Məhkəmə qərarları › İş №2(103)-7973/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7973/2021

17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7973/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması tələbi barədə” ilk, cavabdehin iddiaçıya qarşı “mənzilə köçürülmə tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) prosessual hüquqi varisləri (övladları) X2 və X3, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı keçmiş gəlini olan cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus 1 ədəd “Philips” markalı soyuducunun, 1 ədəd “İndesit” markalı paltaryuyanın, 1 ədəd “Panasonic” markalı televizorun, 1 ədəd asperatorun, 1 ədəd “Hotline” markalı qaz plitəsinin, 1 ədəd tozsoranın, 1 ədəd taxtın (yataq otağı mebeli sökülü vəziyyətdə), 1 ədəd dəhliz şkafının, 1 ədəd “Panasonic” markalı musiqi mərkəzinin, 1 ədəd böyük divanın, 1 ədəd kiçik divanın, 2 ədəd kreslonun, 1 ədəd yumru masanın, 6 ədəd stulun, 4 ədəd döşəyin, 3 ədəd yorğanın, 4 ədəd yastığın, 1 ədəd odeyalın, 2 ədəd xalçanın və 1 ədəd termusun çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mübahisəli evi 2000-ci ildə almışdır. 20 ildir ki, arvadı (iş üzrə tərəf olmayan) Minafə Quliyeva ilə birlikdə həmin ünvandan yaşayırlar. X14 1995-ci il tarixdə cavabdeh ailə qurmuş və Rusiya Federasiyasına gedərək, ailəsi ilə birlikdə orada yaşamışlar. X10 metrosunun yaxınlığında ev almış və Rusiya Federasiyasından Azərbaycana gəldikdə ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Lütvəli xərçəng xəstəliyindən əziyyət çəkdiyindən 2015-ci ildə müalicəsi ilə əlaqədar olaraq evini satmaq qərarına gəlmiş və iddiaçıya müraciət edərək xahiş etmişdir ki, o, özlərinə məxsus əşyalarını mübahisəli evin bir otağına müvəqqəti olaraq yığsın. İddiaçı buna razılıq vermişdir. Lütvəlinin səhhəti getdikcə pisləşdiryindən iddiaçı, 2019-cu ildə Lütvəlini öz evinə müvəqqəti gətirərək onu müalicə etdirmişdir. Lütvəli ilə birlikdə cavabdeh də, evə köçmüşdür. Aparılmış müalicələrə baxmayaraq Lütvəlini 2020-ci ildə vəfat etmişdir. Bundan bir müddət sonra cavabdeh evdə söz-söhbət salaraq, iddiaçıya və iddiaçının arvadına qarşı hörmətsizlik edərək onların evdə rahat yaşamalarına maneçilik törətmişdir. İddiaçıgil cavabdehdən evdən əşyalarını da toplayaraq çıxmasını xahiş etsələr də, cavabdeh əşyalarını evdən könüllü çıxarmaqdan imtina etmişdir. Cavabdeh hər gün evdə iddiaçıya qarşı hörmətsiz davranaraq söz-söhbət salmış, iddiaçı da 102 xidmətinə zəng edərək cavabdehdən şikayət etmişdir. Sonradan məcburiyyət qarşısında qalmış iddiaçı arvadı ilə birlikdə evi tərk etmiş və digər övladının evinə köçmüşdür. İddiaçı hesab edir ki, cavabdehin mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ olmadığından iddiaçıya məxsus əşyalar evdən çıxarılmalıdır. İlk iddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Rayon məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 16/9 “B” saylı fərdi yaşayış evinə köçürülməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının özünə məxsus kimi qələmə verdiyi ev özbaşına tikilidir və iddiaçının həmin ev üzərində heç bir hüququ yoxdur. Əslində isə həmin ev iddiaçı tərəfindən deyil, cavabdeh ilə cavabdehin əri Lütvəli tərəfindən alınmışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2001-ci ilədək özünə məxsus Bakı şəhəri Telnov küçəsi ev 2, mənzil 129-da qeydiyyatda olmaqla yaşamışlar. Sonra, yəni 2001-ci ildə iddiaçı, banka olan kredit borcunu ödəmək üçün həmin mənzili satmış və ailə üzvləri ilə birlikdə kirayə evdə yaşamışlar. Cavabdeh isə həmin illərdə əri Lütvəli ilə birlikdə Rusiya Federasiyasının Tümen vilayətində yaşamış və onların maddi vəziyyətləri yaxşı olmuş və onlar, 05.06.2001-ci il tarixdə ünvan 2 ünvanda 70 saylı mənzili, 29.06.2006-cı tarixdə isə Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi almışlar. Lakin Lütvəli həyət evlərində yaşamağı xoşladığından 2004-cü ildə 8.000 ABŞ dollarına özbaşına inşa edilmiş (mübahisəli) fərdi evi almışlar. Sonradan həmin evə əlavə özbaşına iki yaşayış otağı inşa etməklə (hazırda ona aid olan mebel və əşyalar həmin əlavə özbaşına inşa edilmiş otaqlarda yerləşir) istifadə etməyə başlamışlar. 2004-cü ildə, Lütvəli, valideynləri kirayə evdə qalmasınlar dəyə onların həmin evə köçüb yaşamalarına icazə vermişdir. 2011-ci ildə Lütvəlinin səhhəti ilə bağlı artıq Tümendə yaşaya bilmədiyindən birdəfəlik Bakıya qayıdaraq vəfat edən günədək həmin evdə valideynləri ilə birlikdə yaşamış, uşaqlarının isə Tümendə təhsil almaları səbəbi ilə yalnız yay aylarında uşaqlarla birlikdə həmin evdə gəlib qala bilmişdir. 2017-ci ildə Lütvəli cavabdehə bildirmişdir ki, atası və qardaşları X2 və X5 onun xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra Bakı şəhərində yerləşən notariat kontorlarında onun və cavabdehin adından saxta etibarnamələr əldə etməklə ona məxsus olan və ünvan 2 ünvandakı 70 saylı mənzilini, Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini və cavabdehin adına olan “İnfiniti FX35” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşını onun razılığı və xəbəri olmadan qanunsuz satıb pulunu mənimsəmişlər. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda 12.04.2017-ci il tarixdən etibarən araşdırmalar aparılmış, 4 il ərzində Nərimanov Rayon Polis İdarəsində və Prokurorluqda aparılan araşdırmalar zamanı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, saxta etibarnamələr əsasında cavabdehə məxsus 29.03.2013-cü tarixdə Quliyev X4 qəsəbəsindəki 0,04 ha torpaq sahəsini, 23.10.2014-cü tarixdə X5 “İnfiniti FX35” markalı avtomaşını və 20.05.2014-cü tarixdə X2 70 saylı mənzili qanunsuz satıb pulunu mənimsəmişlər. 2020-ci ilin aprel ayında Lütvəli vəfat etmiş, onun vəfatından sonra iddiaçı və onun digər övladları əlbir olub saxta etibarnamələr əsasında cavabdehə məxsus əmlakların özgəninkiləşdirilməsi prosesi onlar tərəfindən həyata keçirilmiş olsa da, bu proseslerdən guya cavabdehin həyat yoldaşının xəbəri olduğunu bildirmişdir. Hətta iddiaçı bütün bunları bildiyi halda cavabdehin həyat yoldaşının vəfatından 7 gün qəbir üstünə getməyindən istifadə edərək evin qapısının açarlarını dəyişərək onu evə buraxmamışlar. O vaxtdan bu günədək cavabdeh kirayə evlərdə qalmaq məcburiyyətindədir. Təqdim edilmiş rəsmi sənədlərdən göründüyü kimi cavabdehin əmlaklarının yerləşdiyi özbaşına inşa edilmiş (mübahisəli) tikilidə 2017-ci ilin noyabr ayınadək heç kim qeydiyyatda olmamış, 2017-ci ildə cavabdeh polisə və prokurorluğa müraciət etdikdən sonra isə iddiaçı və onun övladları Zülfəli və Ülvü evə pasport qeydiyyatına düşmüşlər ki, cavabdehə aid olan həmin tikiliyə də sahiblənsinlər. Buna görə də, cavabdeh hesab edir ki, ilk iddia rədd edilməli və o, mübahisəli tikiliyə köçürülməlidir. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və ilk iddia ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnamə ilə ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qeyriobyektiv və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus deyil və iddiaçının həmin evə heç bir hüququ yoxdur, çünki həmin fərdi yaşayış evi 2004-cü ildə 8.000 ABŞ dolları ödənməklə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçının) və onun əri Lütvəli tərəfindən alınmışdır. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı zamanı iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) 26.04.2021ci il tarixdə vəfat etməsi müəyyən olunduğundan onun övladları X2 və X6 mərhumun prosessual hüquqi varisləri kimi tanınmış və işin baxılmasına cəlb olunmuşlar. Cavabdehin hüquqi varisləri apellyasiya baxışı iclasında iştirak edərək, ilk iddianı müdafiə edərək, apellyasiya şikayətinə və qarşılıqlı iddia tələbinin dəlillərinə etiraz etdilər və ilk iddia tələbinin məzmununa uyğun izahat verdilər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ünvan 1 ünvanında yerləşən mübahisəli tikilinin özbaşına tikili olması işin mübahisəsiz halını təşkil edir. İddiaçı sağlığında bildirirdi ki, həmin tikili ona məxsusdur. Onun ölümündən sonra onun prosessual hüquq varisləri də, bildirilər ki, tikili İddiaçı məxsus olmuşdur. Cavabdeh isə bildirir ki, həmin tikili ona və mərhum əri Lütvəli Quliyevə məxsus olmuşdur. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirmiş X1 ifadəsində bildirmişdir ki, o, İddiaçı qardaşı arvadıdır. Mübahisəli ünvanda iddiaçı ailəsi ilə yaşamışdır. Əlavə tikilinin nə vaxt tikildiyini bilmir. Cavabdeh yay aylarında mübahisəli ünvanda yaşamışdır. Cavabdehin əşyaları həmin ünvandadır. Lütvəli həmin ünvanda 2013-də yaşamışdır. Lütvəlinin ayrıca öz evi var idi. Cavabdehin əşyaları Gənclikdəki ev satılandan sonra mübahisəli evə gətirilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirmiş X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisidir. Əmisigil təxminən 2000-ci ildən sonra mübahisəli evə köçüblər. Evi əmisinin övladları alıb. İddiaçının övladı Lütvəli cavabdeh ilə ailə qurduqdan sonra onlar Rusiyada yaşamışlar. Onları ancaq yay aylarında əmisinin evində görmüşdür. Lütvəlinin Gənclikdə evi olmuşdur. Həmin ev satıldıqdan sonra cavabdehin əşyaları mübahisəli evə gətirilmişdir. Fərdi evdə aparılan əlavə otaqların tikilməsində o da iştirak etmişdir. Tikilinin yerləşdiyi əraziyə xidmət göstərən 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.10.2019-cu il tarixli, 1381 saylı arayışdan görünür ki, mübahisəli özü tikiliyə maliyyə haqq-hesabı 04.11.2017-ci il tarixdə açılmışdır. Sözügedən tikilidə İddiaçı, onun arvadı X7 və onların övladları Zülfəli və Ülvi qeydiyyatdadır. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli özbaşına tikili iddiaçı tərəfindən əldə olunmuşdur. İddiaçı, iddiaçının arvadı və onların övladları Zülfəli və Ülvi yaşamışlar. Cavabdeh tikilinin onun mərhum əri (iddiaçının övladı) Lütvəli Quliyev tərəfindən əldə olunduğunu bildirsə də, bu halı təsdiq edə biləcək heç bir sübutu məhkəmələrə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli tikilinin əldə edilməsində və tikilməsində cavabdehin rolunun olması, həmçinin həmin tikilidə mərhum iddiaçının və onun ailə üzvlərinin daimi yaşaması müəyyən edildiyi üçün cavabdehin tikiliyə köçürülmə tələbinin heç bir hüquqi əsası yoxdur. Belə olan halda, cavabdehə məxsus əşyaların mübahisəli tikilidə yerləşməsinin də hüquqi əsası yoxdur. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 29.01.2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X11rşı” iş üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göstərilənlər və apellyasiyanın nəticələri nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar