Məhkəmə qərarları › İş №2(103)-8020/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8020/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8020/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: tibbi sənədlərin təqdim edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı tibbi sənədlərin təqdim edilməsi tələbinə dair e- 2(011)-3686/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 28 mart 2018-ci il tarixində "Mediland” MMC-nin "Mediland Hospital”ında neyrocərrah Fərid Təqdirov tərəfindən əməliyyat olunmuşdur.

2. İddiaçı üzərində keçirilmiş cərrahi əməliyyatla əlaqəli "Mediland” MMC-nin "Mediland Hospital”ı ilə bağladığı 28 mart 2018-ci il tarixli "Tibbi xidmətlər barədə” müqavilənin, "Mediland” MMC-nin "Mediland Hospital”ında 28 mart 2018-ci il tarixində üzərində keçirilmiş cərrahi əməliyyatın protokolunun, barəsində olan tibbi müayinənin nəticələrinə dair təqdim etdiyi tibbi sənədlərin surətinin ona verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh MMC tərəfindən adı çəkilən sənədlər iddiaçıya qismən təqdim edilmişdir (epikriz və klinikada keçirilmiş müayinələrin surəti). Bu barədə iddiaçının müraciətləri nəticəsiz qalmış, tələb etdikləri sənədlərin surəti iddiaçıya təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 2018-ci il tarixində "Mediland” MMC-nin "Mediland Hospital”ında neyrocərrah Fərid Təqdirov tərəfindən üzərində keçirilmiş cərrahi əməliyyatla əlaqəli "Mediland Hospital”la bağladığı 28 mart 2018-ci il tarixli "Tibbi xidmətlər barədə” müqavilənin, "Mediland” MMC-nin "Mediland Hospital”ında üzərində keçirilmiş cərrahiyyə əməliyyatı ilə bağlı 28 mart 2018-ci il tarixli cərrahi əməliyyatın protokolunun, 30 yanvar 2018-ci il və 31 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş "VEP (Beyin və göz arasında görmə traktları) müayinə raportlarının nəticələrinin, 10 mart 2018ci il tarixində "MedEra Hospital”da "Beynin MRT müayinəsi” və "Orbital MRT müayinəsi” Diaqnostika nəticə hesabatlarının, 17 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində keçirilmiş "Baş beyin MRT müayinə (kontrastlı) raporu”nun, 05 mart 2018-ci il və 01 may 2018-ci il tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsində keçirilmiş "Oftalmoloji müayinə rapor”larının nəticələri, 24 fevral 2018-ci il tarixində "Memorial Klinik” Tibb Mərkəzində "Qanda şəkərin analizi” nəticələrinə dair sənədlərin surətinin ona təqdim edilməsi və iddia tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatla bağladığı müqavilənin və tibbi sənədlərin təsdiq olunmuş surətinin ona verilməsi barədə cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmış, bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3686/2022 saylı mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 28 mart 2018-ci il tarixli "Tibbi xidmətlər barədə” müqavilənin və həmin tarixli "Cərrahi əməliyyatın protokolu”nun lazımı qaydada təsdiq edilmiş surətlərinin "Mediland” MMC tərəfindən İddiaçı təqdim edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Lalə Rəhimli)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 28 mart 2018-ci il tarixli "Tibbi xidmətlər barədə” müqavilə və həmin tarixli "Cərrahi əməliyyatın protokolu” iddiaçıya təqdim edilməli, qalan sənədlərin isə iddiaçı tərəfindən cavabdehə verilməsi sübut olunmadığına görə həmin hissədə iddia rədd edilməlidir.

7. Məhkəmə öz mövqeyini “Əhalinin sağlamlığının qorunması haqqında ”Azərbaycan Respublikası Qanununun 25-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdeh tərəfindən iddiaçıya təqdim olunması qət olunmuş sənədlər bundan əvvəl tərəflər arasında baxılmış başqa bir mülki iş üzrə məhkəmə tibbi ekspertizasına təqdim edilmiş və ekspert tərəfindən tədqiq edilmişdir. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını araşdırmadığına görə qətnamə ləğv olunub iddia rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Yazılı etiraz belə əsaslandırılmışdır ki, tələb olunan sənədlər məhkəmə tibbi ekspertizasına təqdim olunmamış, bu hal ekspertin rəyində də öz əksini tapmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Vəkil izahatında bildirdi ki, tələb olunan sənədlər bundan əvvəl tərəflər arasında başqa bir mülki iş üzrə məhkəmə tibbi ekspertizasına təqdim edilmiş və ekspert rəyində öz əksini tapmışdır. Bundan əlavə, həmin sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə də yerləşdirilmiş, iddiaçı istənilən vaxt həmin sənədləri sistemdən əldə edə bilər. Mübahisənin uzanmaması üçün təmsil etdiyi təşkilat həmin sənədləri iddiaçıya təqdim etməyə hazırdır.

12. İddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin əsassız olduğunu, həyat yoldaşı İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı uğursuz olduğuna görə hal-hazırda onun üzərində yeni cərrahiyyə əməliyyatının aparılmasının zəruri olduğunu, bu məqsədlə müvafiq tibbi sənədlərin təsdiq olunmuş surətinin ona lazım olduğunu, mübahisənin uzanmaması üçün cavabdeh tərəfindən həmin sənədlərin lazımi qaydada təsdiq olunmuş surətini qəbul etməyə hazır olduğunu, lakin iddia ərizəsi verilərkən ödədikləri 100 manat pulu da cavabdehdən tələb etdiklərini bildirdi.

13. Cavabdehin nümayəndəsi Vəkil izahatında qətnamədə təqdim olunması qət edilmiş sənədlərin lazımi qaydada təsdiq olunmuş surətini iddiaçıya verməyə hazır olduqlarını, lakin ödənilmiş 100 manat dövlət rüsumunu iddiaçıya vermək niyyətində olmadıqlarını bildirdi.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Qətnamə cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Mübahisələndirilən qətnamədən görünür ki, 28 mart 2018-ci il tarixli "Tibbi xidmətlər barədə” müqavilənin və həmin tarixli "Cərrahi əməliyyatın protokolu”nun lazımı qaydada təsdiq edilmiş surətlərinin "Mediland” MMC tərəfindən İddiaçı təqdim edilməsi qət olunmuşdur. Cavabdeh tərəf həmin sənədləri iddiaçıya təqdim etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının həmin sənədləri əldə etməyə hüququ vardır.

18. Cavabdeh "Mediland” MMC apellyasiya şikayətində qeyd olunan sənədlərin məhkəmə tibbi ekspertizasına təqdim olunduğunu və bu halın ekspert rəyində öz əksini tapdığını qeyd etsə də, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, ekspert tərəfindən tədqiq edilən tibbi sənədlərin arasında həmin sənədlər olmamışdır. (i.v.132-139)

19. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya instansiyası məhkəməsində işə baxılarkən verdiyi izahatda qeyd olunan sənədlərin sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyini, iddiaçının istənilən vaxt həmin sənədləri sistemdən əldə edə biləcəyini bildirmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərini tələb etdiyindən, həmin sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə əldə edilməsi qeyri-mümkündür.

21. Bundan əlavə, cavabdehin nümayəndəsi Vəkil qeyd olunan tibbi sənədlərin lazımi qaydada təsdiq olunmuş surətini iddiaçıya verməyə hazır olduqlarını bildirmişdir.

22. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlili əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir.

23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3686/2022 saylı mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar