Məhkəmə qərarları › İş №2(103)-8007/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8007/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8007/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-8007/2022 (Açar sözlər: maneələrə son qoyulması, icarə haqqının tutulması) Bakı şəhəri, 29 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və X3 nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” barədə ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X8 və X4 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh və faktiki fəaliyyət göstərən digər şəxslərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyriyaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi; Cavabdeh ödənilməmiş icarə haqqına görə 10000 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 750 manat, cəmi 10750 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi; Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrdə ödənilməmiş icarə haqqına görə 11250 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat, cəmi 12093,75 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixindən etibarən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd olunan əmlak onun mülkiyyətinə keçməmişdən öncə əvvəlki mülkiyyətçi tərəfindən 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən Cavabdeh 31 yanvar 2017-ci il tarixə kimi aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilmişdir. İcarə obyekti restoran fəaliyyəti göstərməsi üçün mülkiyyətçi tərəfindən bütün zəruri avadanlıqlarla təmin edilmiş və müasir interyerə malik şəkildə icarəçiyə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin qeyd olunan bəndinə əsasən icarə müddəti bir neçə dəfə uzadılmış, əmlak onun mülkiyyətinə keçdikdən (xx.xx.2020-ci il tarixindən) sonra da icarə münasibətləri 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən davam etdirilmişdir. Müqavilənin müddəti sonuncu dəfə xx.xx.2021-ci il tarixində daha 1 il müddətinə uzadılmışdır. Əvvəlki bir neçə ay ərzində icarəçi aylıq icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixindən etibarən icarəçi Cavabdeh tərəfindən icarə haqqı müxtəlif bəhanələrlə ödənilməmiş və xx.xx.2022-ci il tarixinə qədər olan müddət ərzində onun icarəyə verənə 11250 manat icarə haqqı borcu yaranmışdır. Həmçinin icarə obyektinə gedərkən bir neçə dəfə orda digər şəxslərin də fəaliyyət göstərdiyinin şahidi olsalar da həmin şəxslərin dairəsini müəyyən edə bilməmişdir. Bütün bu hallar isə Cavabdeh tərəfindən icarə obyektinin üçüncü şəxslərə subicarəyə verilməsini təsdiq edir. Halbuki 31 oktyabr 2016-ci il tarixli İcarə Müqaviləsinin 7ci bəndinə əsasən "icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz". Belə olan halda müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icarəci tərəfindən kobud səkildə pozulmasını və vaxtında yerinə yetirilməməsini nəzərə alaraq müqavilənin müddətinin uzadılmaması qərarma gəlmiş və müqavilənin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış icarə müddətinin uzadılmayacağı barədə icarəçiyə yazılı bildiriş göndərmişdir. Bildiriş cavabdehə rəsmi qaydada xx.xx.2021-ci il tarixində çatdırılıb. Həmçinin bildirişdə icarə obyektinin xx.xx.2022-ci il tarixində qarşılıqlı təhvil-təslim aktına əsasən boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. Qeyd olunan bildiriş icarəçiyə çatdırıldıqdan sonra münasibətləri daha da kəskinləşmişdir və icarəçi tərəfindən öz mülkiyyətində olan qeyriyaşayış sahəsinə buraxılmır, nəticədə də icarə obyektində baş verən hadisələrdən, həmçinin də ona məxsus avadanlıqların vəziyyətindən məlumatsızdır. Artıq xx.xx.2022-ci il tarixdə müqavilənin müddətinin bitməsinə baxmayaraq icarəçi icarə obyektini boşaldaraq icarəyə verənə təhvil vermir və hələ də icarə obyekti Cavabdeh Rafavıl oğlunun qanunsuz sahibliyindədir. Odur ki, yuxarıda qeyd olunan mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin hesab edir ki, cavabdeh müqavilə üzrə 11250 manat məbləğində icarə haqqmm ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsini nəzərə alsaq, cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 7.5% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Belə olan halda həmin məbləğ 843,75 manat təşkil edəcəkdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İlk iddia təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11250 (on bir min iki yüz əlli) manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 (səkkiz yüz qırx üç manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 12093,75 (on iki min doxsan üç manat yetmiş beş qəpik) manat pulun ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X8 və X4 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (Hakim: Kərim Xudayev). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixə kimi cavabdehə icarəçi tərəfindən icarə müqaviləsinin pozulması barədə heç bir təklif olunmadığından müqavilə müddəti xx.xx.2022-ciilə kimi uzadılmışdır. Cavabdehlə icarə müqaviləsini X3 adından onun etibarnamə üzrə nümayəndəsi, ilkin mülkiyyətçi X3 həyat yoldaşı, hazırki mülkiyyətçi İddiaçı Müsa qızının qardaşı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X10 bağlamışdır və bütün ödənişlərdə ona ödənilmişdir. 2021-ci ilin oktyabr və noyabr aylarında mülkiyyətçilərin nümayəndəsi İlqar Əhədova qabaqcadan ödənişlər etmiş, bu barədə vattsap yazışmaları vardır. Ödəniş nağd aparılırdı. 2021-ci ilin sonlarında obyektin faktiki sahibi qarşılıqlı cavabdeh X10 vasitəsi ilə X6 cavabdehdən 20 aylıq icarə haqqını (10000 manat) ehtiyacı olduğundan qabaqcadan almışdır. Bu barədə vatsap yazışmaları vardır. Cavabdeh həmin obyektdə uzun illər işlədiyini, normal münasibəti olduğunu nəzərə alaraq ona qabaqcadan 20 ayın icarə haqqısını vermişdirki, onsuzda müqavilə müddəti 2023-ciilin sonlarına kimi davam edəcək, işlədikcə icarə haqqından qarşılıqlı cavabdeh, X3 borcunu hesablayıb çıxar və borc tamamlana kimi fəaliyyət göstərib icarə haqqı ödəməz. Bu səbəbdən də cavabdeh arxayın olub obyekti təkrar təmir etdirmiş və təmirə öz vəsaitindən 3435 manat xərcləmişdir. 2021-ci ilin sonlarında obyekti tam təmir etdirdikdən və 20 aylıq icarə haqqını (10000 manat) X10 qabaqcadan cavabdehdən aldıqdan sonra, 2022-ci ilin yanvar ayının əvvəllərində qarşılıqlı cavabdeh X10 bildirmişdir ki, X6 icarə haqqını qeyrirəsmi olaraq (müqavilədən kənar) 2000 manat edir. Cavabdeh onunla razılaşmadıqda X10 qanunsuz olaraq obyektə verilən işıqı və qazı kəsdirmiş (komunal müqavilələr onunla bağlanmışdır), qarşılıqlı cavabdehlər X6 və X10 cavabdehin fəaliyətinə qanunsuz olaraq müdaxilə etmiş və qabaqcadan ondan aldıqları icarə haqqını (20 aylıq – 10000 manat) geri qaytarmaq istəməmiş, ona sahibkar kimi maddi və mənəvi zərər vurmuşdur. Mübahisə predmeti olan obyektə işıq və qaz verilmədiyindən fəaliyyət göstərə bilməmiş və cavabdehə qarşılıqlı cavabdehlər tərəfindən təmir xərclərinə görə 3435 manat, fəaliyət göstərmədiyinə görə 6000 manat (iki aylıq) maddi zərər vurulmuşdur. Cavabdeh fəaliyyətini davam etdirmək, obyekti işiq və qaz təchizatı ilə təmin etmək məqsədi ilə Azərişığa və Azərqaza yazılı müraciət edərək enerjinin və qazın verilməsini bərpa etməyi xahiş etmiş və eyni zamanda cavabdehlə müqavilə bağlayan mülkiyyətçi qarşılıqlı cavabdeh X4, qarşılıqlı cavabdeh X8 Pretenziya məktubu göndərmişdir. Lakin, X6 yenə ona bildirməmişdir ki, mülkiyyətçi dəyişib, obyektin sahibi İddiaçıdır. İlkin iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Müsa qızı X7 mülkiyyətçi kimi heç vaxt obyektdə olmamış, onu şəxsən tanımır və cavabdehə rəsmi olaraq heç bir Pretenziya məktubu göndərməmişdir ki, yəni mülkiyyətçi kimi bağlanmış müqaviləni ləğv edir. Qarşılıqlı cavabdehlər X10 və X6 cavabdehdən aldıqları 10000 manat borc pulu qaytarmamaq məqsədi ilə qərəzli olaraq müqaviləsiz icarə haqqını 2000 manata kimi yüksəltdiklərini bildirmişlər, cavabdeh onların qanunsuz tələbləri ilə razılaşmadıq da onun fəaliyyətinə qərəzli olaraq maneələr yaratmışlar, obyektə işıq və qaz verilməsini məlumatı olmadan dayandırmışlar. Belə ki, müqavilənin 3-cü bəndində qeyd olunur ki, müqavilənin icarə müddəti xx.xx.2017-ci ilə kimidir, müqavilənin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulması barədə hər hansı təklif irəli sürməzlərsə müqavilə sonraki ilin həmin tarixinə kimi bir il müddətinə uzadılır. Mülkiyyətçi müqavilənin pozulmasını istəsəydi cavabdehə icarəçi kimi xx.xx.2022-ci il tarixə kimi, yəni müqavilə müddətinin bitməsinə bir ay qalmış pretenziya məktubu göndəməli idi. İlkin iddiaçı iddia ərizəsində qeyd edir ki, guya 2020-ciilin iyun ayının 1-dən cavabdeh icarə haqqı ödəmir. Belə olduğu halda onda hansı səbəblərdən iddiaçı 2020–ci ilin sonunda müqavilənin pozulması barədə cavabdehə pretenziya göndərməmiş, müqavilə üzrə məndən ödəniş etməyi tələb etməmişdir. Bu səbəblərdən də müqavilə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə və sonra xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Digər tərəfdən ilkin iddiaçı iddia edir ki, guya obyektdə olan avadanlıqlar ona məxsusdur. Cavabdeh həmin obyektdə 31.oktyabr 2016-cı ildən fəaliyyət göstərir. Həmin dövdə mülkiyyətçi hazırki iddia tələbi üzrə qarşılıqlı cavabdeh X6 olmuşdur. Əmlak hazırki iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl necə olur ki, hazırki mülkiyyətçi, mülkiyyətçi olmamışdan 4 il əvvəl həmin obyektdə avadanlıq quraşdırır və həmin avadanlıqların sahibi olur. Digər tərəfdən iddiaçı iddianın xahiş edirəm hissəsində özü etiraf edir ki, obyektdəki avadanlıq cavabdehə məxsusdur. Lakin iddiasında qeyd edir ki, cavabdeh onu obyektə buraxmır, avadanlıqlarını mənimsəmişdir. Göründüyü kimi qarşılıqlı iddia tələbi üzrə cavabdehlər, özlərinin mülkiyyət və sahibkarlıq hüquqlarından sui-istifadə etməklə, müqavilə öhdəliklərini pozmaqla cavabdehin sahibkarlıq fəaliyyətinə süni maneələr yaratmışlar, öz qanunsuz hərəkətləri ilə cavabdehə maddi və mənəvi zərər vurmuşlar. İddiaçı tərəfindən cavabdehin ünvanına müqavilənin pozulması barədə rəsmi bildiriş daxil olmamışdır. İddiaçının nümayəndəsi saxta pretenziya məktubu tərtib edərək məhkəməyə təqdim etmişdir ki, guya cavabdehə xx.xx.2021-ci il də müqavilə müddətinin bitməsi barədə pretenziya göndərib. Qəbzin surətindən də görünür ki, qəbzdə olan imza cavabdehə məxsus deyil, iddiaçı saxta sübut məhkəməyə təqdim etmişdir. Məhkəməyə həmin imzanın yoxlanılması barədə ekspertiza təyin olunması barədə vəsatət verilsə də, məhkəmə vəsatətə münasibət bildirməmişdir. Digər tərəfdən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə hazırda qüvvədə olduğu halda, notarial qaydada ləğv olunmadığı halda məhkəmə bu qənaətə gəlir ki, müqavilə guya ləğv olunmuşdur. Digər tərəfdən yeni mülkiyyətçi, Əhədov İlqarın bacısı, əvvəlki mülkiyyətçinin baldızı İddiaçı iddiasında qeyd edir ki, guya cavabdeh ona 06.2020-ci ilə kimi icarəhaqqı ödəmiş, lakin 06.2020-ci ilidən icarə haqqı ödəmir. Cavabdeh mülkiyyətçinin nümayəndəsi Əhədov İlqara 2022-ci ilin iyun tarixinə kimi icarə haqqını nağd ödəmiş və bu səbəbdən də iddiaçı 02.2020-ci ildən 06.2020-ci ilə kimi ödəniş etməy barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən əgər cavabdeh 06.2020-ci ilin iyun ayından ödəniş etmirdisə onda hansı səbəbdən icarədar ondan icarə haqqını tələb etməmiş, müqavilənin ləğv olunması barədə 2020-ci ilin sonunda ona pretenziya göndərməmişdir. Göründüyü kimi, Yasamal rayon Məhkəməsi bu faktların heç birini araşdırmamış, cavabdehin məhkəməyə təqdim etdiyi sübutları iş materiallarından kənarlaşdırmış və sübutlarına hüquqi qiymət verməmiş, təmir işləri aparan şahidlərin dindirilməsindən əsasız səbəbdən imtina etmiş, qətnamə qəbul edərkən qərəzli, qeyriobyektiv olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qanunçuluq və ədalət prinsiplərini özündə birləşdirən tam qanuni qətnamə qəbul etdiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin heç bir tutarlı əsası, eyni zamanda hüquqi qüvvəsi olmadığı üçün əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsində mülki işə baxılarkən iş tam düzgün və ədalətli araşdırılmışdır. Məhkəmə araşdırması zamanı həqiqətən düzgün olaraq müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X6 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanılmaqla mübahisə predimeti olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 500 manat razılaşdırılmaqla icarəyə verilmişdir. Qeyriyaşayış sahəsi xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 31.01,2017ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzləsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İddiaçı xx.xx.2020-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədəxəbərdarlıq etmiş və icarə müqaviləsi xx.xx.2022-ci il tarixində ləğv edilmişdir. Müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, qeyri-yaşayış sahəsi mülkiyyətçinin tələbi ilə ona təhvil verilməmişdir. Bu səbəbdən, ilkin iddia üzrə iddiaçı mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə haqlı olaraq qətnaməsində iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükünü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə qoymuşdur.Belə ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1 -ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmədə ilkin iddia üzrə Cavabdeh, faktiki istifadəsində olmuş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. İlkin iddia üzrə cavabdeh əmlakın mülkiyyətçisinin dəyişməsindən xəbərsiz olduğunu qeyd etsə də, icarə haqqının qeyri-yaşayış sahəsinin əvəlki mülkiyyətçisini ödənilməsinə dair də, heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə ilkin iddia üzrə Cavabdeh vermiş olduğu apellyasiya şikayətində məhkəmə tərəfindən hansı prosessual və maddi hüquq normalarının pozulması qeyd edilməyib. Ən əsası, sözügedən şəxs apellyasiya şikayəti verərək işin baxılma müddətini uzatmaqla qanunsuz sahiblik nəticəsində gəlir əldə etməklə saibkarlıq fəlaiyyəti ilə məşğul olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri- yaşayış sahəsindən faydalanaraq gəlir əldə etmək niyyətindədir ki, bu da hüquqlarını müdafiə etdiyim şəxsin mülkiyyət hüquqlarına qeyri-taraz müdaxilə, mülkiyyət hüquqlarından qanunsuz məhrumedilmə kimi qiymətləndirilməlidir. 2020-ci ilin iyun ayından icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı və icarə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qaytarılmadığı üçün 2022ci ilin fevral, mart ayları və aprel ayının birinci yarısına görə də icarə haqqı məbləğində kompensasiyanın və eyni zamanda və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə əldən çıxmış fayda olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmənin qənaəti ədalətlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və X3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

11. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

14. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən Əəgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

15. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakının Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyatdan keçmişdir.

31. İş materiallarında olan xx.xx.2016-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən edilir ki, X6 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh aylıq icarə haqqı 500 manat razılaşdırılmaqla icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzləsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.

32. İş materiallarında olan Azərbaycan Respublikasıının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət reyestrindən çıxarışdan görünür ki, fiziki şəxs Cavabdeh qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi faktiki ünvan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 12 ünvanı olmaqla xx.xx.2021-ci il tarixdə qida təhlükəsizliyi qeydiyyatına alınmışdır.

33. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünavanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh mülkiyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan olan qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə kimi boşaldaraq təhvil verilməsini tələb etmişdir.

34. İş materiallarında olan Cavabdeh tərəfindən “Azəriqaz” İB və "xxxx" ASC-yə ünvanlanmış müraciətlərin və qaimələrin sürətindən görünür ki, Cavabdeh qeyri-yaşayış sahəsinə elektrik enerjisinin və qazın verilməsinin əsassız olaraq dayandırılması, abunə kodunun passiv edilməsi və elektrik sayğacının çıxarılmasına dair xx.xx.2022-ci il tarixdə qeyd edilən orqanlara müraciət etmişdir.

35. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisinin dayandırılması İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən həyata keçirilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Kollegiya ilkin iddia tələbi ilə bağlı iş materiallarına əsasən qeyd edir ki, qeyriyaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X6 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanılmaqla mübahisə predimeti olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 500 manat razılaşdırılmaqla icarəyə verilmişdir. Qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.

37. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və icarə müqaviləsi xx.xx.2022-ci il tarixində ləğv edilmişdir. Müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, qeyri-yaşayış sahəsi mülkiyyətçinin tələbi ilə ona təhvil verilməmişdir.

38. Cavabdeh apellyasiya şikayətində qeyd edilən xəbərdarlığın ona göndərilməməsinə istinad etmişdir.

39. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan poçt qəbzindən (İ cild, i.v. 22) görünür ki, xəbərdarlıq cavabdehin ünvan 3 ünvanına göndərilmişdir. Cavabdeh hazırda verdiyi apellyasiya şikayətində də öz ünvanı kimi məhz həmin ünvanı göstərmişdir.

40. Kollegiya ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər.

41. Belə ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

43. Bununla belə, ilkin iddia üzrə cavabdeh, faktiki istifadəsində olmuş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. İlkin iddia üzrə cavabdeh əmlakın mülkiyyətçisinin dəyişməsindən xəbərsiz olduğunu qeyd etsə də, icarə haqqının qeyri-yaşayış sahəsinin əvəlki mülkiyyətçisini ödənilməsinə dair də, heç bir mötəbər sübut təqdim etməmişdir. Hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə, yalnız şifahi bildirilənlərə əsasən oların həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ilkin iddia tələbinin həmin hissədə təmin edilərək, 2020-ci ilin iyun ayından icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı və icarə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qaytarılmadığı üçün 2022-ci ilin fevral, mart ayları və aprel ayının birinci yarısına görə də icarə haqqı məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

44. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə görə, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

45. Kollegiya ilkin iddia tələbini “gecikdirilmiş vaxt üçün hesablanmış 843,75 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsində də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

46. Belə ki, ilkin iddia üzrə cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək icarə haqqınının ödənilməsini gecikdirmiş, saibkarlıq fəlaiyyəti ilə məşğul olaraq həmin pul vəsaitindən faydalanmışdır.

47. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

48. Kollegiya ilkin iddia tələbinə münasibətdə hesab edir ki, ilk iddianın təmin edilərək, ilk iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11250 (on bir min iki yüz əlli) manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 (səkkiz yüz qırx üç manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 12093,75 (on iki min doxsan üç manat yetmiş beş qəpik) manat pulun ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı Əhədova Fəri də Musa qızına ödənilməsindən ibarət məhkəmənin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

49. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, icarə müqaviləsinin 3cü bəndinə əsasən icarə müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzləsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.

50. İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və icarə müqaviləsi xx.xx.2022-ci il tarixində ləğv edilmişdir.

51. Kollegiya qarşılıqlı iddia tələbinin qabaqcadan ödənilmiş icarə haqqının və təmir xərclərinin cavabdehlər X5 və X2 tutulmasına münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı 2021-ci ilin sonlarında obyektin faktiki sahibi qarşılıqlı iddia üzrə cavabdeh X10 vasitəsi ilə X3 ondan 20 aylıq icarə haqqını aldığını qeyd etsə də, iş materiallarında olan çıxarışdan görünür ki, qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdnə İddiaçı mülkiyyətindədir və həmin vaxt X6 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir.

52. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə 20 aylıq icarə haqqının əvvəlcədən qeyri-yaşayış sahəsinin nə əvvəlki mülkiyətçisinə, nə də ki hazırki mülkiyyətçisinə ödənilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı 3435 manat qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, qarşılıqlı iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir.

53. Belə ki, xx.xx.2016-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

56. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

57. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

58. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 6000 manat maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyri-yaşayış sahəsinə elektrik enerjisinin və qazın verilməsinin hansı tarixdən dayandırılması müəyyən edilmir. Qarşılıqlı iddia üzrə iddiaçı isə bununla bağlı müvafiq orqanlara xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, həmin tarix müqavilənin müddətinin bitməsinə az bir müddət qalmışdır və qarşılıqlı iddia üzrə iddiaçı artıq müqavilə münasibətlərinin davam etdirilməyəcəyi barədə xəbərdar edilmişdir.

59. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X8 və X4 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

60. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

63. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar