Məhkəmə qərarları › İş №2(103)-7968/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7968/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7968/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-135/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın və mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 1000 manat və 5.000 manat məbləğində dəymiş mənəvi zərərin və məkməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən Kondisaner borusunun "istiqamətini onun mənzilinə və əmlakına zərər yetirməyəcək şəkildə dəyişdirilməsi üçün təmir işlərinin məcburi qaydada aparılması, kondisioner borusunun istiqamətini dəyişmək üçün tələb olan təmir xərclərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 1 saylı mənzilinin mülkiyyətçisidir. Mənzil Bakı Şəhəri İcra Hakimiyyəti, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş, 05.11.1998-ci il tarixli, qeydiyyat vəsiqəsinə (N°155213) əsasən ona məxsusdur və xüsusi mülkiyyətindədir. 13 iyul 2019-cu il tarixdə onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində əmlakına zərər yetirilmişdir: mənzilinin otaqlarının birinin tavanı, alçipanla örtülü tavanı, tavana bitişik divar, divar əskinasları, divar və tavanı ayıran plintlər yararsız hala düşmüşdür. Onun mənzilindən yuxarıda yerləşən 4 nömrəli mənzil Cavabdeh məxsusdur. Baş verənlərin səbəbi 4 nömrəli mənzildə Kondisaner borusunundan axan suyun istiqaməti mülkiyyətində olan mənzilin tavan hissəsinə yönədilməsindən ibarətdir.Bu Hüquqazidd əməlin aradan qaldırılması üçün 4 nömrəli mənzildə yaşayan cavabdehin oğlu X5 dəfələrlə müraciət olunubki,onun tərəfindən usta çağırılaraq, 4 nömrəli mənzildə Kondisaner borusunun düzəldilməsini təmin etsin. Cavabdeh kondisaner borusunu təmir etməkdən imtina edərək, onunəmlakına vurulmuş zərərinəvəzini ödəməyəcəyini bildirmişdir. Müraciətinə qeyri-ciddi və məsuliyətsiz yanaşaraq, kondisaner borusunu təmir etmədən istifadə edərək,kondisaner borusundan axan su onunəmlaklarına daha ciddi zərər vurmuşdur. 16 iyul 2019-cu il tarixdə Səbail rayonu 58 saylı Mənzil-Kommunal İstismar sahəsinə müraciət etmişdir. Səbail rayonu 58 saylı MKİS-in əməkdaşları tərəfindən edilən müraciətlərə qeyri-ciddi yanaşan X8, 4 nömrəli mənzilində kondisaner borusunun təmiri üçün nəzərdə tutulan işlərlə məşğul olmayacağını və icazə verməyəcəyini bildirmişdir.Səbail rayonu 58 saylı MKİS-nin əməkdaşlarının köməyi və çoxsaylı müraciəti nəticəsində cavabdeh Kondisanerdən istifadə etmiyəcəyini bildirmişdir və kondisaner MKİS-nin əməkdaşları tərəfindən borusu təmir olunmadan möhürlənmişdir.Buna baxmayaraq,növbəti günlərdə mənzilinə su axımı davametmişdir. 19 iyul 2019-cu il tarixdə,Səbail rayonu 58 saylı MKİS müraciət edərək, onun mənzilinə baxış keçirmələrini, su axma və əmlakına dəymiş zərərin mövcudluğu haqqında akt tərtib etmələrini xahiş etmişdir.Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Səbail rayonu 58 saylı MKİS-nin 19 iyul 2019-cu tarixli aktı ilə təsdiq olunur.Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delilkt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yararsız vəziyyətə düşmüş əmlakın və onun təmiri üçün tələb olan xərclərin ümumi dəyəri onun tərəfindən hesablanıb və 1000 (min) manat təşkil edir və həmin məbləğin ona ödənilməsini cavabdehdən tələb edir.Cavabdehin kondisanerin borusunu təmir etmək üçün heç bir tədbir görmədiyi, həmin su sızıntısının təkrarən baş verə biləcəyini və onunəmlakına zərər vurula biləyəcəyini nəzərə alaraq, təmir işlərinin məcburi qaydada aparılmasını və təmir xərclərinin cavabdeh tərəfindən qarşılanmasını tələb edir.Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) mütəmadi olaraq hər il baş verir,bu hüquq pozuntularının yalnız ikisi rəsmi olaraq aktlaşdırılmışdır.58 saylı MKİS-nin 19 iyul 2019-cu il tarixli aktından əlavə, 23 avqust 2011ci il tarixli 58 saylı MKİS-nin aktına əsasən, mənzilinə MKİS-nin əməkdaşları və Səbail rayonu 9-cu polis bölməsi Sahə Müvəkkili tərəfindən baxış keçirdilərək akt tərtib olunmuşdur.Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona mənəvi zərər vurulduğunu hesab edir və həmin mənəvi zərər üçün cavabdehdən 5.000 manat kompensasiya tələb edir. Səbail Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 1000 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat, cəmi 1500 manat məbləğində dəymiş və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə ona məxsus Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 4 saylı mənzilində istifadə olunan (iddiaçının mənzilinə zərər dəyməsinə səbəb olan) kondisioner borusunun istiqamətini iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 1 saylı mənzilinə zərər yetirməyəcək şəkildə dəyişdirilməsi üçün təmir işlərinin aparılması, kondisioner borusunun istiqamətini dəyişmək üçün tələb olunan təmir xərclərinin ödənilməsi vəzifəsinin qoyulması, 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsinin İddiaçı aid edilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manatın 60 manat hissəsinin Cavabdeh, 40 manat hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 4 saylı mənzil ona deyil X4 məxsusdur. Ona görə də hazırki iddia üzrə cavabdeh X6 olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan 381 nömrəli reyestr kitabında, 54744-cü səhifədə, qeydəalınma 30 N 28956, 05.11.1998-ci il tarixdə qeydə alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 nömrəli yaşayış evinin, 1 nömrəli mənzili Qiblaliyeva (Mədətova) Yeganə Möhbalı qızının mülkiyyətindədir. İşdə olan 23.08.2011-ci il tarixli Bakı şəhəri Səbail rayon 58 saylı MKİS-in mühəndisi N.Məsmalıyev, Bakı şəhəri Səbail rayon 9-cu polis bölməsinin sahə müvəkkili,leytenant R.Zeynalov və Bakı şəhəri Səbail rayon 58 saylı MKİS-in çilingəri M.Mehdiyevtərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı binanın, 1 saylı mənzilində yaşayan Y.Qiblaliyevanın şikayətini nəzərə alaraq həmin mənzilə 23.08.2011-ci il tarixdə baxış keçirilmiş. Məlum olmuşdur ki, həmin mənzilə 3-cü mərtbədən, yəni 4 saylı mənzildən, yenicə təmirdən çıxmış mənzilin 2 otağına su axıdılmışdır. 4 saylı mənzilin sahibi evdə olmadığına görə həmin gün evin qulluqçusu çağırılmışdır. Nə qədər ziyan vurulduğu məlum olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 4 saylı mənzili 27.10.2012-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İşdə olan 19.07.2019-cu il tarixli Bakı şəhəri Səbail rayon 58 saylı MKİS-in rəisi Qabil Vəliyev və sahə bələdçisi Fərid Məlikov və fəhlə Nazim İsmayılov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 1 saylı mənzilinin mülkiyətçisi İddiaçı şikayətini nəzərə alaraq mənzilinə baxış keçirilmiş. Baxış zamanı məlum olmuşdur ki, üst qonşusu mülkiyyətçi Cavabdeh 4 nömrəli mənzilindən su axıdılmışdır. 4 nömrəli mənzildə olmuşlar və məlum olmuşdur ki, kondisanerdən axıdılan su aşağı qonşunun tavanına ziyan vurmuşdur. Tərəflərindən 4 nömrəli mənzilin kondisaneri möhürlənmiş və xəbərdarlıq olunmuşdur ki, kondisanerin borusu düzəlməyənədək işlətməsin. İşdə olan məhkəmənin sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 30.08.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, 1 saylı mənzil 41 saylı DNK-nın 3M/A-1590 reyestr nömrəli 26.10.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 05.11.1998-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Əlavə olaraq göstərilmişdir ki, sözügedən ünvana dair çıxarış arxiv əsaslarında saxlanılmamışdır. İşdə olan məhkəmənin sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 01.10.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, 4 saylı mənzil 13 saylı DNK-nın 27.09.2012-ci il tarixli 4Ə/568 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Müzakirə edilən mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, Cavabdeh qarşı iddianı irəli sürməkdə haqlı deyil; Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. İddiaya cavab verməli olan şəxs mənzilin mülkiyyətçisi olan X6 olmalıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu halı nəzərə almadan əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Kollegiya qeyd edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; çünkü iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 01.10.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 5, 4 saylı mənzil 13 saylı DNK-nın 27.09.2012-ci il tarixli 4Ə/568 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edildiyindən və apellyasiya şikayətinin dəlilləri həmçinin qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-135/2020 saylı, 30 yanvar 2020-ci il tarilxi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar