Məhkəmə qərarları › İş №2(103)-8006/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8006/2020

03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8006/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh Talıbov Mövlüd Əhməd oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Talıbov Mövlüd Əhməd oğluna qarşı «şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-359/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Talıbov Mövlüd Əhməd oğlu tərəfindən işlədilmiş ifadələrin şərəf və ləyaqətin alçaldılması hesab edilməsi, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 359/2020 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-359/2020 saylı qərardadı ilə qaytarılmışdır. İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-359/2020 saylı qərardadı ilə ərizə təmin olunmamış, müddətin bərpasından imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, Covid-19 infeksiyasının qarşısının alınması məqsədi ilə sərt karantin qaydalarının tətbiq edilməsi, məhz bu səbəbdən apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim edə bilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən cavabdeh şikayəti əsassız sayaraq,onun təmin olunmamasını,qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq,o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı,birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən (məktub,reyestr,xəbərnamə)görünür ki,iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin surətini xx xxx 2020-ci il tarixdə rəsmi qaydada almışdır. İddiaçının apellyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş (şikayət rabitə orqanına xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir), məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verdiyindən qaytarılmışdır. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə vermişdir. Məhkəmə kollegiyası müddətin bərpasından imtina olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq,aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1ay müddətində verilə bilər. MPM-in 129.1-ci maddəsinin tələbinə görə illərlə hesablanan müddət,müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.Aylarla hesablanan müddət,müddətin müvafiq son ayında və günündə qurtarır. İddiaçı müddətin bərpasına dair ərizəsində Covid-19 infeksiyasının qarşısının alınması məqsədi ilə sərt karantin qaydalarının tətbiq edilməsini və bu səbəbdən də apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim edə bilməməsini göstərmişdir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə,prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir.Bütövlükdə ədalət mühakiməsinin,o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə,qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli 05 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında məhkəmələrin fəaliyyəti xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək qismən dayandırılmışdır. Eyni zamanda, həmin qərarda fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Bu səbəbdən də, cavabdeh həmin dövrdə apellyasiya şikayətini rabitə orqanına təqdim etməklə, vaxtında şikayət hüququndan istifadə edə bilərdi. Həmçinin qeyd edilməlidir ki, cavabdeh qətnaməni xx xxx 2020-ci il tarixdə rəsmi qaydada almış, məhkəmələrin fəaliyyəti isə xx xxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixədək tam şəkildə mövcud olmuşdur. Cavabdeh həmin dövrdə apellyasiya şikayətini birbaşa məhkəməyə təqdim etmək imkanında olmuşdur (cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da ərizəsinə əlavə etməmişdir). Cavabdeh yalnız xx xxxx 2020-ci il tarixdə apellyasiya şikayətini rabitə orqanına təqdim etmiş, lakin keçən bütün müddətin üzürlü hesab edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki,buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik,preyudisiallıq,müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq,məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur.Bu hal,həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Göründüyü kimi, cavabdehin ərizədə göstərdiyi yeganə hal prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas təşkil edə bilməz. Cavabdeh buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut edə bilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Talıbov Mövlüd Əhməd oğluna qarşı «şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-359/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-359/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar