Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8072/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4272/2023 nömrəli qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4272/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanun Maddə 8.6. Apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. İş materiallarından müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, şikayətinə qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Həmçinin, iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunması üçün əsaslar iş materialları ilə müəyyən olunmamışdır.
7. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə isə tələb alimentdən azad edilmə və aliment borcunun silinməsi barədədir. Göründüyü kimi, hazırki tələblə bağlı iddiaçının qanunvericiliklə dövlət rüsumunun ödənilməsindən azad edilməsi nəzərdə tutulmamışdır.
8. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda bunu etməmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4272/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: