Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-803/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «aliment və əlavə xərc») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4260/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh və X6 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır.
2. Bu nikahdan X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021- ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş X9 Hüquqi Şəxsi 43 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 12863701 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışla müəyyən olunub ki, xx.xx.2020-ci il təvəllüdlü X7 anadangəlmə xəstədir, qeydiyyata alındığı zaman ona “Auq ensefolopatiya” diaqnozu və xx.xx.2021-ci il tarixdən isə “MSS zədələnməsi, ikitərəfli ağır dərəcəli eşitmə azlığı diaqnozu” qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment və hər ay 100 manat uşağın xəstəliyinə görə əlavə xərcin xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, nikaha daxil olduqları ilk illər ailə münasibətləri normal olmuş, lakin son vaxtlar cavabdeh üzərinə düşən valideynlik vəzifələrini icra etməmişdir. Tərəflər arasında nikah pozulmamış, lakin Cavabdeh onun və azyaşlı xəstə uşağının maddi vəziyyəti ilə maraqlanmır, habelə bu ehtiyacları ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Hazırda o, azyaşlı xəstə uşağı ilə birlikdə valideynlərinə məxsus yaşayış sahəsində yaşayır və uşağın bütün ehtiyaclarını valideynlərinin köməyi ilə təkbaşına ödəyir. xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay bir uşağa görə 300 manat aliment və hər ay bir uşağa görə 100 manat xəstəliyinə görə əlavə xərclərdə iştirak tələbi barədə xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təkliflə Cavabdeh müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmiş və bu barədə Bakı şəhərinin 8 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01774 saylı arayış təqdim edilmişdir. Onda olan qeyri-rəsmi məlumatlara əsasən, Cavabdeh təmir-tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və aylıq əmək haqqının məbləği barədə onda məlumat yoxdur. Bakı şəhərinin 43 saylı Şəhər Poliklinikasının pasiyentin xəstəlik tarixindən təqdim etdiyi 12863701 saylı, xx.xx.2024-cü il tarixli çıxarışından təsdiqlənir ki, X3 “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, nitq və dilin inkişafının spesifik pozğunluqları, kvadroplegik spastik serebral iflic və spastik tetraplegiya” diaqnozu ilə qeydiyyata alınmışdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4260/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia tələbinin qismən təmin edilərək xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması; qətnamənin alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməsi; xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində əlavə xərcin bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi; ödənilməmiş 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflərin rəsmi ailə münasibətlərindən bir uşaq doğulmuşdur və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan həmin uşağı yanında saxlayan iddiaçı onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkdiyi üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Digər tərəfdən qanunvericiliyin tələbinə və humanizm prinsipinə görə uşağın mənafeyi valideynin mənafeyindən daha üstün sayılmalıdır. Sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərərflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu baxımdan, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Cavabdehdən alimentin tutulmasına hansı tarixdən başlanmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olduğundan bu qətnamə ilə aliment tutulmasına həmin tarixdən başlanmalıdır. İddia tələbinin növbəti hissəsi cavabdehin uşağın xəstəliyi ilə əlaqədar hər ay 100 manat məbləğində əlavə xərclərdə iştiraka ilə bağlıdır. İş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışından görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-cü il təvəllüdlü X4 “MSS zədələnməsi, ikitərəfli ağır dərəcəli eşitmə azlığı diaqnozu” qoyulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş qərarına istinadla qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Uşaqda olan xəstəliklərin müalicəsi tələb edildiyindən Cavabdeh da birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmalıdır. Bu xərcin məbləği valideynlərin və uşağın ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay 50 manat sabit pul məbləğində müəyyən edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən dəyişdirilərək apellyasiya şikayətinin tam təmin olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddiaçının ondan tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Səhhəti ilə əlaqdar işləyə bilmir, eyni zamanda atası gözdən əlildir, ona görə də atasına qulluq etməyə məcburdur. Uşağı X1 iflicdir, uşağı bir yaşına qədər müxtəlif həkimlərə aparmış, müalicə etdirmiş və çoxlu vəsait xərcləmişdir. Eyni zamanda, 235 manat dövlət tərəfindən hər iki valideynlər üçün nəzərdə tutulmuşdur, yəni o, həmin alimentin yarısı miqdarında aliment ödəmək iqtidarındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-17-7/2-Q46142/2024 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək və məşğulluq” alt sisteminə əsasən xx.xx.2024-cü il tarixə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Azad kənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-70-14/2-553-2024 saylı arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü atası X5 onun himayəsində yaşayır. Azad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi K.Əmənov tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 5-7-14/2- 564-2024 saylı arayışında onun iri və xırda buynuzlu mal-qarası olmadığı öz təsdiqini tapır. Yuxarıdakı əsaslara görə, qətnamə dəyişdirilərək alimentin miqdarı aşağı salınmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1 və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
11. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanun:
«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
12. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:
Minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
13. “Uşaq hüquqları haqqında” Konvensiya:
Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti alimentin tutulması qaydası hissəsində dəyişdirilməsi üçün əsasdır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından alimentin tutulma qaydası istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin tutulma qaydası istisna olmaqla faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılır.
25. Qətnamə yalnız cavabdehin şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Mübahisələndirilən hissə isə müəyyən edilmiş alimentin məbləği ilə bağlıdır. Cavabdeh təmin edilən hissədə aliment məbləği ilə nəyə görə razılaşmadığını apellyasiya şikayətində göstərir və qətnamənin dəyişdirilməli mübahisələndirdiyi hissədə ləğv edilməli olması səbəblərini apellyasiya məhkəməsinin də diqqətinə çatdırır. Ancaq bu da, o demək deyil ki, bu cür vəziyyətdə cavabdeh olan atanın alimentin məbləğinə münasibətdə şikayəti əsaslıdır və təmin olunmalıdır.
26. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
27. Uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
28. Düzdü, hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının tələb edilən yaxud məhkəmənin təmin etdiyi hissədə olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir.
29. Qeyd olunduğu kimi, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci yarımbəndi əlavə edilmişdir. Həmin yarımbəndin tələbinə görə məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin alimenti 235 manat həddində müəyyən etməsi ilə razılaşır. Buna görə də Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində göstərməlidir. Məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 235 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində (345 x 0,68 = 235 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini hazırkı işdə olduğu kimi “xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (345 x 0,68 = 235 manat) sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4260/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni xx.xx.2020-ci il təvəllüdlü X7 üçün alimentin tutulması qaydası hissəsində dəyişdirilməli; xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (345 x 0,68 = 235 manat) sabit pul məbləğində aliment tutulmalı; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4260/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni xx.xx.2020-ci il təvəllüdlü X7 üçün alimentin tutulması qaydası hissəsində dəyişdirilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (345 x 0,68 = 235 manat) sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.