Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7960/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əsgərov Dilavər Əlövsət oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-656/2020 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əsgərov Dilavər Əlövsət oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Əsgərov Dilavər Əlövsət oğlunun Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 183 D saylı evdən istifadə hüququna xitam verilməsi, Əsgərov Dilavər Əlövsət oğlunun iddiaçılara vurduğu 2500 (iki min beş yüz) manat məbləğində maliyyə vəsaitinin ondan tutularaq, iddiaçıların hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-656/2020 saylı qətnaməsi ilə iddia İddiaçı1 münasibətdə qismən təmin edilmiş,cavabdeh Əsgərov Dilavər Əlövsət oğlunun ünvan 1 D ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilmiş,iddia qalan hissədə və digər İddiaçı2 münasibətdə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə evin «A» hissəsində onun keçmiş həyat yoldaşı vətəndaş İddiaçı2 yaşamaq hüququ verilmişdir. Evin «B» hissəsi isə ona ayrılmışdır. Onun keçmiş həyat yoldaşı vətəndaş İddiaçı2 onunla çox aqressiv-düşməncəsinədavrandığından və onun özü isə artıq özünü güclə dolandıran əlil olduğundan, birinci nigahdan olan oğlunun yanına-onun şəxsi mənzilinə köçüb yaşamağı qərara aldı,özünün yaşaması üçün olan evin «B» hissəsini də müvəqqəti olaraq, keçmiş həyat yoldaşı vətəndaş İddiaçı2 etibar etdi ki, müvəqqəti olaraq, ora kirayənişinlər götürsün və ondan uşaqların saxlanılması üçün aliment istəməsin. Belə qərarlaşmışlar ki, o öz evinə qayıdan vaxtdan ona aliment verməcəyək. Əgər o, qayıdana kimi uşaqlar böyüyüb, başa çatsalar, o, ondan aliment tələb etməyəcəkdir. 2010-cu ilin axırlarında oğlu ona dedi ki, o, artıq köçüb Rusiyaya getmək istəyir və öz evini satır. O da onun evindən çıxmalı oldu və qərara aldı ki, yaşamaq üçün öz evinə qayıtsın. Həm də ki, uşaqlar çoxdan böyümüş və özlərinə ailə həyatı qurmuşdular. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 183 D saylı fərdi yaşayış evinin “A” tikinti sahəsinin 4 nəfər ailə üzvü ilə birlikdə İddiaçı2 və “B” tikinti sahəsinin isə Əsgərov Dilavər Əlövsət oğlunun istifadəsinə verilmişdir. Bundan sonra D.Əsgərov özünə məxsus tikilini X1. S.İbrahimova isə həmin tikilini İddiaçı1 satmışdır. Cavabdeh Əsgərov Dilavər Əlövsət oğlu İddiaçı2, İddiaçı1 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma, evə küçürülmə və istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun iddiası Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1013/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4293/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, tərəflər arasında hüquq münasibətlər 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığını nəzərə alaraq iddia tələbi, xx.xx.1982-ci ildə qəbul olunmuş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4293/2019 saylı qətnaməsindən də göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin ev faktiki olaraq mövcuddur və iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı1 mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq cavabdehin də həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ ola bilərdi, lakin keçən müddət ərzində evdə yaşamayan və onun saxlanmasında iştirak etməyən və mənzillə bağlılığı təsdiq olunmayan şəxsin həmin mənzilə istifadə hüququnun saxlanması yolverilməzdir. Cavabdehin hansı bir zaman daxilində isə evdən istifadə etmək imkanı olmuş, lakin o bu imkandan imtina edərək oranı könüllü olaraq tərk etmişdir. Hazırkı vaxta cavabdehin sözügedən mənzilə olan istifadə hüququnun saxlanması isə həmin sahənin sökülməsi ilə bağlı veriləcək kompensasiya məbləğindən pay alınmasına gətirib çıxaracaq. Belə olan halda isə, İddiaçı1 sözügedən mənzillə bağlı haqlı olan kompensasiya payından cavabdehə əsassız olaraq pay ayrılmalı olacaqdır. Halbuki, İddiaçı1 iyirmi ilə yaxın bir müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 183 D saylı fərdi yaşayış evinin “B” tikinti sahəsini əldə edərək oranı yaşayış üçün yararlı vəziyyətə gətirərək ailə üzvləri ilə birlikdə orada yaşayır. Bundan başqa qeyd edilən məhkəmə qətnamələrində də öz əksini tapdığı kimi, xx.xx.2001-ci il tarixli daşınmaz əmlakın aığı-satqı müqaviləsinə əsasən, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 183 D saylı fərdi yaşayış evinin “B” tikinti sahəsini Əsgərov Dilavər Əlövsət oğlunun satdığı X2 4650 ABŞ dolları ödəməklə əldə etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmə-dikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx xxxxxxx 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 183 D saylı fərdi yaşayış evinin “B” tikinti sahəsindən çıxması və 18 il müddətində həmin mənzildə yaşamamsı iş materialları, birinci instansiya məhkəməsində tərəflərin alınmış izahatları və cavabdehin apellyasiya şikayəti ilə ilə öz təsdiqini tapmışdır. Bundan başqa o, mübahisə predmeti olan yaşayış sahəsindən 6 aydan artıq müddət ərzində yaşamadığından və onun həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri onun subyektiv fikrinə əsaslanır və formal xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərin aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əsgərov Dilavər Əlövsət oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-656/2020 saylı qətnaməsi cavabdeh Əsgərov Dilavər Əlövsət oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7960/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7960/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver