Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-795/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-2358/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.313 ABŞ dolları vəsait, həmin vəsait və əvvəllər qət edilmiş 22.000 manat məbləğindən bank uçot dərəcəsinə uyğun faizlər və mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun onun xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 72 saylı binanın zirzəmisində yeləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 22.000 manat məbləğində 2011-ci ildə borc vəsait vermişdir. Eyni zamanda qeyd olunan vəsaitdən başqa bankdan 15.000 ABŞ dolları məbləğində pul vəsaiti kredit götürərək cavabdehə vermişdir. xx xxxx 2013-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə 22.000 manat pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx xxxx 2019- cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin artıq qanuni qüvvəsini almış qətnaməsinə əsasən məhkəmə ilkin iddia tələblərinin digər hissəsinə qiymət verərək hesab etmişdir ki, hazırda onun Cavabdeh üçün “xxxxxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə götürdüyü kredit məbləğinin və ona hesablanmış faizlərin banka ödənilməsi tam başa çatmadığı üçün iddiaçının həmin ödənilməyən 10.313 ABŞ dollarının Cavabdeh tutulması tələbi əsaslı sayıla bilməz. Belə ki, məhkəmə hesab etmişdir ki, müqavilə üzrə tərəf “xxxxxxx” ASC və İddiaçı olduğu üçün həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi üzrə məsələlər də onlara aiddir. İddiaçı Cavabdeh üçün onun xahişi ilə qeyd edilən krediti götürməsinə və ödənişləri tam həyata keçirmədiyinə görə sonuncu kredit müqaviləsi tərəfi olmadığı üçün hazırki iş üzrə ondan banka ödənilməmiş qalan məbləğin tutulması barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmənin qənaətinə görə “xxxxxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə müqavilə əsasında götürülmüş kredit üzrə cavabdehliyi İddiaçı daşıyır. Onun isə bu krediti Cavabdeh üçün onun xahişi ilə götürdüyü üçün sonuncunun İddiaçı qarşısında cavabdehlik daşıması məsələsi ilkin iddia üzrə iddiaçı tərəfindən ayrıca icraatda mübahisələndirə bilər. Belə ki, hazırki iş üzrə araşdırma zamanı İddiaçı “xxxxxxx” ASC-dən xx.xx.2011-ci il tarixdə kredit götürməsi Cavabdeh xahişi ilə həyata keçirilməsi faktı müəyyən edilmişdir. Həmin kredit artıq ödənilmiş və ona görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd olunduğu kimi o, kredit üzrə ödənilmiş məbləği, yəni 10.313 ABŞ dolları pulun cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda göstərilən məbləğ və əvvəl məhkəmə qaydasında qət edilmiş 22.000 manat qanunsuz olaraq qaytarılmır, həmin məbləğ məhkəmə qaydasında tutulduqda məhkəmə onun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10.313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 22.000 manat məbləğində gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi beş faiz olmaqla xx xxxx 2013-cü il tarixdən xx xxxx 2019-cu il tarixədək olan 6 (altı) il müddətində hər il üçün 1100 (bir min bir yüz) manat, cəmi 6600 (altı min altı yüz) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2011-ci ildə “xxxxxxx” ASC-dən götürülən kredit məbləği müştərək qaydada götürülmüşdür. Həmin puldan İddiaçı ona hissə-hissə vermişdir. O isə öz növbəsində pulun qarşılığında İddiaçı bir neçə maşınlarla mal təqdim etmişdir. Lakin ona olan etibarı, güvəni üzündən rəsmiləşdirmə etməmişdir. Lakin şahidləri vardır. Məhkəmədə həmin şahidin dindirilməsinə dair vəsatət təqdim etsə də, əsassız olaraq təmin edilməmişdir. Digər tərəfdən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldilsə də, həmin icra sənədini xəstə olduğu üçün icra edə bilməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh, onun vəkili X2 apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildrimişlər ki, “xxxxxxx” KB ASC-yə hər ay 605 ABŞ dolları ödəmiş, iddiaçı tərəflə müştərək işləri olduğu üçün pul ona verilmişdir. Belə ki, o, Bankdan götürülən pula görə üzərinə düşən 10000 ABŞ dolları məbləğində pulu ödəmiş, bu barədə müvafiq çeklər də mövcuddur. Bununla bağlı cavabdeh və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, hazırki mübahisə 2013-cü ildən davam edir, cavabdehin xahişi ilə Bankdan kredit götürmüş, bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunsa da, cavabdeh yenə də bu halı mübahisələndirir, tərəflər arasında kreditin müştərək iş görülməsi məqsədilə götürüldüyünü bildirir ki, bu da əsassızdır, həmin kredit vəsaiti Bankdan məhz cavabdehin xahişinə görə götürülmüş və pul ona təqdim olunmuşdur, həmin kredit vəsaiti üzrə Banka olan borclar həm onun, həm də cavabdeh tərəfindən ödənilmiş, bu barədə çeklər birinci instansiya məhkəməsinə təşdim olunmuş, Banka olan borc onun tərəfindən tam bağlanmış, bu barədə Bank tərəfindən müvafiq arayış da verilmişdir. Götürülən kredit vəsaiti cavabdehə verilərkən cavabdeh həmin pulların müqabilində özü üçün 2 ev və obyektlər almışdı. Lakin hazırda cavabdeh onun Banka ödədiyi pulların qaytarılmasından əsassız şəkildə imtina edir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci intsansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbinin digər hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-230/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 1608/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan “xxxxxxx” KB ASC tərəfindən verilmiş UB-KİB/5659 saylı xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxxxxx” Kommersiya Bank tərəfindən xx.xx.2011-ci il tarixdə 099p/11 saylı kredit müqaviləsi üzrə 25000 ABŞ dolları məbləğində kredit ayrılmış, ayrılmış pul vəsaitindən 15000 ABŞ dollar məbləği onun tərəfindən tam mənimsələnmiş və xx.xx.2014-cü il tarixdə Bank qarşısında olan kredit öhdəliyi icra edilmişdir. Hal-hazırda İddiaçı xx.xx.2011-ci il tarixli 099p/11 saylı kredit müqaviləsi üzrə “xxxxxxx” Kommersiya Bankı qarşısında heç bir ssuda və faiz borcu yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən 22.000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmin iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi vermiş və həmin qarşılıqlı iddia ərizəsinin əsaslandırma hissəsində iddiaçı qeyd etmişdir ki, “xx.xx.2011-ci il tarixdə İddiaçı ilə “xxxxxxx” KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 15.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı götürmüşdür. Onların aralarında olan şifahi razılaşmaya əsasən həmin borcu banka Cavabdeh ödəyəcəkdir. Cavabdeh 2011-2012-ci illər üzrə həmin borcu banka vaxtı-vaxtında müqavilə üzrə 10.000 ABŞ dolları ödəmişdir.” Həmin mülki iş materiallarında olan “xxxxxxx” KB ASC-nin xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən və 099p/11 saylı kredi müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı illik 26% olmaqla 36 müddətinə 15.000 ABŞ dolları məbləğində pul vəsaiti kredit verilmişdir. İddiaçı 099p/11 saylı kredit müqaviləsinə əsasən ödənişləri 2011-2012-ci illər, həmçinin 2013-cü ilin yanvar ayı ərzində Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bundan başqa Cavabdeh 2(103)- 230/2016 saylı mülki iş üzrə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında qeyd etmişdir ki, “İddiaçı ona öz adına bankdan pul götürüb ona verə biləcəyini demiş, o da bu təkliflə razılaşmışdır və razılaşmaya əsasən İddiaçı “xxxxxxx” KB ASC-dən öz adına 15.000 ABŞ dolları kredit götürmüş, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən banka 10.000 ABŞ dollarından çox pul ödənilmişdir.” Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin hazırki işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəf verdiyi izahatlarda iddiaçının Bankdan tərəflər arasında müştərək iş görmək məqsədilə Bankdan kreditə pul götürüb ona verdiyi faktını təsdiqləmiş, lakin müştərək iş görməklə bağlı tərəflərin hər hansı razılaşmasının olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, hazırki iş üzrə iddiaçının Bankdan məhz cavabdeh üçün kredit vəsaiti götürüb sonuncuya verməsi və bununla bağlı Banka 10000 ABŞ dolları məbləğindən çox vəsait ödəməsi faktı iş üzrə təsdiq olunur. Bu barədə iş materiallarına əlavə olunmuş, ödənişi iddiaçı tərəfindən aparılmış ödəniş qəbzləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh 10.313 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia qaldırmaqda haqlı olmuş və cavabdehin 10.313 ABŞ dolları məbləğində iddiaçıya pul ödəməli olması məhkəmə qətnamələrində və cavabdehin Nəsimi Rayon Məhkəməsində vermiş olduğu qarşılıqlı iddia ərizəsinin məzmununda öz əksini tapdığından Cavabdeh 10.313 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Hazırki iş üzrə iddia tələbinin “əvvəllər qət edilmiş 22.000 manat məbləğində pul vəsaitinin illik uçot dərəcəsinə uyğun faizlərin tutulması” hissəsində məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-nin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-nin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 22.000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəsini alıb, icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilsə də, bu günə kimi Cavabdeh iddiaçıya olan borcundan ödəniş etmədiyi üçün həmin 22.000 manatın 6 il müddətinə hər il üçün illik 5 faiz olmaqla, yəni 1100 manat, cəmi 6600 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit vəsaitinin iddiaçı tərəfindən müştərək işin görülməsi məqsədilə Bankdan götürülməsi ilə bağlı hər hansı sübutu, o cümlədən şahidi apellyasiya baxışı zamanı da təqdim etməmiş, əksinə onun bu dəlili iş materialları, o cümlədən qanuni qüvvəsini almış məhkəmə qərarları və həmin iş üzrə verdiyi qarşılıqlı iddia ərizəsinin məzmunu ilə təkzib olunur. Digər tərəfdən apellyasiya şikayətinin digər dəlili ilə cavabdeh məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədinin onun xəstə olması ilə bağlı icra olnmadığını etiraf edir ki, bu da icra sənədinin üzrlü səbəbdən icra olunmaması kimi qiymətləndirilib, həmin cavabdehdən tutulması qət edilmiş məbləğə görə illik faiz məbləğinin tutulmaması üçün əsas ola bilməz. Odur ki, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov lham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-795/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-795/2020
08.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver