Məhkəmə qərarları › İş №2(103)-7943/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7943/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7943/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı cavabdeh aa Açiq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində AR mm olmaqla) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(004)-2706/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o avtomobilindən daimi olaraq istifadə edir və 13.07.2020-ci il tarixində Bakı şəhəri, 4-cü mikrorayon ərazisində avtomobilin ön şüşəsi zədələnmişdir. Bu haqda dərhal Cavabdeh ASC-nə məlumat verərək sığorta təminatının həyata keçirilməsini tələb etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən 29.07.2020-ci il tarixli 0845 nömrəli cavab məktubu ilə bundan imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, müqavilə bağlandığı zaman avtomobil əvvəlcədən zədəli olduğu üçün baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə sığorta ödənişindən imtina olunur. Daha sonra, 27.09.2020-ci il tarixində Hacıqabul-Horadiz yolunun 63-cü km-də sığortalanmış avtomobili idarə edərkən ön şüşəsi təkrarən zərər uğramış və bu haqda cavabdehə məlumat vermişdir. Lakin, cavabdeh yenə də imtina məktubu verərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(004)-2706/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7943/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "Azsığorta" Açiq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində AR Mərkəzi Bankı olmaqla) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası barədə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi-vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddiaçının iddiadan imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7943/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "Azsığorta" Açiq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində AR Mərkəzi Bankı olmaqla) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə dayandırılmış icraat təzələnmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(004)-2706/2021 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı iddiadan imtina etməsi qəbul edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(004)-2706/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "Azsığorta" Açiq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində AR Mərkəzi Bankı olmaqla) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar