Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8029/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi, eyni zamanda vəkili X3, Cavabdeh X9 iştirakı ilə, İddiaçı cavabdeh X11 qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1277/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7 himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində, bir uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1277/20 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X7 hər ay qazancının və (ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, xx.xx.2013-cü il təvəllüdlü X2 üçün tutulan alimentin xx.xx.2020-ci il tarixdən hesablanması və dərhal icra edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X13 ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olublar. xx xxxxxx 2010-cu ildə qızları X10 dünyaya gəlmişdir. xx.xx.2012-ci il tarixində Suraxanı rayon VVADQ şöbəsi nikahlarının pozulması barədə şəhadətnamə vermişdir. Boşandıqdan bir müddət sonra cavabdehlə yenidən barışaraq xx xxxxxx 2013-cü il tarixdən yenidən birgə yaşamağa başlamışlar və faktiki birgə yaşadığları dövr ərzində xx.xx.2013-cü il təvəllüdlü X12 dünyaya gəlmişdir. Uşağın dünyaya gəlməsinə bir ay qalmış cavabdehdən ayrılaraq atası evinə gəlmişdir. Cavabdehlə o zamandan bu günə kimi bir yerdə yaşamırlar, demək olar ki, övladları ilə maraqlanmır və heç bir maddi kömək göstərmir. Hal-hazırda heç yerdə işləmir, maddi cəhətdən ona çox çətindir. Göründüyü kimi birinci uşağa görə aliment zatən var idi. Ona görə də birinci uşaqla bağlı aliment artırılmamışdır. Sual olunur aliment artırıldığı halda X5 münasibətdə nə dəyişib. Təbii ki, dəyişiklik olmayıb. Ailə Məcəlləsinə əsasən 1 uşaq üçün aliment gəlirlərin ¼ miqdarıqda nəzərdə tutulub. 2 uşağın saxlanılması üçün isə bu rəqəm 1/3-dir. Artırma o halda baş verərdi ki, bu rəqəm 2/3 həddində göstərilərdi və ya sabit pul məbləğində artırılardı. Digər tərəfdən isə hazırkı vaxta kimi ikinci uşaq üçün tutulmayan aliment necə artırıla bilər. Məhkəmənin bu sözləri yazmaqda məqsədi qətnamənin qüvvəyə minməsini uzatmaq və guya ki, diqqət göstərib alimenti artırdığını göstərmək olmuşdur. Kollegiyanın nəzərinə çatdırır ki, cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2445/2016 saylı qətnaməsini də icra etməmiş, uşaqların saxlanılması üçün demək olar ki, ona ödəniş etməmişdir. Həmin qətnamə ilə 1 uşaq üçün tutulmuş məbləği hesabladıqda bu rəqəm 200 manat təşkil edir (800 manat əmək haqqı). Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1277/2020 saylı qətnaməsi ilə 2 uşağın saxlanılması üçün tutulmuş məbləğ 266 manat təşkil edir, yəni hər bir uşaq üçün 133 manat. Başqa sözlə əvvəl bir uşaq üçün müəyyən edilən 200 manat aliment azaldılıb 133 manata endirilmişdir. Azərbaycan Respublikasının Prezidenti 2015-ci ildən bu yana yaşayış minimumunu artırılması barədə bir neçə dəfə qanun imzalamışdır. Əgər 2015-ci ildə yaşayış minumumu uşaqlar üçün 108 manat müəyyən edilmişdisə, hazırda bu rəqəm 170 manat təşkil edir. Hamıya bəlli olan bu faktların sübuta ehtiyacı olmasa da, məhkəmə özünü «görməməzliyə» vurmuşdur. Başqa bir tərəfdən, artıq formalaşmış məhkəmə təcrübəsi, yüzlərlə məhkəmə qərarı var ki, cavabdehin gəliri yaşayış minimumundan aşağıdırsa ən azından yaşayış minimumu qədər aliment tutulur. Təəssüf doğuran məqam ondan ibarətdir ki, cavabdehin nə etirazda, nə də məhkəmədəki izahatında demədiyi sözləri məhkəmə dilə gətirərək, ona «yazığı» gəlmiş, uşaqlar iddiaçı ilə olduğu halda, diqqətəlayiqliyi uşaqlara yox, ona etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1277/20 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1277/20 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında nikahın ləğv edilməsi barədə xx.xx.2012-ci il tarixdə qeydiyyat orqanında qeydiyyat aparılmışdır. Onların xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(103)-2445/2016 saylı qətnaməsinə əsasən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı və Cavabdeh arasında alimentə dair bağlanmış xx xxxxx 2015-ci il tarixli saziş etibarsız hesab edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, qeyd edilən məhkəmə qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün artıq aliment tutulduğu halda, iddiaçı hər iki uşağa görə sabit pul məbləğində ilkin alimentin tutulması barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, tərəflərin alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələbi irəli sürmədiyi, qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə münasibətdə xx.xx.2010-cu il təvəllüdlü X5 görə ilkin alimentin yenidən tutulmasını istisna etdiyi halda, hər iki uşağa görə cavabdehin qazancının və (ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyində alimentin ilkin tutulması ilə yanaşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin qanuni əsasları dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1277/20 saylı, qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X7 xx.xx.2020-ci il tarixdən başlayaraq 170 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1277/20 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. X7 xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmasrı üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8029/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8029/2020
01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver