Məhkəmə qərarları › İş №2(103)-8081/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8081/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8081/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra ailə vəziyyəti və xx.xx.2003-cü il təvəllüdlü qızı Gülnarə İsayevanın onun himayəsində yaşadığı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 2016-cı ilin avqust ayından alimentin tutulmasının dayandırılması nəzərə alınmaqla uşaq yetkinlik yaşına çatana qədər cavabdeh Aygün Nuriyevadan onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayevanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdedən 160 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə,iddia təmin edilmişdir. Cavabdeh Aygün Nuriyeva, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci isntansiya məhkəməsi qətnamə qəbul edərkən Konstitusiyanın və Ailə Məcəlləsinin məhkəmə praktikasında ən çox istifadə olunan maddə və anlayışlarına, iddiaçının izahatına istinad etməklə, iş üzrə səthi və birtərəfli qaydada araşdırma aparmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə, nəzərə almamışdır ki, cavabdeh birgə nikahdan doğulmuş sağlamlıq imkanları məhdud uşağa baxır. Ona görə də, təyin olunacaq ailmentin məbləğini ödəməyə imkanı çatmır. Eyni zamanda, işə baxılmasının yeri və vaxtı barədə bildiriş poçt ünvanına daxil olmadığından və digər əlaqə vasitələri ilə ona hər hansı məlumat verilmədiyindən məhkəmə iclasında iştirak edə bilməmiş və nəticədə hüquqlarını məhkəmədə müdafiə etmək imkanından məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehi dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, tərəflər arasında bağlanmış nikahının pozulması, birgə nikahdan doğlumuş xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayeva və xx.xx.2006-cı il təvəllüdlü Əlikram İsayevin anaları Cavabdeh yanında saxlanılması, İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 76 manat olmaqla, cəmi 152 manat məbləğində aliment, eyni zamanda xx.xx.2006-cı il təvəllüdlü Əlikram İsayevin xəstəliyi ilə əlaqədar yetkinlik yaşına çatanadək hər ay 50 manat məbləğində əlavə xərclərdə iştirak payı tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayevaya münasibətdə 2016-cı ilin avqust ayından Cavabdeh ödəməkdən azad edilmişdir. Qətnamədə xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayevaya münasibətdə 2016-cı ilin avqust ayından etibarən atası İddiaçı himayəsində olması müəyyən edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, həmin tarixdən başlayaraq, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü Əlikram İsayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün Aygün Nuruyevanın (İsayeva) xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, 154 manat müəyyən edilmişdir. Hazırda iddiaçı, ondan cavabdehin xeyrinə oğlu xx.xx.2006-cı il təvəllüdlü Əlikram İsayevin saxlanılması üçün aliment və əlavə xərc tutulduğunu, daimi iş yeri olmadığını, ikinci dəfə ailə qurduğunu və bu nikahdan iki uşağının olduğunu bildirərək, cavabdehdən onun himayəsində olan xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, himayəsində olan uşağının sağlamlıq imkanları məhdud olduğundan və heç yerdə işləmədiyindən maddi durumunun aliment ödəməyə imkan vermədiyini bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Kollegiya vurğulayır ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016- cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici, valideynlərin uşaqlarını saxlamağa borclu olmasını müyyən etməklə, valideyn(lər)indən ayrı ayaşayan uşaqlar üçün aliment tutulmasının əsas meyarı kimi, əvvəlcə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, daha sonra isə valideynin ailə və maddi durumunun müsayitliyini müəyyən etmişdir. Başqa sözlə, baxılan işin hallarından uşaqdan ayrı yaşayan valideynin ailə və maddi vəziyyətinin aliment ödəməyə imkan verməməsi ilə bağlı diqqətəlayiq halların olduğu və aliment ödənilməməsinin uşağın əvvəlki təminat səviyyəsinin aşağı düşməsinə səbəb olmadığı müəyyən olunarsa, məhkəmə aliment ödəməli olan şəxsi bu öhdəliyindən azad edə bilər. Bunun üçün isə məhkəmə, yalnız aliment ödəməli olan şəxsin deyil, hər iki valdieynin ailə və maddi vəziyyətini öyrənməlidir. Təsadüfi deyil ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd edilmişdir, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu baxımdan, Kollegiya hesab edir ki, alimentlə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi isə, hazırkı aliment tələbini təmin edərkən, yalnız valideynin aliment ödəmək öhdəliyinə əsaslanmış, yuxarıda qeyd olunanlarla bağlı isə hər hansı araşdırma aparmamışdır. Ona görə də, Kollegiya, rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, işin hallarından görünür ki, saxlanılması üçün aliment tələb edilən xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayeva 2016-cı ilin avqust ayından atası İddiaçı himayəsindədir. İddiaçı həmin vaxtdan hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi xx.xx.2019-cu il tarixədək uşağın saxlanılması xərclərini təkbaşına çəkmişdir. Hazırkı məqamda onun maddi vəziyyətində hər hansı dəyişiklik olması müəyyən olunmur. Belə ki, İddiaçı hazırda daimi iş yeri olmadığını bildirsə də, Kollegiya nəzərə alır ki, xx.xx.2003-cü il təvəllüdlü G.İsayevanın himayəsində olduğu vaxtdan onun rəsmi iş yeri, gəlirləri barədə məlumat yoxdur. İddiaçı da, məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda onun ikinci nikahın olan uşaqları da, xx.xx.2003-cü il təvəllüdlü G.İsayevanı öz himayəsində saxlamağa başladığı tarixdən (2016-cı ilin avqust ayı) əvvəlki tarixdə anadan olmuşlar. Bu hallar ona dəlalət edir ki,İddiaçı maddi durumu himayəsində olan uşağın cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. dair xərcləri onun mənafeyinə uyğun şəkildə qarşılamağa imkan verir. Cavabdeh Aygün Nuriyeva isə, heç yerdə işləmir. Eyni zamanda, iddiaçı ilə birgə nikahından doğulmuş və himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü Əlikram İsayev sağlamlıq imkanları məhdud uşaq olmaqla, daimi müalicəyə və xüsusi diqqətə ehtiyacı vardır. Belə olan halda, Kollegiya qeyd olunanları və tərəflərin ailə və maddi vəziyyətini qarşılıqlı şəkildə təhlil edərək, bu qənaətə gəlir ki, xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayevanın yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabdeh X3 İsayevin xeyrinə aliment tutulması, həm cavabdehin maddi durumu, həm də onun himayəsində olan sağlamlıq imkanları məhdud uşağının mənafeyi baxmından mümkün deyil və bu, xx.xx.2003-cü il təvəllüdlü Gülnarə İsayevanın maraqlarının pozulmasına əsas təşkil etmir. Odur ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, İddiaçı “aliment” tələbinə dair iddiası rədd olunalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5442/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X2 qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar