Məhkəmə qərarları › İş №2(103)-7958/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7958/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7958/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçıvəkili X7 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X4 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tətin edilmiş alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Alalhverdiyeva (Məmmədova) Zahirə Vahid qızına; xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2017-ci il təvəllüdlü X16 oglu və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə görə qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment tulularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qeyd edir ki, o, əvvəlcə cavabdeh Alalhverdiyeva (Məmmədova) Zahirə Vahid qızı ilə nikahda olmuş, birgə nikahdan xx xxxxxx 2010-cu ildə X8 doğulmuşdur. xx xxxx 2013-cü ildə digər Cavabdeh2 ilə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 3 övladı, yəni xx xxxxxx 2014-cü ildə X6, xx xxxxxx 2017-ci ildə X9 və xx xxxxx 2020-ci ildə X10 doğulmuşdur. Hal-hazırda himayəsində 4 uşağı vardır və onların hər birinə yüksək məbləğdə aliment ödəməyə imkanı çatmır. xx xxxxxx 2010-cu il təvəllüdlü X8 ilə xx xxxxxx 2014-cü il təvəllüdlü X2 başqa digər uşaqları xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 üçün də hər ay qazancının və gəlirlərinin 1/8 hissəsi miqdarında Cavabdeh2 aliment ödəyir. Odur ki, aliment məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi, yeni məbləğdə alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassız və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Yasamal Rayon Məhkəməsi həmin işə baxarkən heç bir araşdırma aparmamış, məsələyə çox bəsit yanaşmış, nəticədə əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, xx xxxxx 2009-cu il tarixdə İddiaçı ilə rəsmi nikah bağlamış, birgə nikahdan xx xxxxxx 2010-cu il tarixdə qızları Banu dünyaya gəlmişdir. 2011-ci ildə cavabdehlə nikahları pozulmuş, məhkəmə qətnaməsi ilə azyaşlı qızları Banunun onunla qalması qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Elşad Allahverdiyevdən qızları Banuya görə hər ay qazancının ¼ hissəsini aliınent kimi ona ödəməli idi. Nikahları pozulduqdan sonra Elşad xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş və onunla nikahdan xx.xx.2014-cü il tarixdə Leyla adlı qızları doğulmuşdur. İddiaçı ikinci nikahda olduğu həyat yoldaşı Cavabdeh2 ilə razılaşaraq birgə yaşadıqları və övladlarını birgə tərbiyə etdikləri halda guya Elnurun ikinci övladı Leylaya münasibətdə valideyn öhdəlikdərini yerinə yetirmədiyini bildirməklə Sabunçu Rayon Məhkəməsinin 2(008)- 16182/2016 saylı, xx.xx.2016-cı il tarixli əmrinə əsasən ikinci uşağa görə aylıq qazancının ¼ hissəsinin tutulmasına dair məhkəmə əmrinin çıxanlmasına nail olmuşlar. Qanuna əsasən 2 uşağa görə ərin və ya arvadın aylıq qazancının 1/3 hissəsi aliment kimi tutula bilər, yəni bu halda hər uşağa görə ödəniləcək alimentin miqdarı valideynin aylıq qazancının 1/6 hissəsini təşkil edir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin 2(004)- 1405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı qızları Banuya görə ödədiyi alimentin miqdarı onun aylıq qazancının 1/6 hissəsində müəyyən edilmişdir. Sonrakı mərhələdə ər arvad kimi birgə yaşamaqda davam etmiş və xx.xx.2017-ci ildə Ziya adlı, xx.xx.2020-ci ildə isə Zaur adlı daha iki övladları dünyaya gəlmişdir. Daim birgə yaşadığı övladlarına çəkdiyi xərcləri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alıment kimi rəsmiləşdirərək iddiaçı qızı Banuya görə ödədiyi alimentin məbləğini bu dəfə aylıq qazancının 1/8 hissəyədək azaldılması üçün məhkəmyə müraciət etmişdir. Göründüyü kimi, bu məhkəmə proseslərinin məqsədi yalnız iddiaçının birinci nikahdan doğulmuş övladına ödəniləcək alimentin miqdarının azaldılması məqsədi güdür. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı vəkili X12 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı vəkili X7 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Cavabdeh1 İddiaçılə xx xxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu ildə Banu adlı qız övladları doğulmuşdur. Sonra tərəflər arasında münasibətlər pozulduğu üçün 2011-ci il də aralarındakı rəsmi nikah pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1405/2017 saylı, xx.xx.2017-c il tarixli qətnaməsi ilə xx.xx.2010-cu ildə doğulmuş X1 üçün cavabdehin aylıq qazancının 1/6 hissəsinin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. İddiaçılə Cavabdeh2 xx xxxx 2013-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü ildə Leyla, xx.xx.2017-ci ildə Ziya və xx.xx.2020-ci ildə Zaur adlı uşaqları doğulmuşdur. İlk övladları Leyla doğulduqdan sonra tərəflər arasında münasibətlər pozulduğu üçün iddiaçı alimentin tutulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-16182/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri ilə cavabdehin aylıq qazancının ¼ hissəsinin tutulması qərara alınmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-c il tarixli qətnaməsi ilə məbləğ dəyişdirilərək cavabdehin qazancının 1/6 hissəsinin tutulması kimi qət edilmişdir. Bundan sonra münasibətləri bərpa olunduğu üçün övladları Ziya və Zaur dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri pozulmuş və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş övladları Ziya Allahverdiyevin və Zaur Allahverdiyevin saxlanması üçün cavabdehdən qazancının yarısı miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin aylıq qazancının 1/8 hissəsinin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə isə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “X11rşı” işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, valideynlər arasında olan kəskin xarakterli konflikti nəzərə alınmalı, bu konflikt atanı faydalı şəkildə oğlu ilə təmasda olmaq şansından məhrum etməməli, həmçinin bu ata-bala münasibətlərinin istiləşməsinə mane olmamalıdır. Məhkəmə kollegiyası, iddiaçının müntəzəm gəlirə malik olmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin gözlənilməsi baxımından, birinci instansiya məhkəməsi alimentin məbləğinin iddiaçının qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 verilməsi və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi vəyeni məbləğdə alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuniqüvvəyə mindiyi tarixdən hesablanması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində Cavabdeh2 ilə İddiaçı arasındakı nikahın onların öz istəyi ilə formal olaraq pozulduğunu, əslində onların birlikdə yaşadıqlarını, birinci instansiya məhkəməsinin işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmadığını və qiymətləndirmədiyini, məhkəmə proseslərinin məqsədinin yalnız iddiaçının birinci nikahdan doğulmuş övladına ödəniləcək alimentin miqdarının azaldılması məqsədi güddüyünü, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını göstərsə də həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Bеləliklə, məhkəmə kоllеgiyası, Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin Cavabdeh1 apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh1apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar