Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-809/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3 və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5275/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur.
2. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-480/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay hər uşaq üçün 170 manat, xx.xx.2021-ci il tarixdən isə hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. İddiaçı «Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» X14-də işləyir, 415 manat məbləğində əmək haqqı alır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat).
4. Cavabdeh "xxxx" MMC-də təhlükəsizlik xidmətində qoruyucu vəzifəsində işləyir, 340 manat əmək haqqı alır ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış, elektron məhkəmə sistemindən əldə edilmiş məlumat).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixdə doğulmuş X8 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2015-ci il tarixdə doğulmuş X8 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Alimentin məbləğinin artırılmasını zəruri hesab edir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 oktyabr 2022-ci il tarixli 2(008)-5275/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin maddi vəziyyətində nəinki dəyişiklik olmamış, hətta maddi vəziyyəti pisləşmişdir. Belə ki, tərəflərin izahatlarına əsasən nikah pozularkən onun əmək haqqı 450 manat olduğu halda hazırda 340 manatdır. İddiaçının maddi vəziyyəti cavabdehə nisbətdə daha yaxşıdır, nikah pozularkən iddiaçı uşaqları ilə kirayədə qalsa da, hazırda öz evlərində qalırlar. Bundan başqa, iddiaçı alimentin artırılamısının zərurəti barədə də məhkəməyə sübutlar təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Hazırki şəraitdə onun bütün xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün deyildir. Uşaqlar böyüdükcə tələbatları da artır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
14. Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdehin maddi vəziyyətində nəinki dəyişiklik olmamış, hətta maddi vəziyyəti pisləşmişdir.
29. Elektron sistemdən çıxarışdan da görünür ki, cavabdeh 340 manat əmək haqqı alır. Hazırki vəziyyətdə qanunvericiliyin tələbinə uyğun olaraq alimentin artırılmasına imkan verən hal, yəni cavabdehin maddi vəziyyətinin yaxşılaşması yönündə dəyişiklik baş verməsi müəyyən edilməmişdir. Ona görə də alimentin artırılması əsasları yaranmamışdır.
30. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətində qeyd olunanlar qətnamənin ləğvinə əsas vermir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5275/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.