.2.).
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir.
24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, işçisinin vurduğu mənəvi zərərə görə işəgötürən olan cavabdeh MMC mülki məsuliyyət daşıyır. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
25. Mənəvi ziyanın əvəzinin ödənilməsi üçün təyin edilməli kompensasiyanın məbləği ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi mənəvi ziyan barədə tələbi qismən təmin edərək mənəvi ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.
26. Məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır.
27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər...Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
29. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi müəyyən etdiyi 30.000 manat məbləğində kompensasiya həmin ziyanın ödənilməsi üçün adekvatdır.
f) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Məhkəmə, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.