Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7935/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Məmmədov Ayaz Eyvaz oğlunun, cavabdeh Heydərov Nazim Nüsrət oğlunun və onun vəkili Şıxyeva Aynur Vaqif qızının iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Heydərov Nazim Nüsrət oğluna qarşı əsas və faiz borcunun qaytarılması və s tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC cavabdeh Heydərov Nazim Nüsrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2013-cü il tarixli, № 0966 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 17728 ABŞ dolları, faiz borcu üzrə 11593,70 ABŞ dolları olmaqla, cəmi 29321,70 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, kredit borcunu cavabdeh Heydərov Nazim Nüsrət oğlunun mülkiyyətində olan “KİA CERATO” minik markalı, **-VR- *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, banKNAFK4114D5044060, mühərrik- G4FGDH622084, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh Heydərov Nazim Nüsrət oğluna qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il, 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, AR Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC -nin nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxsstatuslu qurum (“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həyata keçirir. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında SAVK-1774 saylı, xx.xx.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş daha sonra isə “xxxxxxxxxxx” QSC tərəfindən borclu şəxs Heydərov Nazim Nüsrət oğlunun kredit müqaviləsinə dair sənədlər təhvil-təslim aktına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sənaye filialı ilə xx.xx.2013-cü il tarixdə, № 0966 saylı kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Heydərov Nazim Nüsrət oğlunun mülkiyyətində olan “KİA CERATO” minik markalı, **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 084689 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən avtomobilin alınması məqsədi ilə istifadə etmək üçün borcalana 18900 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür.Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 19%-lə hesablanır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borcu 17728 ABŞ dolları, faiz borcu üzrə 11593,70 ABŞ dolları olmaqla, cəmi 29231,70 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Nazim Heydərovdan əsas borc üzrə 17.704,67 ABŞ dolları, faiz borcu üzrə 9418,89 ABŞ dolları, cəmi 27.123,56 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq “xxxxxxxxxxx” QSC-yə verilməsi; Heydərov Nazim Nüsrət oğlundan tutulmalı olan məbləğin ona məxsus olan “KİA CERATO” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, banKNAFK4114D5044060, mühərrik-G4FGDH622084, rəngi-ağ) minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq cavabdehin banka olan borcu ödənilməsi; satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Heydərov Nazim Nüsrət oğluna qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, əksik qalan borc məbləğinin Heydərov Nazim Nüsrət oğlundan tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarında sadəcə iddiaçının cavabdeh Heydərov Nazim Nüsrət oğlu ilə imzalamış olduğu xx.xx.2013-cü il tarixli 0966 saylı kredit müqaviləsinə və eyni tarixli 966 saylı ipoteka müqaviləsinə istinad edərək əsaslandırır. Halbuki, kreditin qəbul edilməsində ən mühüm sübutlardan biri məhz kassa məxaric sənədidir. Cavabdehin iş yoldaşı və həmçinin uzaq qohumu olan Çıraqov Namiq Qara oğlu avtomobilin alınması məqsədilə cavabdehdən onun əvəzinə sadəcə kredit və ipoteka müqavilələrinə imza atmasını, əslində onun Namiq Çıraqov ilə iddiaçı arasında zaminlik müqaviləsi imzalanmış və cavabdehə onun bu borcla heç bir əlaqəsinin olmayacağı və 1 ay sonra da ipoteka ilə yüklü edilmiş avtomobilin yuxarıda adı qeyd olunan zaminin adına keçiriləcəyi bildirilmişdir. Cavabdeh kredit müqaviləsində göstərilən məbləği almamış, kassa məxaric orderinə imza etməmiş və müqavilə imzalandıqdan sonra həmin kredit məbləğinə dair heç vaxt ödəniş etməmişdir. Müqavilənin imzalandığı xx.xx.2013-cü ildən iş üzrə iddia məhkəməyə təqdim olunan vaxta kimi cavabdehə bu borcla bağlı sadəcə bir dəfə 2013-cü ildə Bankdan zəng olunmuş, cavabdeh dərhal Banka getmiş və orda ona sizə səhvən zəng etmişik gedə bilərsiniz deyilmişdir. Elə həmin vaxtdan, yəni 2013-cü ildən bəri bir borda bağlı cavabdehə heç bir yazılı və yaxud şifahi bildiriş gəlməmişdir. Hesab edilsə ki, Bankın iddiası dorğudur, belə olan halda müqavilə şərtilərinə uyğun olaraq 2013-ci ilin may ayından etibarən cavabdeh borcun ödənilməsini həyata keçirməli idi. Necə olur, Bank ən xırda məbləğlərdə belə öhdəlik icra olunmadığı zaman məhkəmələrdə iddia qaldırdığı halda, kredit məbləğindən cox cüzi hissəsinin ödənilməsinə baxmayaraq bir dəfə də olsa müqavilə şərtlərinə uyğun ödəniş edilmədiyi halda. onun fəaliyyətinə nəzarət edən orqanın bu sahədə mövcud olan bütün təlimatlarının tələblərini pozaraq 5 il gözlədikdən sonra belə bir borcun olduğunu xatırlayır və məhkəmədə iddia qaldırır. Bu qeyd olunanların və kassa məxaric orderi, eləcə də cüzi də olsa ödənilşmiş kredit ödənişinin məhz kim tərəfindən həyata keçirilməsi məhkəmə tərəfindən araşdırılmadan əsassız qətnamənin çıxarılması ilə nəticələnmişdir. Müqavilə 2013-cü ilin may ayında imzalanmış və kredk 36 ay müddətinə verilmişdir, 2016-cı ilin may ayında müqavilənin müddəti bitmişdir. Qüvvədə olan Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən iddiaçı 2019-ci ilin may ayına qədər iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin iddia müddətinə dair qanunvericiliyin bu tələsini də pozaraq məhkəmədə iddia qaldırmışdır. Məhkəmə bu halı da nəzərə almamış və nəticədə qanunazidd qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi şikayəti əsassız hesab edərək təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-651/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsininqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, xx xxx 2013-cü il tarixli, 0966 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Heydərov Nazim Nüsrət oğluna 36 ay müddətinə, illik 19% olmaqla, 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. Nazim Heydərov ona məxsus olan “KİA CERATO” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, ban-KNAFK4114D5044060, mühərrik-G4FGDH622084, rəngiağ) minik avtomobilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. “KİA CERATO” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil Nazim Heydərova məxsusdur. N.Heydərova məxsus “KİA CERATO” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin “Sənaye” filialına ipotekaya qoyulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxxxxxxxxx” QSC-yə keçmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həyata keçirir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28118 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Heydərov Nazim Nüsrət oğlunun xx xxx 2016-cı il (müqavilə müddətinin bitdiyi tarixə) tarixə banka olan borcu əsas borc üzrə 17.704,67 manat, faiz borcu üzrə 9418,89 manat olmaqla, ümumilikdə 27.123,56 manat məbləğində müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda bu öhdəliyi lazımi qaydada icra etməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə dəcavabdeh Abdullayev Orxan Mehman oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizləri və digər məsrəflərlə birlikdə iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sadalan qanunvericilik normaları kontekstində cavabdehdən tutulmalı olan borcun məbləğini müəyyən edilməsində; tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsində; avtomobilin açıq hərracda satılaraq cavabdehin banka olan borcu ödənilməsində; satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Heydərov Nazim Nüsrət oğluna qaytarılması hissələrində düzgün hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda Kollegiya iddianın “satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, əksik qalan borc məbləğinin Heydərov Nazim Nüsrət oğlundan tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdeh N.Heydərovdan tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır, bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur və bu icra mərhələsində həll olunan məsələdir.. Kollegiya apellyasiya şikayətinin dəlili baxımından qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası zamanı-sədrlik edənin cavabdehlə sual-cavabında kassa məxaric orderindəki (i.v. səh.39) imzanın ona- Heydərov Nazim Nüsrət oğluna aid olduğunu bildirmişdir. Kollegiya cavabdehin vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə ərizəyə münasibətdə qeyd edir ki, cavabdeh Heydərov Nazim Nüsrət oğlu işin birinci instansiya məhkəməsində araşdırması zamanı iştirak etsə də, bu barədə həmin məhkəməyə hər hansı bir ərizə və vəsatət təqdim etməmişdir və belə olan halda hazırda qeyd olunan ərizənin (iddia müddətinin tətbiqi barədə) təmin edilməsi mümkünsüzdür. Mülki Prosessual Məcəllənin384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Heydərov Nazim Nüsrət oğlu oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-651/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7935/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7935/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver