Məhkəmə qərarları › İş №2(103)-7959/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7959/2021

30.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7959/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, cavabdehin vəkili Rövşən Əhmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi, icarə haqq borcunun ödənilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı mülki iş mahiyyəti üzrə həll edilməyib. İş üzrə icraat zamanı iddiaçı “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadəsi dayandırılsın və iddiaçıya məxsus daşınar və daşınmaz əmlakdan istifadə cavabdehə qadağan edilsin. Nizami Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, bu ərizə təmin olunsun, həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadəsi dayandırılsın və iddiaçıya məxsus daşınar və daşınmaz əmılakdan istifadə cavabdehə qadağan edilsin. Cavabdeh şikayət verərək xahiş edib ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, tərəflərin arasında həmin qeyri-yaşayış sahəsinə dair 08.09.2020-ci il tarixli icarə müqaviləsi mövcuddur, icarə müddəti 08.09.2030-cu il tarixədək müəyyən edilib. İddia ərizəsində tələb olunub ki, icarə müqaviləsi ləğv edilsin, 28.500 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya verilsin, iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneə aradan qaldırılsın və cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılsın. İddiaçının verdiyi “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizdə göstərilən tədbir iddianı təmin etmə tədbirinin məqsədinə uyğun gəlmir. Mülki- Prosessual Məcəllənin 157-ci maddəsindən görünür ki, iddianı təmin etmə tədbirinin məqsədi qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halları aradan qaldırmaqdan ibarətdir. Əgər gələcəkdə iddiaçının xeyrinə qətnamə qəbul olunarsa cavabdehin hazırkı hərəkəti (icraə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsindən istifadəni davam etdirməsi) qətnamənin icrasını, yəni icarə müqaviləsinin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin boşaldılmasını və icarə haqqı borcunun ödənilməsini çətinləşdirmir və ya qeyri-mümkün etmir. Ona görə də qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş, iddianı təmin etmə tədbiri kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən istifadəsinin dayandırılması və iddiaçıya məxsus daşınar və daşınmaz əmlakdan istifadənin cavabdehə qadağan edilməsi barədə ərizə rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar