Məhkəmə qərarları › İş №2(103)-7931/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7931/2021

20.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7931/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlunda ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh Bank arasında 08.12.2012-ci il tarixdə bağlanmış 37Z/12 saylı “Zaminlik müqaviləsinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X2 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit müqavilələri” vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər X2 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli, 37- 1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X2 tərəfindən apelyasiya şikayəti verilmişdir. X2 həmin qətnaməni apelyasiya instansiyasında mübahisələndirdiyi üçün o, apelyasiya şikayəti verməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(105)- 06/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(102)-6916/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin görünən odur ki, hazırki iş üzrə İddiaçı hüquqları pozulmaqda davam edir. Onunla cavabdeh "xxxx" KB ASC arasında 08.12.2012-ci il tarixdə, 37Z/12 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Eyni zamanda, X2 ilə "xxxx" KB ASC arasında 07.12.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsi” bağlanmışdır. Qeyd olunan “Əsas kredit müqaviləsinin” mühüm şərtləri 1.1-ci bənddə öz əksini tapmışdır. Belə ki, həmin bənddə göstərilmişdir ki, borcverən borcalana 45.000 manat məbləğində 60 ay müddətinə 07.12.2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində “Əlavə kredit müqavilələri” bağlanılmaqla kredit verir. Göründüyü kimi gələcəkdə bağlanılması nəzərdə tutulan “Əlavə kredit müqavilələri” 07.12.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” şərtləri çərçivəsində olmalı idi və zamin kimi o da məhz bu risklər üzrə zamin olmağa razılıq vermişdir. Lakin, X2 ilə "xxxx" KB ASC arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 45.000 ABŞ dolları təşkil edir. Həmçinin, X2 ilə "xxxx" KB ASC arasında bağlanılmış 17.09.2014-cü il tarixli, 37-3/12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 15.000 ABŞ dolları təşkil edir. Bununla da Bank borcalana ABŞ dolları ilə kredit verməklə 07.12.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” mühüm şərti olan müqavilənin valyutasını dəyişməklə zaminin hüququnu pozmuş və onun razılığı olmadan öhdəliyin (“Əsas kredit müqaviləsinin”) şərtlərinə mühüm dəyişiklik edilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, (kreditor) "xxxx" KB ASC ilə (zamin) İddiaçı və (borclu) Elgün Abdullayev arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37Z/12 SU saylı “Zaminlik müqaviləsindən” görünür ki, İddiaçı, "xxxx" KB ASC ilə E.Abdullayev arasında bağlanmış 07.12.2012-ci il tarixli. 37/12SU saylı “Əsas kredit müqaviləsindən” və həmin müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(105)-06/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X2 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli, 37-3/12SU saylı “Əlavə kredit müqavilələrinin” vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASCnin xeyrinə cavabdehlər X2 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2019-cu il tarixli, 2(102)-6916 saylı qərarından görünür ki, həmin qərarla Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsində verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən Rayon Məhkəməsi tərəfindən işin halı kimi müəyyən edilmişdir ki, E.Abdullayev ilə Bank arasında 07.12.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsi” bağlanmış və Bank ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı və E.Abdullayev arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37Z/12 SU saylı “Zaminlik müqaviləsinə” əsasən, zamin olan İddiaçı Bank ilə E.Abdullayev arasında bağlanmış “Əsas kredit müqaviləsindən” və bu müqavilə ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 17.09.2014-cü il tarixdə isə E.Abdullayev ilə Bank arasında 37-3/12SU saylı “Əlavə kredit müqaviləsi” bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə yaranmış kredit borcu vaxtında və lazımi qaydada ödənilmədiyindən Bank borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli qətnaməsi ilə Bank ilə E.Abdullayev arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli, 37- 3/12SU saylı “Əlavə kredit müqavilələrinin” vaxtından əvvəl ləğv edilməsi, Bankın xeyrinə E.Abdullayev və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş T.Abdullayevanın mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Banka ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, T.Abdullayevanın mülkiyyətində olan həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı onun razılığı olmadan zaminliklə təmin etdiyi öhdəliyinin dəyişdirildiyini və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına səbəb olduğunu əsas gətirərək, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad etməklə cavabdehlə aralarında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Rayon Məhkəməsinin müəyyən etdiyi hallar apellyasiya baxışının nəticələri ilə də müəyyən edildiyindən Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. İddiaçı ilə cavabdeh Bank arasında bağlanmış “Zaminlik müqaviləsinin” 1.1-ci bəndində göstərilir ki, zamin İddiaçı Bank ilə borclu E.Abdullayev arasında bağlanmış 07.12.2012-ci il tarixli “Əsas kredit müqaviləsindən” və bu müqavilə ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə isə, kreditor olan Bank tərəfindən “Əsas kredit müqaviləsi” üzrə borclu E.Abdullayevə 45.000 manat məbləğində 60 ay müddətinə, yəni 07.12.2017-ci il tarixədək “Əsas kredit müqaviləsi” çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, Bankın borclu E.Abdullayevə 08.12.2012-ci il tarixdə aralarında bağlanmış “Əlavə kredit müqaviləsi” üzrə verdiyi kredit 45.000 ABŞ dolları və 17.09.2014-cü il tarixli “Əlavə kredit müqaviləsi” üzrə verdiyi kredit 15.000 ABŞ dolları olmaqla, verilmiş kreditin ümumi məbləği 60.000 ABŞ dolları təşkil etmiş, iddiaçının bu müqavilələr üzrə məsuliyyəti isə əsas kredit müqaviləsi üzrə 45.000 manat həcmində razılaşdırılmışdır. Məhkəmə göstərilənləri, habelə 08.12.2012-ci il tarixli və 17.09.2014-cü il tarixli “Əlavə kredit müqavilələrinin” bağlandıqları zaman ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsinin (1 dolları = 0,7847 manat) nəzərə alaraq belə qənaətə gəlir ki, ümumilikdə verilmiş 60.000 ABŞ dolları üzrə zaminin məsuliyyətinin 45.000 manat həcmində müəyyən edilməsi sonuncunun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Odur ki, qəbul edilməlidir ki, iddia əsassızdır; Rayon Məhkəməsi əsassız olan iddianı təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar