Məhkəmə qərarları › İş №2(103)-805/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-805/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-805/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov küçəsində yerləşən ev 11-ə dəymiş 15704 manat ziyanın və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdeh «Atəşgah" Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (X6) iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-dən 14850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, həmin mənzil 1956-cı ildə inşa edilmiş, əmlak 66 ildir istismar edilir buradan belə nəticəyə gəlmək olar ki, mənzildə tədricən çatlar əmələ gələ bilər. Baxılan halda icra hakimiyyətinin nümayəndələri tərəfindən hansı üsülla 4 bal intensivliyində olan hadisənin əmlakda çatlar əmələ gətirə biləcəyi qənaitinə gəlməsi məlum deyildir. Eyni zamanda qanunvericiliyin tələbindən də görünür ki, baş verən hadisənin sığorta hadisəsi hesab edilməsi üçün təsadüfilik əlaməti olmalıdır. Əmlakın isə tədricən xarab olması sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikasının Seymoloji Xidmət Mərkəzinin Cavabdeh Sığorta Şirkətinə ünvanladığı sorğunu məhkəməyə təqdim etmişlər, həmin Mərkəzin xx.xx.2020-ci il tarixli məktubunda zəlzələ İsmayıllı rayon, İvanovka kəndində 4 bal intensivliyinə qədər hiss olunmuş, bu intensivlikdə hiss olunan zəlzələnin binalara təsiri olmaması bildirilmişdir.

6. Bundan əlavə, məhkəmə ekspert rəyinə istinad edərək, əmlaka dəyən zərər məbləğini 13.950 manat olaraq tanısa da, nəticə etibarı ilə sığorta şəhadətnaməsi üzrə sığorta məbləğindən (15.000 manat) azadolma məbləğini (150 manat) çıxaraq, 14850 manat sığorta ödənişinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsini qət etmişdir. Baxılan halda, qanunvericiliyin tələblərindən də görünür ki, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Məhkəmə ekspert rəyini üstün tutduğu halda, ekspert tərəfindən müəyyən edilən zərər məbləği çərçivəsində iddia tələbini təmin etməli idi. Lakin məhkəmə qanunvericiliyin tələblərini pozaraq, cavabdehin üzərinə əmlaka dəyən real zərər məbləğinin miqdarından çox sığorta ödənişinin verilməsi öhdəliyini qoymuşdur.

7. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi S.Mikayılov apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. MA seriyalı №0364025 nömrəli X3 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur.

11. RAT********** nömrəli, BA № 479722 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2015- xx.xx.2016-cı il tarixlərində qüvvədə olmuşdur.

12. RAT********** nömrəli, BA № 479722 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2015- xx.xx.2016-cı il tarixlərində qüvvədə olmuşdur.

13. RAT********** nömrəli, BA № 750930 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2017- xx.xx.2018-cı il tarixlərində qüvvədə olmuşdur.

14. RAT********** nömrəli, BA№ 946823 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2019- xx.xx.2020-cı il tarixlərində qüvvədə olmuşdur.

15. İsmayıllı rayon İcra Hakimiyyətinin 30 avqust 2019-cu il tarixli, 05/2194 nömrəli məktubundan məlum olur ki, 19 avqust 2019-cu il tarixdə akt tərtib edilmişdir. Aktda əsasən İsmayıllı rayonu İvanovka kəndində xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evə dəymiş zərərlə əlaqədar evin texniki vəziyyətinə vizual baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, evinin birinci mərtəbəsindəki yataq otaqlarının divarlarında zəlzələ nəticəsində nəzərə çarpacaq dərəcədə üfüqi və şaquli təhlükəli çatlar əmələ gəlmiş, evin arxa divarı deformasiya vermiş, döşəmə və tavandan aralanmışdır. Həmçinin kürsü mərtəbəsinin otaqlarının xarici divarlarında və bünövrədə nəzərə çarpacaq dərəcədə çatlar əmələ gəlmişdir. Binanın eni 10.70 m, uzunu isə 16.20 metrdir. Bina mişarlanmış əhəng daşından 1956-cı il tarixdə inşa edilib, dəm örtüyü dalğavari azbest- sement materialdır. Ev yaşayış üçün qəzalı hesab olunur.

16. AMEA-nın nəzdində Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli, 89/74 №-li məktubunda qeyd edilmişdir ki, zəlzələ İsmayıllı rayonu, İvanovka kəndi ərazisində 4 bal intensivliyə qədər hiss edilmişdir. Bu intensivlikdə hiss olunan zəlzələnin binalara təsiri yoxdur.

17. Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 10/1278 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan İsmayıllı RİH başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev, İsmayıllı RİH başçısıaparatının memarlıq və tikinti şöbəsinin müdiri Vüsal Abdullayev, İsmayıllı RİH başçısı aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Elşən Güləliyev, İsmayıllı RİHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəsi İvan Prokofyev və İvanovka bələdiyyəsinin sədri Oleq Radayevtərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən mübahisə predmeti olan İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov Küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsindəziyan dəymişdir.

18. İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymişdir. Həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 13950.0 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülkü Məcəllə:

19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

21. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

24. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. 384.0.3. qətnaməni dəyişdirə bilər;

35. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

36. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

37. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

39. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının Seymoloji Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubunda zəlzələnin İsmayıllı rayon, İvanovka kəndində 4 bal intensivliyinə qədər hiss olunması, bu intensivlikdə hiss olunan zəlzələnin binalara təsiri olmaması barədə bildirdiklərinə, həmçinin evin 1956-cı ildə tikilməsinə istinad edərək, onun həmin müddət ərzində aşınmasının mümkünlüyünə görə sığorta hadisəsinin baş vermədiyini bildirir.

40. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və bildirir ki, İsmayıllı rayon İcra Hakimiyyətinin 30 avqust 2019-cu il tarixli, 05/2194 nömrəli məktubundan məlum olur ki, 19 avqust 2019-cu il tarixdə akt tərtib edilmişdir. Aktda əsasən İsmayıllı rayonu İvanovka kəndində xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evə dəymiş zərərlə əlaqədar evin texniki vəziyyətinə vizual baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, evinin birinci mərtəbəsindəki yataq otaqlarının divarlarında zəlzələ nəticəsində nəzərə çarpacaq dərəcədə üfüqi və şaquli təhlükəli çatlar əmələ gəlmiş, evin arxa divarı deformasiya vermiş, döşəmə və tavandan aralanmışdır. Həmçinin kürsü mərtəbəsinin otaqlarının xarici divarlarında və bünövrədə nəzərə çarpacaq dərəcədə çatlar əmələ gəlmişdir. Binanın eni 10.70 m, uzunu isə 16.20 metrdir. Bina mişarlanmış əhəng daşından 1956-cı il tarixdə inşa edilib, dəm örtüyü dalğavari azbest- sement materialdır. Ev yaşayış üçün qəzalı hesab olunur.

41. Həmin fakt yəni zəlzələ nəticəsində evə zərər dəyməsi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 10/1278 nömrəli ekspert rəyi ilə də təsdiq edilmişdir.

42. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili, yəni məhkəmənin əmlaka dəyən zərər məbləğini 13.950 manat olaraq tanısa da, nəticə etibarı ilə sığorta şəhadətnaməsi üzrə sığorta məbləğindən (15.000 manat) azadolma məbləğini (150 manat) çıxaraq, 14850 manat sığorta ödənişinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinin qərara alınması barədə dəlili ilə razılaşır və aşağıdakıları qeyd edir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

45. Həmin Məcəllənin 898.4-cü maddəsinə görə şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

46. Hazırkı halda rayon məhkəməsi tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyərini təqribən 13950 manat məbləğində müəyyən etsə də, icbari sığorta dəyərindən (15000 manat) 150 manat azadolma məbləği çıxmış, qalan 14850 manat sığorta ödənişinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.

47. Qanunun tələbinə görə azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, yəni 13950 manatdan çıxılmalı idi.

48. Belə olan halda 13950 zərər məbləğindən 150 manat azadolma məbləği çıxılmalı, (13950-150=13800) cavabdehdən sığorta hadisəsinə görə iddiaçının xeyrinə tutulmalı sığorta ödənişi 13800 manat müəyyən edilməlidir. Nəticə:

49. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən sığorta ödənişinə görə tutulan məbləğ 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalı sığorta ödənişinin məbləğ 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar